"Qarabağa yaz gələcək" - FOTO

12 марта 2016 15:45

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.

Day.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Xocavənd rayonu nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azıx və Tağlar mağaraları, neçə-neçə arxeoloji və memarlıq abidələri, alban kilsələri, köhnə qəbristanlıqlar, pirlər, ocaqlar zaman-zaman dünya səyyah və arxeoloqlarının diqqət mərkəzində olub. Keçmiş Sovetlər İttifaqı ərazisində ən qədim abidə Xocavənd rayonu ərazisində idi. Rayon 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılıb. Bu ad rayon ərazisindəki Qaranlıq dağından götürülüb. Lakin XIX əsrin sonlarında bura köçürülmüş ermənilərin hesabına rayonda onların sayı çoxaldılıb, azərbaycanlılar sıxışdırılaraq öz doğma yurd yerlərindən zorla çıxarılıblar. Ermənilər burada məskunlaşdıqdan sonra rayon Nijni Qaranlıq, Cüməbazarı, Xonaşen, Martuni adlandırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə rayonun adı Xocavənd, yəni "Xocalı nəsli" kimi rəsmiləşdirilib.

1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşublar. Xocavənd 146 nəfər şəhid verib. 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub. 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda erməni vəhşiliyinin qurbanı olub, bir ailədən 3 uşaq hər iki valideynini itirib. Azərbaycanlılar yaşayan 10 kənd tamamilə dağıdılaraq viran edilib. Bütün bunlara baxmayaraq, xocavəndlilər ruhdan düşməyib, ümidləri qırılmayıb, Xocavəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İndi Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər. Xocavəndlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar.

Bütün bunlar barədə yeni salınmış Xocavənd qəsəbəsində "Qarabağa yaz gələcək" devizi altında keçirilən ordu ilə xalqın birlik bayramında geniş söhbət açılıb.

Bayraq meydanına doğru irəliləyən yürüş iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ulu öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Bayraq meydanına toplaşan böyük izdiham Müdafiə Nazirliyi rəsmilərini, millət vəkillərini, ayrı-ayrı rayonlardan gələn Xocavənd uğrunda döyüşlərin iştirakçılarını, müharibə veteran və əlillərini alqışlarla qarşılayıblar.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbir Xocavənd rayonu tarixində əlamətdar hadisə, ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılarda tezliklə Qarabağa yaz gələcəyinə böyük inam aşılayıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri "Azərbaycan fanfarası"nı ifa edib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, rayon Mədəniyyət və Turizm, Təhsil şöbələri birləşmiş özfəaliyyət kollektivlərinin, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən tetrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi böyük coşğu ilə qarşılanıb.

Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları və tədbir iştirakçılarını salamlayıb. Novruz bayramı ərəfəsində belə bir kütləvi vətənpərlik tədbirinin çox böyük əhəmiyyət kəsb etdiyini, bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu vurğulayıb və tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, millət vəkillərindən Elman Məmmədov, professor Xanhüseyn Kazımlı, birlik komandiri polkovnik Mais Bərxudarov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və başqaları çıxış edərək Azərbaycan ordusunun güc və qüdrətindən, xalqın daim öz ordusuna arxa-dayaq olmasından və hər gün atəşkəs rejiminin pozulmasına baxmayaraq Vətən müdafiəçilərinin xalqımızı xoş xəbərlərlə sevindirdiyindən qürur duyduqlarını bildiriblər.

Vizual görüntülərlə müşayiət olunan ordu ilə xalqın birlik bayramında bir-birindən maraqlı ədəbi-musiqili kompozisiyalar, etnoqrafik lövhələr, ordu həyatından səhnələr canlandırılıb.

Bir qrup Qarabağ müharibəsi veteranı və hərbi qulluqçu Müdafiə Nazirliyinin hədiyyələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai" medalı ilə təltif olunub.

Tədbirin sonunda bütün iştirakçılar Heydər Əliyev ideyalarına, Vətənə, xalqa, dövlətə sadiq və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa etməklə bir daha bəyan ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.