Hamı bədbin və həyəcanlıdir: Bəs axırı necə olacaq?
İyun ayının 20-də Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin sammiti keçiriləcək. Görüşün keçirilməsində isə məqsəd, təbii ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.
Qeyd edək ki, mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi A.Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüş keçirilib.

Vyana görüşü əslində birbaşa münaqişənin həllinə yox, onun həlli üçün lazımi müsbət mühit yaratmaq və danışıqları başlamaq məqsədilə təşkil edilmişdi. Bu məqsədə də nail olundu. Əvvəla qərar verildi ki, danışıqlar bərpa olunur, ikincisi, prezidentlərin iyun ayında keçiriləcək görüşünün anonsu verildi.

Nəzərə almaq lazımdır ki, sülh danışıqları Azərbaycanın tələbi ilə hansısa ümumi prinsiplər ətrafında yox, substantiv, yəni mahiyyət üzrə, konkret olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına gətirib çıxaracaq sazişin imzalanması üzrə bərpa olunub.
Təbii ki, əgər danışıqlar bərpa olunursa, onun üçün əlverişli mühit yaradılmalı idi. Son ay yarımda cəbhədə nisbi sakitliyin müşahidə edilməsi də bu mühitin yaradılmasına hesablanıb.
Məhz bunları nəzərə alaraq demək olar ki, əgər Vyana görüşündə tərəflərin hansısa sazişi imzalamasını gözləmək absurd idisə, növbəti görüşlərdən belə bir gözləntinin olması artıq məntiqlidir.

Lakin Ermənistan hakimiyyətinin nümayəndələri ölkəni sülhə hazırlamaqdansa, yenə də Azərbaycanın ünvanına aqersssiv bəyanatlar səsləndirməkdə, hərbi ritorika dilində danışmaqda davam etdilər. Nəinki danışdılar, hətta hərbi potensialın artırılması istiqamətində konkret addımlar atdılar. Bundan əlavə, ermənilər danışıqların gedişini pozmaq üçün ona Dağlıq Qarabağdakı erməni separatçı-terrorçu rejimin də qoşulmasının vacibliyinə dair fikirlər səsləndirməyə başladılar. Bu azmış kimi bir neçə gün öncə isə bildirdilər ki, Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi təxirə salınır, çünki vasitəçilərin lazımi qədər maliyyə vəsaitləri yoxdur.

Ermənistanın "Aykakan Jamanak" qəzetinin yazdığına görə, Ermənistan rəhbərliyi bu mexanizmlərin tətbiq olunmamasından narahatdır: "Buna görə də iyunun 20-də Sankt-Peterburqda baş tutacaq Sarkisyan-Əliyev-Putin görüşündə çətin ki, hər hansı bir irəliləyişə nail olunsun".
Mütəxəssislər hesab edirlər ki, aprel döyüşlərindən sonra əldə edilmiş atəşkəs və danışıqlar arası Ermənistana nəfəsini dərməyə və güclənmək üçün vaxt udmağa xidmət edib. Bundan əlavə, gözlənildiyinin əksinə olaraq, nə Rusiya, nə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Rusiya, nə də ATƏT-ə sədrlik edən Almaniya tərəfindən Ermənistana Azərbaycan torpaqlarını işğaldan azad edilməsinə dair təzyiq göründü. Ən azından bu ölkələrin heç bir dövlət rəsmisi tərəfindən bununla bağlı Ermənistana qarşı sərt təpkili fikir və ya bəyanat səslənmədi. Bu azmış kimi, ATƏT və Minsk qrupunun digər həmsədləri Sankt-Peterbuq görüşünün onlara heç bir aidiyyatı olmadığını əsas gətirir və bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışırlar.

Lakin onlar bir şeyi unudurlar ki, nə Azərbaycan hakimiyyəti, nə xalqı atəşkəsin nəticəsiz bərpa olunmasına və danışıqların əbədi olaraq müddətsiz aparılmasına razılıq veriblər. Bu razılıq ən qısa zamanda konkret nəticənin göz önündə olması şərtilə verilib.
Qeyd edim ki, 1994-cü ildə atəşkəsə dair qəbul olunmuş protokola əsasən, münaqişənin bitməsi ilə bağlı 10 gün müddətində saziş imzalanmalı idi. Amma bu bənd elə söz olaraq qaldı və sazişdən də indiyədək xəbər-ətər yoxdur.
Lakin bu dəfə vəziyyət 22 il əvvəlkindən kökündən fərqlənir. Bundan sonra danışıqlar olacaqsa, tezliklə saziş də olmalıdır. Saziş olacaqsa, atəşkəs də olacaq, ermənilər də haqqın yoluna dönməklə rahatlaşacaqlar, onların himayədarları da rahat nəfəs alacaq. Əks halda, onların hamısının kabus dolu yuxuları gerçəyə çevriləcək...
İlkin İzzət
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре