Flora Kərimova: “Qadın çox böyük səhvlər edir” – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanın xalq artisti Flora Kərimovanın Milli.Az-a müsahibəsi.
- Flora xanım, necəsiniz?
- Yaxşıyam oğlum. Əhval-ruhiyyəm səhərdən ürəkaçan idi, Siz də gəldiz lap əla. Düşünürəm ki, bu həftəm gülər üzlə başlayıb, gülər üzlə də bitəcək, çünki siz bizim evə gülər üzlə gəldiniz.
- Flora xanım, bir az birtəhər də səslənsə, amma bu sualı verəcəyəm...
- Olsun, bütün təhərlərə cavab verməyə hazıram!
- Sizdən nə istəyirlər?
- Ay... Deyim sizə... Min nəfərə bir dərd varsa, o da gəlib tapar məni, yer üzündə bir it varsa, gəlib tapıb, qapar məni! Məndən mənim səsimi istəyirlər, məndən mənim taleyimi istəyirlər. Məndən insanlara olan hörmətimi, ehtiramımı, qabiliyyətimi istəyirlər. Bir şey var da, oğlum, Tanrı onlara bu xüsusiyyətləri verməyibsə, məndən bunun acığını niyə çıxırlar? Əgər Tanrı özü seçibsə, məndən niyə küsürlər? Əgər Tanrı özü mənim başımı sığallayırsa, nə üçün onlar məni qınayırlar? Yaradan deyirik biz ona, Yaradan istədiyini yaradır, istədiyi qisməti verir insana. Mənim həyatım əzablı olub uşaqlıqdan. İndi başa düşürəm ki, bu əzablar məni bir insan kimi püxtələşdirib, şəxsiyyət kimi formalaşdırdı.
- Siz həm də Leyli rolunu oynamısınız. Məcnun rolunda tərəf müqabiliniz isə ilk dəfə Arif Babayev idi. Neçə dəfə Leyli obrazında səhnəyə çıxdız və kimlərlə?
- Ancaq Ariflə. Eyni tərkib idi. Leyli obrazını 9 dəfə oynadım. Daha sonra imtina etdim...
- Nəyə görə?
- Çünki mənim öz səsim lirika-koloratur
- Siz həm də Azərbaycanın ilk qadın müğənnisisiniz ki, filmdə rol almısız...
- (Təəccüblənir) Hə? Yadımdan çıxıb, burada da ilkəm? Ay aman, nə yaxşı?! Bilirsiz, mən müstəqil Azərbaycanın ilk xalq artistiyəm. Bilmirdim, oğul, mən onu. Mənə dedilər, sonra əzbərlədim. Ay oğul, bunu çoxdan deyəydiz, mən də əlimdə bayraq edəydim (gülür)...
- "Mehman" filminə necə dəvət aldınız? Və nə üçün filmdəki səs sizin səsiniz olmadı?
- Azərbaycanın xalq artisti Əminə xanım Yusifqızı gözəl dublaj etdi. Behişlik olmuş Muxtar müəllim Dadaşov hətta mənə mahnı da vermədi. Düzdü, mənim də ağlıma gəlmədi ki, ona deyim bir mahnı oxuyum. Biləndə ki, çəkilirəm həmişə soruşurdular "oxuyacaqsan?"..
Ancaq bir dəfə soruşdum, çox suallar olurdu, o suallardan yaxa qurtarmaq istəyirdim. Dedi: "Mən istəyirəm ki, sizə maraq aktrisa kimi olsun, müğənni kimi yox". Sonra çox peşman oldu. Bəlkə də, o ifamda aktrisalıq daha yaxşı olardı. Bu yalnışlığı Muxtar müəllimin doğma qardaşı Soltan Dadaşov hamarladı, məni Leyli roluna dəvət etdi.
- Ondan sonra nə üçün filmlərdə bir daha sizi görmədik?
- Ondan sonra şəxsi həyatımda itkilərim oldu, həyat yoldaşımı itirdim və mən qısıldım, deməzdim sındım, tənhalığımı hiss etdim. Mən dərdimi hansısa bir əyləncədə unutmağa çalışmadım. Niyə? Dərdli vaxtlı əyləncəyə üz tutanda, əl atanda, xüsusən qadın çox böyük səhvlər edir deyə, mən dərdimin içində qaldım, özümü qorumaq üçün.
- Flora Kərimovanın bilinməyən cəhətlərini bizə deyərdiniz. O, əslində necə biridir?
- Heç deyərəmmi, demərəm! Heç bilmirəm! Yəni mənim bilinən tərəflərimi bilirəm ki, bilinməyən tərəflərimi də bilim?! Bircə onu bilirəm ki, övladlarım mənə deyir: "Mama, kakaya ti smeşnaya" ("Ana, sən necə də gülməlisən" - red.). Mən də açığı bilmirdim "kakaya ya smeşnaya" ("mən necə də gülməliyəm" - red.). Ümumiyyətlə, yumor mənə atamdan gəlib. Mən kobud zarafat əleyhinəyəm və cavanlara da məsləhət görmürəm. Çünki dost dediyin insandan umacağın olur, - paklıq, təmizlik, xəfiflik, ürəyə dəyməmək, səni başa düşüb, səni qorumaq, sənin dünyanı qorumaq. Əgər siz bir yerdəsizsə, dünyalarınız da qovuşur. Və dünyalarınız barışırsa, deməli, xasiyyətləriniz də barışır. O dünyanı kobud bir zarafatla dağıtmaq asan olar, dağıdanda da onu bərpa etmək mümkün deyil... Həmişə xətrinizə dəyən köntöy söz sizi incidir, ağrıdır və xəyallardan oyadır. İndi görün, kobudluq dostluğunuza dəyərmi?!
- Növbəti sualım sizin ədəbi dilə olan münasibətinizlə bağlıdır. Yadımdadı, musiqi yarışmalarının birində canlı efirdə bərk əsəbləşdiz...
- Oğul, dilimə hörmət, sizlərə hörmət! Mən başa düşə bilmirəm niyə cavanlar utanırlar sözü düz tələffüs etməyə. Biz Nizami ilə, Füzuli ilə öyünürük, biz ədiblərimizlə, yazıçılarımızla öyünürük, yaşadırıq, onların ünvanına nə isə deyiləndə özümüzü öldürürük. Bu qeyrət, namus anlayışıdır!.. İntellektindən asılı olmayaraq və ən önəmlisi dilinə hörmətsizlik o sözləri işlədən millətinə, alimlərə, elinə və bütövlüklə varlığına hörmətsizlikdir. Ona görə mən özümü öldürürəm. Vərdiş çox pis şeydir. İnsan dərk etməyənə qədər o, öz dilini yaralayır, dil də inciyir, mədəniyyət də inciyir.
- Sizinlə bir dəfə söhbətdə demişdiniz ki, "Mənim mənim" mahnısı sizi düz 7 il gözləyib.
- Bəlkə də çox...
- Bəs belə mahnılar sırasında başqaları var?
- Var. Elə mahnıların növbəsində Elçin İmanovun, Nuranın mahnıları da var. Elə mahnılar var ki, onlara həm mənəvi, həm də fiziki hazırlaşmaq lazımdır. Vaxtım yox idi.
- Bəzi cizgi filmlərində də səsinizi eşitmişik. Misal üçün "Tıq-tıq" xanım...
- Bəzi yox, 99 %-ni mən oxumuşam. Və ifam obraza uyğun səslənirdi. "Tıq-tıq"ı da əlimdən qəşəng-qəşəng almaq istəyirdilər, alınmadı. Bəlkə də, yaradıcılığımda yeganə mahnıdır ki, davasını etdim və axıra qədər çatdırdım. Ümumiyyətlə, son vaxtlar qəribə bir tendensiya yaranmışdır, hələ diri ikən səsimə sahib çıxanlar tapılırdı. Bir müğənni dedi ki, "Məlikməmməd"də mahnıları o oxuyub, o birisi dedi ki, "Qaynana"da o oxuyub, sonra da "Tıq-tıq xanım" çıxdı ortalığa. Mən bunun qarşısını almasaydım, bəlkə də mənim bir müğənni kimi mövcud olduğumu şübhə altına alardılar. Bilirsiz, gözlərim bərələ-bərələ qaldı. Belə asanlıqla mənim mülkümdə, bioqrafiyamda olan, məni ucaldan mahnılarıma sahib çıxırdılar. Və təəccüb ediləsidir ki, mən hələ sağ ikən bunu edirlər, yoxluğumdan sonra nə olacaq? Heç nəyə baxmırdılar. "Məlikməmməd" filmində o qədər mənim spesifik səsim vardı ki, ona xalq mahnısı oxuyan müğənni yiyə duranda əlim üzümdə qaldı. Mən çox şeyi görmüşəm. Həyatım belədir. Ancaq bu dərəcədə ağ edənləri dayandırıb, susdurmaq lazım idi. Yumruğumu vurdum, bütün ifalarımı özümə qaytardım.
- Bu gün sənətdə əsl sənətkar kimi və ya kimləri görürsünüz?
- Mənim görməyim önəmli deyil, millət kimi görür o qalır, millət kimə inanır o qalır. Millət kimin səsini, sənətini qəbul edirsə, o qalır. Millət hamını tanıya bilər, çoxları da dəbdə ola bilərlər. Ancaq seçmələr var, bax onlar qalırlar, sənətkarlar! Gözləməyin deyəcəm ki, mən də varam (gülür)!
Böyütmək üçün şəkillərə klikləyin.





Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре