Dəniz Səki: "Həbsxanada musiqiyə həsrət qalmışam"
.jpg)
Day.Az представляет новость на азербайджанском языке
Deniz Seki: "Dörd divar arasında ümid insanın hər şeyidir"
Türkiyənin tanınmış sənətçisi olan Dəniz Səki narkotik satmaq ittihamı ilə 11 aydır ki, cəzaçəkmə müəssisəsindədir. Xatırladaq ki, o, bundan bir neçə il əvvəl də yeddi ay yarım dustaq olub. "Hürriyyət" qəzetinin müxbiri hazırda Bakırköy qadın həbsxanasında cəza çəkən ifaçı ilə görüşüb. Qurban bayramı günlərində baş tutan görüşdə müğənni heç kimə bayramı həbsxanada keçirməyi arzulamadığını bildirib.
Məni xilas edin
- Sual etməyə belə çəkinirəm - nə qədərdir ki, buradasınız?
- 2014-cü ilin 16 noyabrından həbsxanadayam. Haradasa bir il olar ki, burada çürüyürəm.
- Bundan öncə də yeddi ay yarım həbsxanada olmusunuz. Nəyin cəzasını çəkirsiniz?
- İnanın ki, mən də bilmirəm... Məsələyə hansı aspektdən baxsanız, hüquqsuzluq, ədalətsizlik görəcəksiniz. Mənim burada olmağımın səbəbi ədalətsizlikdir. İnsanlar məni günah keçisi elan ediblər. Həbsxanadan çıxacağıma günün xəyalını qurub həyata tutunuram. Əslində vəziyyətim o qədər də ürəkaçan deyil.
- Eşitdik ki, Konstitusiya Məhkəməsi sizin işinizə yenidən baxmağı rədd edib.
- Bəli. Burada olduğum müddət ərzində heç nəyə təəccüblənməməyi öyrəndim. Ədalətə qarşı çox kinliyəm. Yenidən məhkəmə qarşısına çıxmaq istəyirdim. "Üzərimə atılan iftiralarla mənim illərimi, ömrümü əlimdən almayın" - deyərək Konstitusiya Məhkəməsinə müraciət etdim. Dünənə qədər maraqla məhkəmənin qərarını gözlədim. Bilirsinizmi, bu dörd divar arasında ümid insanın hər şeyidir. Qolum-qanadım o qədər qırılıb ki, artıq hər şeydən yorulmuşam. İndi ümidlərimi də irəliyə doğru daşımaq lazımdır.
Əslində çox yalnızam
- Bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəksinizmi?
- Əlbəttə müraciət edəcəm. "Dünya fırlanır" sözlərinə görə məhkum edilən Qalileyin dediyi kimi, "Günahsızlığımı hayqırıram. Dünya hələ dönür. Nə edirsinizsə edin, mən günahsızam". Burada illərimi çürüdəcək qədər bir günah işləməmişəm. Məni xilas edin.
- Ən pis halda, sizin buradan çıxacağınız gün nə vaxtdır?
- 2017-ci ilin iyununda.
- Yəni, ilyarım vaxtınız var. Bir il dustaq olduqdan sonra yerdə qalan budurmu?
- Bəli. Sərbəstlik verilərsə, 2016-cı ilin iyununda çıxa bilərəm. Məsələ burasındadır ki, bu mənim günahımla bağlı deyil, bu bütün məhkumları maraqlandıran bir vəziyyətdir.
- Dəniz xanım, cəza evində bu, neçənci bayramınızdır?
- 2014-cü ildən hesablasaq, artıq ikinci bayramımdır. Bir də Yeni ili cəza evində qarşıladım.
- Sizi burada ayaqda tutan nədir?
- Məni burada həyata bağlayan sevənlərimin mənə olan etibarıdır. Sevənlərim üzərimə atılan iftiranın qara PR olduğuna inanır. Mənə yüzlərlə məktub göndərirlər. Onların sevgisi olmasaydı, mən heç zaman ayaqda qala bilməzdim. Pis günümdə mənə dəstək olan, öz sevgilərini yazan bütün sevənlərimə təşəkkür edirəm. Və buradan səslənirəm ki, nə olar, yazmağa davam edin. Onların məktubları susuz səhrada insana təqdim edilən su kimidir.
- Cəza evində bayram necə keçirilir?
- Burada bayramlar çox kədərli keçir... Analar, uşaqlar, həyat yoldaşları bayramı göz yaşları ilə qarşılayırlar. Bayrama hazırlaşan qadınların hamısının makiyajları göz yaşları ilə birlikdə axır. Edip Cansevərin bir sözü var: "Baxmayın ki ətrafımda çox insanlar var. Əslində mən çox yalnızam". Bizim bayramlar da elədir. Mən də hər bayram burada tək-tənhayam.
- Cəza evində gününüz necə keçir?
- Hər gün saat 08:00-da dururuq. Sonra sayım üçün dəhlizə çıxırıq. Kameraya geri dönüb, işimizlə məşğul oluruq. 18:00-da yenidən axşam sayımı var, ona hazırlanırıq. 19:30-da qapılar bağlanır, hər kəs öz otağına çəkilir.
- Sizə burada güzəşt olunurmu?
- Xeyr. Mətbuatda qara PR-la məşğul olan jurnalistlər yazırlar ki, guya mənə cəza evindən güzəştlər olunur. Ancaq burada mənə heç bir güzəşt edilmir. Hətta əməliyyat olandan sonra həkimlər bildirdi ki, mən yeriməliyəm. Ancaq koridora belə çıxa bilmədim. Kiçik bir otaqda yeriməyə çalışdım.
- Burada musiqi dinləyə bilirsinizmi?
- Cəza evində musiqi səsinə həsrət qalmışam. Təəssüflər olsun ki, musiqi dinləyə bilmirəm. Ən çox da musiqiyə susamışam. Kaş ki, qulaqcığımı taxıb hər hansı bir musiqi səsi eşidəydim. Təkcə televiziyamızda musiqi kanalı olaraq Kral TV tutur.
Var gücümlə bağıracağam
- Sağlamlığınız nə yerdədir?
- Hazırda özümü yaxşı hiss edirəm. Ancaq bura insanın ömrünü yeyir. Kədərimiz bir növ sağlamlığımıza təsir edir.
- Cəza evindən çıxdıqdan sonra nələr etmək istəyirsiniz?
- Qollarımı geniş açıb göy üzünə qarşı var gücümlə bağıracağam. Avazım çıxdığı qədər azadlığa meydan oxuyacağam. Sonra torpağımı öpəcəyəm. Biz burada torpaq görmürük. Hər tərəf betondur. Sevdiyim insanların yanına gedəcəyəm, onlara sarılacağam. Dəniz üçün çox darıxmışam. Dənizin kənarında yol tükənənə qədər getmək istəyirəm. Dostlarımla insan kimi söhbət etmək üçün çox darıxmışam.
Sənətçi xaricdə yaşamağı üstün tuta biləcək son insandır
- 2014-cü il mayın 30-da haqqınızda həbs qərarı çıxdıqdan sonra 6 ay gizləndiniz. Maraqlıdır, bu altı ay müddətində nələr etdiniz?
- Günahkar olan qaçar. Mən günahsız olduğuma o zaman da inanırdım və sonuna qədər də inanıram. Bir müddət məhkəmənin qərarını gözlədim. Gizləndiyim 6 ay boyunca da düşündüm ki, bu işin bir xilas yolu olmalıdır. Heç kimlə əlaqə saxlamırdım. Özlüyümdə "günahsızam, belə bir şey ola bilməz" deyirdim. O, 6 ay müddətində mən polislərdən, cəza evindən qaçdım. Çünki bu lənət olası yerə ikinci dəfə girməyin ölümdən betər olacağını bilirdim. Ancaq buna baxmayaraq, vətəndən kənara qaçmağı qəbul etmədim. Çünki günahsız idim. Əlbəttə, bu müddət ərzində qaça bilərdim. Cibimdə 10 illik vizalarım var idi. Qaça bilmədim. Qaçmadım... Etmədim... Ölkəmi tərk etmək mənə yaraşmazdı. Çünki mən bu ölkənin, bu cəmiyyətin sənətçisiyəm. Bu torpaqların ruhu ilə musiqi bəstələyirəm. Sənətçi xaricdə yaşamağı üstün tuta biləcək son insandır.
- Dəniz Səkinin üsyanı hələ də bitmir...
- Ədalətin mənə üzr borcu var. Çünki illərdir çalışaraq qazandığım adımın qarşısında mənə heç yaraşmayacaq titullar yazıldı. Mən nə etdiyimi yaxşı bilirəm. Hər hansı bir günahı işləmək insanın öz əlindədir. Ancaq məhkum olmağınız sizin əlinizdə deyil. Burada zaman-zaman hüquq və ədalət arasındakı fərqi düşünürəm. Qərar verilərkən hakim dedi ki, "Yanındakı dostlarınla paylaşmısan. Bu, hüquqda təmin etmək deməkdir. Təmin etmək isə ticarətdir". Ancaq təmin etməkdə günahlandırıldığım digər insanlar azadlığa çıxdılar. Nəticədə həyatı boyunca heç bir şey istifadə etməyən biri - mən təmin etməkdən yana cəza aldım. Təmin etmişəm? Yaxşı, kimi, nə zaman etdim? Sual edirəm. Bu gün qaldırılmış olan qərarlara yox, məhkəmələrə güvənirdim. Mənim kimə nə zərərim olub ki? Artıq öz dərdimə yanmıram. Bu müddət ərzində ən çox mənə təsir edən sürücümün tutulmağı oldu. Çünki onun heç bir günahı yox idi. Mənə görə o, beş il cəza aldı. Buna görə vicdanım rahatlıq tapa bilmir.
- Sizi ən çox ziyarət edən sənətçilər kimlərdir?
- Mənə hər həftə sonu digər cəza evlərindən, pərəstişkarlarımdan məktublar gəlir. Hamısına bacardığım qədər cavab verməyə çalışıram. Demək olar ki, şou aləmindən əksər sənətçilər məni görməyə gəlib. Sağ olsun Gülben Ergen, çox dostcanlı biri çıxdı. Hər həftə sonu mənim ziyarətimə gəlir.
Evlərimi satmaq məcburiyyətində qaldım
- Maddi vəziyyətiniz necədir?
- Bir ildir ki, cəza evindəyəm. Bildiyiniz kimi, ondan əvvəl də cəza evində yatmışam. Üst-üstə hesablayanda artıq iki ildir ki, buradayam. Mənəvi olaraq ədalət deyilən şey mənim yeddi ilimi əlimdən aldı. Həyatımın ən qiymətli yeddi ilini... Bu müddət ərzində maddi və mənəvi cəhətdən çox əziyyət çəkdim. Hazırda əlimdə qalan yeganə şey nişanlım Farukdur. İki evim vardı, onları satmaq məcburiyyətində qaldım.
- Burada nəyə ehtiyacınız var?
- Burada gecə həkimi yoxdur. Bu cəza evində 900 insan var. Ancaq gecələri növbə çəkən bir həkim, tibb bacısı yoxdur. Birinin başına hadisə gəlsə, təcili yardım çağırırlar. Biz həkim istəyirik. Bir də idman zalı. Təəssüflər olsun ki, idman etmək üçün burada heç bir şərait yoxdur.
- Dostlarınız "Həyat, iki bilet" mahnınıza klip çəkdilər. Onu izlədinizmi?
- Buradan hamısına çox təşəkkür edirəm. Mən də yeni bir klip çəkmək istəyirəm. Ancaq necə edəcəyimi bilmirəm. Albomumda yer alan 3 mahnıdan birini tamaşaçılar seçəcək, həmin miahnıya klip çəkəcəm. "İz" albomum yetim qaldı. Mən o albomu tamaşaçılarıma əmanət verdim.
- Eşitdik kitab yazırsınız.
- Bəli. Hətta bitirmək üzrəyəm. Yaşadıqlarımı bir-bir danışmaqdansa, onu yazmağa üstünlük verdim. Narkotik istifadə edən hər kəsin cəza evində qaldığı yer 10 addım eninə, 21 addım boyuna beton otaqdır. Belə bir yerdə yaşayan insan üçün azadlığın nə olduğunu izah etmək çox çətindir. Mən buradan sadəcə göy üzünü görürəm.
- Hazırda ən böyük arzunuz nədir?
- Oktyabrın 29-na qədər sərbəst olmaq istəyirəm.
Dua edirəm ki, bir möcüzə olsun
- Nə üçün oktyabrın 29-u?
- Oktyabrın 29-da qardaşım Sərdarın övladı dünyaya gələcək. Həyatımda ilk dəfə xala olacağam. O, uşaq ailəmizə gələn ilk övladdır. Tez-tez dua edirəm ki, bir möcüzə olsun, həmin günə qədər azadlığa çıxım. Övladımızı qucağıma almağı arzulayıram.
- Burada öyrəndiyiniz ən önəmli şey nə oldu?
- Qiymətli kəlməsinin nə qədər qiymətli olduğunu kəşf etdim. Hər şeyin çox qiymətli olduğunu öyrəndim. Düşdüyün vəziyyətə kədərlənirsən, amma burada yaşananları gördükdən sonra öz halına şükür edirsən. Mən burada valideynlərini, övladlarını itirən qadınların ah-naləsini gördüm. Qadınlar azadlıqda olan övladlarının intihar xəbərini eşidirlər. Dəhşətlidir...
- Buradan çıxdıqdan sonra necə bir insan olacaqsınız?
- Bambaşqa bir Dəniz olacağıma əminəm. Burada yaxşı insan olmağın nə demək olduğunu hər zamankından daha yaxşı anladım.
- Cəza evində insan öz daxili aləmi ilə baş-başa qaldığı üçün dinə yönəlir. Bəs sizdə necə, belə hallar baş verdimi?
- Əlbəttə, bura ibadətxanadır. Burada özünlə, Allahla baş-başa qalırsan. Hər gün dua edib, namaz qılıram. Gündəlik iki rükət şükür namazı qılıram. Əvvəllər namaz geyimimlə məni görəndə çox təəccüblənirdilər. Deyirdim ki, nə üçün təəccüblənirsiniz? Müğənniyik deyə bizim Allahımız yoxdurmu?
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре