Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb - FOTO
Bolqarıstanın nüfuzlu Cross Xəbər Agentliyinin internet səhifəsində və "Standart" qəzetində "20 Yanvar - Azərbaycan xalqının qan yaddaşı" başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə Qanlı Yanvar hadisələri Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xarakterizə edilir.
1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra qondarma Dağlıq Qarabağ problemi ortaya atılması, 1988-ci ilin fevralında Vilayət Xalq Deputatları Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi barədə qərarı, bu qərarın Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarının bir qisminin işğalına yönəldiyi barədə qeyd edilir.
Məqalədə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə SSRİ rəhbərliyi tərəfindən "yaşıl işıq" yandırılması, DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, bu hadisələr fonunda ölkədə baş qaldırmış ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusunun beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətməsinə geniş yer verilir.
Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək "Udar" adlı əməliyyatı həyata keçirmiş, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilmiş və 744 nəfər ağır xəsarət almışdır. Bu hadisə müasir Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olmuşdur.
Məqalədə qanlı hadisənin səhəri günü - 21 yanvar tarixində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etməsi, bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirməsi, Heydər Əliyevin bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etməsi barədə məlumat verilir.
Xəbərdə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapması barədə qeyd olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilmiş və 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir.
Məqalədə 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsinin zəruriliyi vurğulanır, bütün bu faciələrin əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları və Azərbaycan xalqına qarşı təcavüzünün durduğu bildirilir.
Sonda qeyd olunur ki, müzəffər Azərbaycan Ordusunun Vətən Müharibəsində qələbəsi otuz il davam edən işğala son qoydu və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları əzəli sahiblərinə geri qayıtdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре