Ermənistanın törətdiyi atəşkəs pozuntuları birbaşa bu ölkənin siyasi elitasının iradəsindən asılıdır - Aydın Quliyev
Ermənistanın silahlı qüvvələrinin sərhədlərdə və təmas xəttində törətdiyi atəşkəs pozuntuları birbaşa bu ölkənin siyasi elitasının iradəsindən asılıdır.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistan sülhə qətiyyən hazır deyil və bunun ən böyük səbəbi odur ki, Ermənistan bölgədə sülh istəmir. Bu gün Ermənistan özünün dövlət iradəsindən qat-qat artıq onu idarə edən və ona təsir edən dövlətlərin iradəsini yerinə yetirir: "Ermənistan davakar və təcavüz siyasətindən əl çəkməyib. Azərbaycan Prezidenti tam haqlı olaraq Qarabağ münaqişəsinin bitdiyini və heç bir statusun olmayacağını bəyan edərək dünyanın bu mütərəqqi reallığı tam qəbul etməsinə çalışır. Təəssüf ki, nə Ermənistan özü bu reallığı qəbul edir, nə də onu idarə edən ölkələr onu sağlamməntiqli geosiyasətə yönəldirlər. Prezident İlham Əliyev "heç bir status olmayacaq" bəyanatında möhkəm məntiqə əsaslanır. İlham Əliyevin məntiqi budur ki, münaqişə həll olunubsa, deməli, status diskussiyaları da həll edilmiş hesab edilməlidir. Təəssüf ki, Minsk Qrupunun həmsədr ölkələri, Avropa Birliyi Ermənistanı münaqişənin həll edildiyi reallığına inandırmaq üçün gərəkli addımları atmır. Əksinə, bu gün bir sıra dövlət və mərkəzlər "status müzakirələri aparılmalıdır" kimi yanlış və ziyanlı tövsiyələr verməklə Ermənistanı sülh pozuculuğuna sadəcə ilhamlandırırlar. Bu gün Ermənistanın atəşkəs pozuntularına görə Minsk Qrupunun həmsədr ölkələri də Ermənistan qədər məsuliyyət daşıyır. Əgər beynəlxalq dairələr status məsələsində Ermənistana dəstək verməsələr, atəşkəs pozuntularına heç bir yer qalmaz və Ermənistan buna cəsarət etməz. Azərbaycan üçün münaqişə başa çatsa da, Qarabağ üzərində öz geosiyasi maraqlarını üstün tutan dövlətlərin oyunu hələ bitməyib".
Baş redaktor deyib ki, sərhədlərdə və təmas xətlərində Ermənistanın atəşkəs pozuntuları məqsədyönlüdür: "Ermənistan dünyaya demək istəyir ki, Qarabağ münaqişəsi hələ bitməyib. Ermənistan sərhəd-təmas təxribatları ilə Azərcaycanın "münaqişə həll olundu" ideologiyasının gücünü neytrallaşdırmaq istəyir. Çox təəssüf ki, bəzi dünya qüvvələri heç bir əsas olmadan status müzakirələrini yenidən ortaya atmaqla Ermənistanın təcavüzkar siyasətini dəstəkləyirlər.
Azərbaycan Prezidentinin "Müharibəyə hazırıq" bəyanatı Ermənistana təkcə hədə yox, həm də bugünkü reallığa ən adekvat reaksiyadır. Bölgədə yeni müharibə təhlükəsini Ermənistan və onun perspektivsiz "status tələblərini" dəstəkləyən xarici qüvvələr yaradır".
Ekspert qeyd edib ki, Ermənistanın hərbi təxribatları bölgədə sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiya sülhməramlılarının nüfuzunu heçə endirir: "Belə şəraitdə Ermənistanın təxribatları Rusiyanı da narahat etməlidir. Azərbaycan Prezidentinin bu gün dünyaya ən təsirli və aydın mesajı budur ki, Ermənistan postmüharibə reallıqlarını qəbul etməyə məcbur edilməyincə, bölgədə dayanıqlı sülhə təhlükə olacaq. Əslində, Prezident İlham Əliyev bölgəmizdə dayanıqlı sülhün həlledici şərti məsələsində bəzi dünya qüvvələrinə ən düzgün alternativi göstərir. Cənubi Qafqazda dayanıqlı sülhün şərti heç də həmsədrlərin dediyi kimi status müzakirələrinin başlanmasından yox, Dağlıq Qarabağ münaqişəsinin artıq həll edildiyi həqiqətinin qəbul edilməsindən keçir. Nə qədər ki, bəzi dünya qüvvələri və Ermənistan Azərbaycan Prezidentinin real sülh platformasını qəbul etməyib, bölgədə dayanıqlı sülh perspektivlərindən danışmaq mümkün olmayacaq. İlham Əliyevin dayanıqlı sülh platformasının iki əsas detalı münaqişənin artıq həll edildiyindən və status diskussiyalarının gündəmdən çıxarılmasından ibarətdir.
Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq etməklə əslində həm də onun havadarlarına məsuliyyət daşıdıqlarını xatırladır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре