Təhsil və mədəniyyət hər bir ölkənin inkişafının əsasıdır

Təhsil və mədəniyyət hər bir cəmiyyətin və ölkənin inkişafının əsasıdır.

Day.Az Anadolu-ya istinadən xəbər verir ki, bunu cümə günü İstanbulda ölkənin ən böyük "Rami" adlı kitabxanasının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan xatırladıb ki, "Rami" kitabxanası 19-cu əsrdə kazarmaların yerləşdiyi Osmanlı dövrünə aid tarixi memarlıq kompleksində yerləşir.

Türkiyə lideri qeyd edib ki, Sultan II Mahmud 1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsi zamanı ordulara məhz bu binadan komandanlıq edib.

Onun sözlərinə görə, sözügedən kitabxanada ilkin mərhələdə 2 milyon kitab olacaq.

"Türkiyə dünyanın hər yerindən kitablar alacaq ki, bu da "Rami" kitabxanasını böyük beynəlxalq mədəniyyət məkanına çevirəcək", - deyə R.T.Ərdoğan bildirib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə ölkədə 100 yeni kitabxananın açılışı planlaşdırılır.

"Biz bu məqsədə addım-addım yaxınlaşırıq!" - deyə Türkiyə Prezidenti bildirib.