Azərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq

Kopenhagen şəhəri bu il mayın 7-8-də Braziliyada keçiriləcək COP30 çərçivəsində danışıqların istiqamətini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və nazirləri bir araya gətirən iqlim toplantısına ev sahibliyi edəcək.

Trend Danimarkanın Energetika, Kommunal Təsərrüfat və İqlim Nazirliyinə istinadla xəbər verir ki, nazirlər toplantısı COP29-un nəticələrinin həyata keçirilməsi ilə bağlı əsas məsələləri müzakirə etmək və Belemdə COP30-dan əsas gözləntilərə dair kritik müzakirələrə qatılmaq üçün 40-a yaxın lider və naziri bir araya gətirəcək. Bu, milli iqlim planları da daxil olmaqla, ambisiyaları artırmaq və iqlim fəaliyyətlərini gücləndirmək istiqamətində səyləri artırmaq üçün əsas məqamdır. Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aaqaard COP30-un prezidenti vəzifəsinə Braziliya səfiri Andre Korrea du Laqo və fəaliyyətini başa vuran COP29-un Azərbaycandan olan prezidenti Muxtar Babayevlə birgə iclasa sədrlik edəcək.

Braziliyadan olan Andre Korrea du Laqonun bəyanatında deyilir: "Kopenhagendəki iqlim nazirlərinin görüşü iqlim gündəmini irəli sürmək və iqlim dəyişikliyi ilə mübarizədə dialoq və əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləmək üçün çox aktual bir forum olacaq. Bu tərəfdaşlıq hissi COP30-da uğurlu nəticə əldə etmək üçün kritik rol oynayacaq. Beynəlxalq ictimaiyyətə ünvanlanan birinci məktubumda qeyd etdiyim kimi, biz gələcəkdə üzləşəcəyimiz bir çox problemin öhdəsindən gəlmək üçün mümkün olan müxtəlif yolları araşdırmalıyıq".

Öz növbəsində, COP29-un prezidenti Muxtar Babayev deyib: "Çoxtərəfli iqlim sistemi artıq konkret faydalar gətirib və biz Bakıda COP29-da nümayiş etdirdiyimiz cəsarət və həmrəylik ruhunu davam etdirməliyik. Bu prosesi davam etdirmək üçün hər bir ölkə indi ayağa qalxmalı, keçmiş vədlərimizi yerinə yetirdiyimizə və onların həyata keçirilməsinə doğru irəlilədiyimizə əmin olmalıdır. Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı iddialı fəaliyyətin davam etdirilməsi işinə qəti sadiqliyimiz üzrə aydın siqnal göndərməliyik".

 

Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aagaard deyib: "Qlobal iqlim fəaliyyəti və birliyi indi həmişəkindən daha vacibdir. Təəssüf ki, bəzi ölkələr geri çəkildikcə, davamlı gələcəyi təmin etmək üçün mətanətli olmalı və irəli getməliyik. Buna görə də mən qürur duyuram ki, iqlim gündəmini inkişaf etdirmək üçün əsas qlobal oyunçuları bir daha Kopenhagendə bir araya gətiririk."

Qeyd edək ki, Danimarka artıq dördüncü ildir ki, BMT Tərəflər Konfransının (COP) yeni və səlahiyyət müddətini başa vuran prezidentləri ilə birlikdə Kopenhagen İqlim Fəaliyyəti Konfransına ev sahibliyi edir.

Xatırladaq ki, Kopenhagen İqlim Fəaliyyəti Nazirlər Konfransı ilk dəfə 2022-ci ildə iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyəti gücləndirmək və BMT-nin illik iqlim sammitlərində iddialı nəticələrə yol açmaq üçün keçirilib. Bu iqlim nazirlərinin görüşü gələcək və hazırkı COP prezidentləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.