Onlara aşağı vergi dərəcəsi tətbiq olunacaq

1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötmüşdür.

Day.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.

"İqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir. Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri qüvvədədir.

Növbəti büdcə paketində isə təkcə iki böyük güzəşt istiqamətini göstərmək kifayətdir. Bunlar Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi və ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılmasıdır", - deyə o vurğulayıb.