"Əsrin qışı" qapıda

Bu qışın dünyada çox sərt keçəcəyi ilə bağlı proqnozlar verilir. Meteoroloqların məlumatına görə, bu il qütb burulğanının zəifləməsi nəticəsində bir sıra Avropa ölkələrində çox sərt qış müşahidə olunur. 

Sinoptiklərin dəyərləndirməsinə əsasən, qütb burulğanı bu qış adi illərlə müqayisədə daha zəif görünür. Bildirilir ki, məhz belə atmosfer şəraiti sonuncu dəfə 1978-1979-cu illərdə olub.

Həmin qış "əsrin qışı" adlandırılıb.

Azərbaycanda da qışın çox sərt keçəcəyi ilə bağlı məlumatlar yayılır. Artıq dekabrın 14-də Bakı və bölgələrdə havanın temperaturu kəskin aşağı enib, həmçinin qar yağıb.

Qeyd edək ki, "AccuWeather"in məlumatına görə, Bakıya növbəti qar 2026-cı il fevralın 15, 16, 18, 19, 20 və 22 tarixlərində yağacaq.

Adətən Bakıya qar yağanda avtomobillərin və piyadaların hərəkətində ciddi problemlər yaranır.

Bəs Bakı bu il qışa necə hazırlaşıb?

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq noyabrın ikinci yarısından etibarən şəhərin rayonlarında kommunal-təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Bildirilib ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlıq vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirə edilməsi olub.

Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.

Qış aylarında güclü qar yağması ehtimalı ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.

Artıq hər il olduğu kimi, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət və inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb. Bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikaları da cəlb ediləcək.

Həmçinin rayonlardakı idarə və təşkilatların, özəl qurumların, bələdiyyələrin, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcəklər.