Miqrantlar, təzyiq və istismar

Müəllif: Fərid Zöhrabov

Mənbə: Trend

Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi, mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahid yanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət və risklərdən danışmaq lazımdır.

Azərbaycanlıların SVO-da iştirakı ilə bağlı müşahidə olunan mənzərə üç əsas kateqoriyanı üzə çıxarır və hər birinin mahiyyəti fərqlidir.

Birinci kateqoriyaya Rusiya vətəndaşı olan azərbaycanlılar daxildir. Hüquqi baxımdan bu şəxslər Rusiya Federasiyasının qanunvericiliyinə tabedir və səfərbərlik və ya müqaviləli xidmət mexanizmləri çərçivəsində SVO-da iştirak edə bilərlər. Lakin burada mühüm məqam ondan ibarətdir ki, vətəndaşlıq faktı məsələni avtomatik olaraq siyasi və mənəvi mübahisədən kənarlaşdırmır. Çünki bu şəxslərin bir qismi Rusiya vətəndaşlığını real inteqrasiya nəticəsində deyil, sosial-iqtisadi məcburiyyətlər fonunda əldə edib və onların seçim azadlığı çox zaman formal xarakter daşıyır.

İkinci və daha problemli kateqoriya miqrant statusunda olan azərbaycanlılardır. Bu şəxslər hüquqi baxımdan ən həssas qrup sayılır. Onların bir qismi yaşayış icazəsi, iş icazəsi, deportasiya təhlükəsi və ya cinayət təqibi kimi risklərlə üz-üzə qalır. Belə şəraitdə müharibəyə "könüllü" cəlbetmə anlayışı ciddi sual altına düşür. Praktikada bu, çox zaman açıq və ya gizli məcburetmə formasını alır: ya döyüşə gedirsən, ya da ölkəni tərk edirsən. Bu isə beynəlxalq humanitar hüququn və elementar insan haqlarının ruhuna ziddir və miqrantların faktiki olaraq istismar obyektinə çevrildiyini göstərir.

Üçüncü kateqoriya isə cəmiyyət üçün ən həssas və ağrılı məqamdır - 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycan veteranlarının SVO-da yer alması. Bu şəxslər artıq öz dövlətləri və xalqı qarşısında tarixi borcunu yerinə yetirmiş, bəziləri fiziki və psixoloji travmalarla üzləşmiş insanlardır. Onların başqa bir dövlətin müharibəsində iştirak etməsi bir neçə baxımdan ciddi suallar doğurur. Birincisi, bu hal qazilik və veteranlıq anlayışının mənəvi mahiyyətinə zərbə vurur. İkincisi, bu, postmüharibə dövründə veteranların sosial adaptasiyası, psixoloji dəstəyi və məşğulluğu ilə bağlı problemlərin hələ də tam həll olunmadığını göstərir. Üçüncüsü isə, belə hallar xarici tərəflər tərəfindən Azərbaycan cəmiyyətinin həssas qruplarından instrumental şəkildə istifadə edilməsi riskini artırır.

Bu üç kateqoriyanın mövcudluğu onu göstərir ki, SVO-da azərbaycanlıların iştirakı vahid səbəbdən qaynaqlanmır. Burada hüquqi boşluqlar, sosial çətinliklər, miqrantların müdafiəsizliyi kimi amillər bir-biri ilə kəsişir. Xüsusilə veteranların bu prosesə cəlb olunması dövlət və cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır.

Dördüncü qeyd etdiyimiz hadisə isə problemin humanitar tərəfini kəskin şəkildə üzə çıxarır. SVO-da ağır xəsarətlər almış bir azərbaycanlının uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi, hətta ilkin mərhələdə formal bəhanələrlə prosesdən kənarda saxlanılması bu cür müharibələrdə iştirak edən miqrantların necə asanlıqla istifadə edilə və sonra unudula bildiyini göstərir. Onun yalnız uzun ictimai müzakirələrdən və təzyiqlərdən sonra vətəndaşlıq ala bilməsi, verilən vədlərlə real münasibət arasındakı uçurumu açıq şəkildə nümayiş etdirir.

Bu hadisə bir daha sübut edir ki, xarici münaqişələrdə iştirak edən azərbaycanlılar çox zaman nə hüquqi təminata, nə sosial müdafiəyə, nə də real dövlət himayəsinə malik olurlar. Risk isə bütün hallarda həmin şəxsin və ailəsinin üzərinə düşür.

Ümumilikdə, bu məsələyə yanaşma aydın olmalıdır: Azərbaycan vətəndaşlarının və xüsusilə qazilərin xarici silahlı münaqişələrdə iştirakı nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbul edilə bilər.

Nəticə etibarilə, məsələ təkcə xarici münaqişədə iştirak faktı deyil, kimlərin, hansı şəraitdə və hansı məcburiyyət altında bu münaqişəyə cəlb olunmasıdır. Bu reallıq həm hüquqi qiymətləndirmə, həm də ictimai mövqe baxımından aydın və prinsipial yanaşma tələb edir. Dövlət strukturları, cəmiyyət və media bu mövzuda emosional deyil, lakin qəti və məsuliyyətli mövqe ortaya qoymalıdır ki, oxşar hallar gələcəkdə sistemli problemə çevrilməsin.

Azərbaycanlıların SVO-da iştirakı məsələsi hüquqi, siyasi, mənəvi və humanitar baxımdan ciddi suallar doğurur. Burada vahid yanaşmadan deyil, fərqli kateqoriyalar üzrə fərqli məsuliyyət və risklərdən danışmaq lazımdır.

Azərbaycan qanunvericiliyində muzdluluq cinayət məsuliyyəti yaradan əməllər sırasındadır. Mövcud reallıqlar göstərir ki, hüquq-mühafizə orqanları bu sahədə həm profilaktik, həm də cəzalandırıcı mexanizmləri daha da sərtləşdirməli, xarici silahlı münaqişələrdə iştirakın qarşısının alınması istiqamətində ardıcıl siyasət yürütməlidir. Burada məqsəd cəza verməkdən daha çox, qarşısını almaq və qoruyucu mexanizmlər yaratmaq olmalıdır. Azərbaycan hüquq-mühafizə orqanlarının muzdluluq sahəsində sanksiyaları və siyasəti sərtləşdirməsi artıq sadəcə hüquqi seçim deyil, strateji zərurət kimi çıxış edir. Mövcud regional və qlobal reallıqlar göstərir ki, xarici silahlı münaqişələrdə iştirak halları tək-tək epizodlar olmaqdan çıxaraq daha sistemli riskə çevrilmək potensialına malikdir. Xarici münaqişələrdə iştirak edən şəxslərin geri qayıtdıqdan sonra yaratdığı təhlükəsizlik riski nəzərə alınmalıdır. Belə şəxslər travmatik təcrübə, radikallaşma və ya silahlı davranış vərdişləri ilə cəmiyyətə qayıda bilərlər. Bu isə təkcə fərdi deyil, ictimai təhlükəsizlik problemi yaradır. Məhz buna görə də muzdluluqla mübarizə yalnız cəza mexanizmi deyil, milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi qurulmalıdır.

Sanksiyaların sərtləşdirilməsi təkcə cəzanın ağırlaşdırılması demək olmamalıdır. Burada profilaktika, erkən xəbərdarlıq və nəzarət mexanizmləri əsas rol oynamalıdır. Risk qrupları ilə iş, maarifləndirmə, hüquqi nəticələrin açıq izahı və sosial alternativlərin yaradılması hüquq-mühafizə siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. Dövlət açıq şəkildə göstərməlidir ki, xarici silahlı münaqişələrdə iştirak nə qəhrəmanlıqdır, nə də qəbul edilən davranış formasıdır.