Güzəştli mənzillər saniyələr ərzində satılır, insanlar narazı qalır

MİDA və İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) layihələri üzrə mənzillərin saniyələr içində satılması sistemin sosial baxımdan düzgün məqsəd daşımasına baxmayaraq, vətəndaşlar və ekspertlərin narazılığına səbəb olur. Belə ki, MİDA və İKZF layihələri üzrə əsasən Bakıda satışa çıxarılan mənzillər saniyələr içində alınır. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə qeyd edirlər ki, hakerlə əməkdaşlıq edən şəxslər ev almağa daha tez nail olurlar. Sosial evlərin alışı mexanizmi ehtiyac səviyyəsi və digər zərurətlər müstəvisində baş tutmur, əksinə proses klaviatura yarışına çevrilib.

Belə narazılıq hallarının baş verməməsi üçün alternativ mexanizmlər mümkündür?

Day.Az xəbər verir ki, əmlak eksperti Elnur Azadov Trend-ə açıqlamasında bildirib ki, MİDA və İKZF layihələrinin mənzilləri satışı çıxarıldıqda problemlər yaşanır:

"Mənzillərin satış prosesi bir neçə saniyə davam edir. Bu zaman müddətində vətəndaşların sistemə düşə bilməməsi, bir neçə saniyədə satış prosesinin yekunlaşması, internetin bəzi ərazilərdə zəif olması əsas problemlərdəndir".

Ekspert satış prosesinin alternativ üsullarla keçirilməsini təklif edir. Bu variantlar arasında ən optimalı püşkatmadır:

 

"Bu istiqamətdə başqa alternativ yol görmürəm. Hansısa haker, informasiya texnologiyaları mütəxəssisi bu sistemə müxtəlif yollarla daim müdaxilə edə bilirsə, daha uyğun, ənənəvi şəkildə püşkatma prosesi keçirilə bilər. Bu ən uyğun variant hesab olunur".

Əmlak eksperti Şahin İbadoğlu isə Trend-ə açıqlamasında bildirib ki, ilk növbədə, satış platformalarında texniki təhlükəsizlik gücləndirilməlidir. Avtomatlaşdırılmış bot və skriptlərin qarşısını alan mexanizmlər, çoxsəviyyəli CAPTCHA sistemləri, IP və cihaz əsaslı limitlər, real vaxtda davranış analizi tətbiq olunmalıdır. Bu, sıravi vətəndaşla qeyri-qanuni proqramlardan istifadə edən şəxslər arasında balansı bərpa edə bilər:

"İkinci mühüm məsələ şəffaf və ədalətli seçim mexanizminin qurulmasıdır. "Kim tez daxil oldu" prinsipi əvəzinə əvvəlcədən qeydiyyat, ballama və ya elektron püşkatma (lotereya) sistemi tətbiq edilə bilər. Bu yanaşma insan faktorunu və texniki manipulyasiyaları minimuma endirər. Üçüncüsü, sosial nəzarət mexanizmləri gücləndirilməlidir. Eyni şəxsin, ailənin və ya əlaqəli şəxslərin bir neçə mənzil əldə etməsinin qarşısı hüquqi və texniki yollarla alınmalıdır. Mənzillərin qısa müddətdə alqı-satqısına və ya icarəyə verilməsinə məhdudiyyətlər də spekulyasiyanın qarşısını ala bilər. Dördüncü istiqamət hüquqi məsuliyyət və cəza mexanizmləridir. Müvafiq orqanlar tərəfindən hakerlərin müəyyən olunması göstərir ki, problem realdır. Bu kimi əməllərə görə inzibati yox, cinayət məsuliyyətinin açıq və sərt şəkildə tətbiqi preventiv təsir yaradar".

Ekspertin fikrincə, ictimai məlumatlandırma və açıq hesabatlılıq vacibdir. Satış prosesinin statistikası, müraciət edənlərin sayı və seçim mexanizmi cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır. Şəffaflıq artdıqca, etimad da artacaq:

"Yekun olaraq, məsələ yalnız texniki deyil, sosial ədalət problemidir. Məqsəd evlərin sürətlə satılması yox, həqiqətən ehtiyacı olan vətəndaşların bu imkanlardan bərabər şəkildə yararlana bilməsidir", -deyə o əlavə edib.