Ronaldodan gözlənilməz qərar

Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"də ciddi narazılıq yaşanır.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, komandanın kapitanı Ronaldo Səudiyyə Ərəbistanı Liqasının 20-ci turu çərçivəsində "Ər Riyad"la keçiriləcək oyunda iştirak etməyi planlaşdırmır.

Məlumata görə, futbolçu bu addımı klub rəhbərliyinə olan etimadsızlığı səbəbindən atıb.

Xəbərdə bildirilir ki, Ronaldo "Əl Nəsr"i idarə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun fəaliyyətindən narazıdır. Onun fikrincə, eyni fondun nəzarətində olan digər klublarla müqayisədə  "Əl Nəsr"ə daha az diqqət və maliyyə dəstəyi ayrılır.

Əsas narazılıq transfer siyasəti ilə bağlıdır. Qış transfer pəncərəsində "Əl Nəsr" yalnız 21 yaşlı iraqlı yarımmüdafiəçi Heydər Əbdülkərimi heyətinə qatıb. Rəqib klublar isə ciddi transferlər həyata keçirib. Xüsusilə "Əl Hilal"ın "Fiorentina"dan Pablo Marini transfer etməsi və "Renn"in hücumçusu Kader Meite üçün 30 milyon avro ayırmağa hazırlaşması bu fərqi açıq şəkildə ortaya qoyur.

Klub daxilindəki idarəetmə problemləri də vəziyyəti daha da gərginləşdirib. Bildirilir ki, "Əl Nəsr"də çalışan portuqaliyalı rəhbərlər - idman direktoru Simao Koutinyo və icraçı direktor Joze Semedonun səlahiyyətləri bu ayın əvvəlində faktiki olaraq dayandırılıb. Bu isə Ronaldonun klub daxilindəki təsir gücünün azalması kimi qiymətləndirilir.

Qeyd edək ki, oxşar hal daha əvvəl də baş verib. Belə ki, keçən ilin yanvarında baş məşqçi Jorje Jezuş "Əl Nəsr"in "Əl Hilal" qədər siyasi gücə malik olmadığını demiş, bu açıqlama Səudiyyə futbol ictimaiyyətində böyük qalmaqala səbəb olmuşdu.

Xatırladaq ki, "Əl Nəsr" Səudiyyə liqasında 19 turdan sonra 43 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Əl Hilal"dan 3 xal az toplayan komanda liqanın ən çox qol atan komandasıdır-48 qol.