Azərbaycana turist axını GÖZLƏNİLİR - Ekspert AÇIQLADI
Azərbaycan təhlükəsiz və sabit ölkə kimi daha çox diqqət çəkə bilər və turistlərin seçimində ön plana çıxa bilər.
Bunu Day.Az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O, Yaxın Şərqdə baş verən gərginlik fonunda Azərbaycana turist axının yüksəlməsi ehtimalından danışıb.

Ekspert bildirib ki, Körfəz ölkələrində baş verən hərbi gərginliklər səbəbindən bu regiona turist axını demək olar sıfıra enib.
"Əvvəllər Doha, Dubay və Əbu-Dabi kimi şəhərlərə kütləvi şəkildə səyahət edən turistlər indi alternativ istiqamətlər axtarmağa məcburdurlar. Bu baxımdan Azərbaycan təhlükəsiz və sabit ölkə kimi daha çox diqqət çəkə bilər və turistlərin seçimində ön plana çıxa bilər.
Lakin müəyyən çətinliklər də mövcuddur. Asiyadan Azərbaycana gələn turistlər əsasən Körfəz ölkələrinin hava məkanından istifadə edirdilər. Mövcud vəziyyətdə alternativ marşrutlar ya daha uzundur, ya da təhlükəsiz hesab olunmayan ərazilərdən keçir. Bu isə turist axınında müəyyən ləngimələrə səbəb ola bilər. Buna baxmayaraq, Avropa ölkələrindən Azərbaycana marağın artdığı müşahidə olunur və ölkə hazırda Avropa ilə Asiyanı birləşdirən təhlükəsiz hava dəhlizlərindən biri kimi çıxış edir", - deyə o bildirib.
R.Quliyev qeyd edib ki, müharibənin təsiri yalnız təhlükəsizliklə məhdudlaşmır:
"Qlobal iqtisadi və enerji böhranı insanların sosial rifahına mənfi təsir göstərir ki, bu da turizm imkanlarını azaldır. Dünya Turizm Şurasının məlumatına görə, bu cür münaqişələr qlobal turizm sektoruna gündəlik yüz milyonlarla dollar zərər vurur və Azərbaycan da dolayısı ilə bu təsirdən kənarda qalmır.
Bununla belə, turizm tam dayanmayıb. Bu yay Azərbaycan turistlərinin daha çox Türkiyə, Gürcüstan (xüsusilə Batumi), Misir və Orta Asiya ölkələrinə üstünlük verəcəyi gözlənilir. Münaqişə başa çatdıqdan sonra isə turizm sektorunun tədricən bərpa olunacağı və ölkələr arasında səyahət mübadiləsinin yenidən artacağı proqnozlaşdırılır", - deyə ekspert sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре