Azərbaycanda siqaret çəkməyə başlama yaşı 15-dir

Azərbaycanda tütün istifadəsi ilə bağlı 2024-2025-ci illərə aid statistik göstəricilər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan rəsmi məlumatlara əsaslanır.

Day.Az xəbər verir ki, statistikaya görə, siqaret çəkməyə başlama yaşı əsasən 15 yaşdan etibarən qeydə alınır və xüsusilə kişilər arasında bu yaşdan sonra istifadə hallarında artım müşahidə olunur.

Yeniyetmələr arasında vəziyyət də narahatedicidir. Belə ki, 13-15 yaş aralığında olan yeniyetmələrin təxminən 10,3%-i artıq tütün məmulatlarından istifadə edir. Bu rəqəm erkən yaşlarda siqaretə meyilliliyin formalaşdığını göstərir və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini ön plana çıxarır.

Cinsiyyət üzrə statistik fərqlər isə daha kəskindir. 15 yaşdan yuxarı kişilərin 31-36%-i mütəmadi siqaret çəkdiyi halda, qadınlar arasında bu göstərici cəmi 0,1-0,4% təşkil edir. Eyni zamanda, gündəlik siqaret istehlakının orta göstəricisi təxminən 15 ədəd olaraq qeyd olunur ki, bu da ümumi sağlamlıq risklərinin yüksək səviyyədə olduğunu göstərir.

Nəsimi Ələsgərli