Azərbaycan kənd təsərrüfatını daha texnoloji sahəyə çevirmək niyyətindədir

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatı üçün həm ərzaq təhlükəsizliyi, həm regionların inkişafı, həm də qeyri-neft ixracının artırılması baxımından strateji sahələrdən biridir.

Bunu Day.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri" şöbəsinin müdiri Yunus Sadıqov deyib.

O, qeyd edib ki, son illərdə bu sahənin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları, subsidiyalar, aqrar sığorta mexanizmi, müasir suvarma sistemlərinin tətbiqi və emal sənayesinin genişləndirilməsi aqrar sektorun daha dayanıqlı inkişafına xidmət edir.

"Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı əsas tapşırıqları da məhz bu istiqamətlər üzərində qurulub. Burada əsas məqsəd torpaq və su resurslarından daha səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, fermerlərin gəlirlərini yüksəltmək, yerli istehsalı gücləndirmək və ölkənin ərzaq təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir. Xüsusilə indiki dövrdə su qıtlığı, iqlim dəyişiklikləri və dünya bazarlarında qiymət dalğalanmaları fonunda kənd təsərrüfatında səmərəlilik məsələsi daha da aktuallaşır.

2026-2030-cu illər üçün təsdiq edilmiş yeni Dövlət Proqramı bu baxımdan mühüm mərhələ hesab oluna bilər. Proqram kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı ilə yanaşı, onların emalı, saxlanması, qablaşdırılması, logistika və ixrac imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Bu isə aqrar sahəni yalnız xammal istehsal edən sektor kimi deyil, daha yüksək əlavə dəyər yaradan iqtisadi sahə kimi inkişaf etdirmək məqsədi daşıyır", - deyə o bildirib.

Y.Sadıqov vurğulayıb ki, gələcək planlar baxımından əsas istiqamət kənd təsərrüfatının daha texnoloji, məhsuldar və ixracyönümlü sahəyə çevrilməsidir:

"Müasir suvarma sistemləri, intensiv bağçılıq, rəqəmsal xidmətlər, emal müəssisələri, soyuducu anbarlar və logistika imkanları genişləndikcə fermerlərin bazara çıxışı da yaxşılaşacaq. Bu, həm regionlarda məşğulluğun artmasına, həm kənd sahibkarlığının inkişafına, həm də qeyri-neft ixracının güclənməsinə müsbət təsir göstərə bilər.

Kənd təsərrüfatı sahəsində aparılan siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz daxili ərzaq təminatını gücləndirsin, fermerlərin gəlir imkanlarını artırsın və aqrar məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini yüksəltsin. Bu hədəflərə çatmaq üçün isə əsas məsələ qəbul edilən proqramların regionlarda real və ardıcıl şəkildə icra olunmasıdır", - deyə o sonlandırıb.

Nəsimi Ələsgərli