https://news.day.az/azerinews/1850943.html Azərbaycan və Mərkəzi Asiya: C6 Avrasiyanın yeni geoiqtisadi məkanının təməli kimi Qırğızıstan "Mərkəzi Asiya - Azərbaycan" qeyri-rəsmi sammitinə hazırlaşır. Görüş C6 formatının tədricən adi siyasi məsləhətləşmə mexanizmi çərçivəsindən çıxaraq bütün Avrasiya üçün strateji əhəmiyyət kəsb etməyə başladığı bir dövrə təsadüf edir. Hazırda qlobal iqtisadiyyat genişmiqyaslı transformasiya mərhələsini yaşayır.

Azərbaycan və Mərkəzi Asiya: C6 Avrasiyanın yeni geoiqtisadi məkanının təməli kimi

Azərbaycanca, 29 июля 2026 21:15 (UTC +04:00) 131
Azərbaycan və Mərkəzi Asiya: C6 Avrasiyanın yeni geoiqtisadi məkanının təməli kimi

Müəllif: Ləman Zeynalova, Trend

Qırğızıstan "Mərkəzi Asiya - Azərbaycan" qeyri-rəsmi sammitinə hazırlaşır. Görüş C6 formatının tədricən adi siyasi məsləhətləşmə mexanizmi çərçivəsindən çıxaraq bütün Avrasiya üçün strateji əhəmiyyət kəsb etməyə başladığı bir dövrə təsadüf edir.

Hazırda qlobal iqtisadiyyat genişmiqyaslı transformasiya mərhələsini yaşayır. Bir neçə onillik əvvəl dövlətlər əsasən müstəqil oyunçular kimi rəqabət aparırdılarsa, indi nəqliyyat, energetika, ticarət və investisiya əlaqələri ilə birləşən bütöv makroregionların rolu getdikcə artır. Məhz buna görə də bütün dünyada dayanıqlı logistika marşrutları, inteqrasiya olunmuş bazarlar və birgə infrastruktur layihələri təklif edə bilən regional birliklərin və əməkdaşlıq formatlarının əhəmiyyəti yüksəlir.

Bu fonda Mərkəzi Asiya artıq periferik region kimi qəbul edilmir. O, Avrasiyanın yeni iqtisadi artım mərkəzlərindən birinə çevrilərək dünyanın aparıcı güclərinin diqqətini cəlb edir. Eyni zamanda, Asiya ilə Avropa arasında nəqliyyat marşrutlarının əsas həlqəsinə çevrilən Cənubi Qafqazın da əhəmiyyəti xeyli artıb.

Məhz bu yeni geoiqtisadi reallıq şəraitində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq tamamilə yeni miqyas qazanır. C6 formatı artıq sadəcə siyasi dialoq platforması deyil. O, nəqliyyat, energetika, ticarət, investisiyalar, rəqəmsallaşma və təhlükəsizlik sahələrini birləşdirən vahid qarşılıqlı əlaqə məkanının formalaşdırılması alətinə çevrilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yeni meydana gəlməyib. Onları Böyük İpək Yolunun tarixi marşrutları, sıx ticarət əlaqələri, ortaq türk sivilizasiya təməli və uzunmüddətli strateji maraqların üst-üstə düşməsi birləşdirir. Azərbaycanın 2025-ci ildə məsləhətləşmə formatında fəaliyyət göstərməsi barədə qəbul edilən qərar sadəcə son illərdə fəal şəkildə inkişaf edən proseslərin institusional rəsmiləşdirilməsi oldu.

Təbii tərəfdaşlar

Bir çox regional ekspertlər müasir C6 formatını tarixi baxımdan qanunauyğun hesab edirlər. Azərbaycan və Mərkəzi Asiya dövlətləri heç vaxt təsadüfi qonşular olmayıblar. Əsrlər boyu onlar Şərqlə Qərbi birləşdirən vahid ticarət məkanını təşkil ediblər. Ən mühüm Böyük İpək Yolu marşrutları məhz Xəzər dənizi vasitəsilə keçirdi, bu gün isə onların yerini müasir nəqliyyat, enerji və rəqəmsal dəhlizlər tutur. Buna görə də bugünkü əməkdaşlıq əslində regionun təbii qarşılıqlı bağlılığını yenidən bərpa edir, onu sıfırdan yaratmır.

Söhbət konyunktur xarakterli siyasi layihədən deyil, regionun inkişafının obyektiv coğrafi və iqtisadi məntiqinə qayıdışdan gedir.

Məhz qarşılıqlı tamamlayıcılıq C6 formatını bu qədər perspektivli edir. Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Qafqaza, Türkiyəyə və Avropa bazarlarına ən qısa çıxış yoludur. Onun ərazisindən Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu magistralı, Xəzər hövzəsinin ən böyük dəniz limanı, həmçinin Xəzər regionunu Avropa ilə birləşdirən enerji infrastrukturu keçir.

Öz növbəsində, Mərkəzi Asiya ölkələri Azərbaycana Avrasiyanın daxili bazarına və Çinə çıxış imkanı yaradır. Beləliklə, Azərbaycan Mərkəzi Asiya üçün Qərbə açılan qapı, Mərkəzi Asiya isə Azərbaycan üçün Şərqə açılan qapıdır. Məhz buna görə də hər iki tərəf obyektiv olaraq bir-birinin strateji əhəmiyyətini artırır.

Bu qarşılıqlı tamamlayıcılıq iqtisadi göstəricilərdə də öz əksini tapır. Gələcək artım üçün hələ də böyük potensialın qalmasına baxmayaraq, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət-iqtisadi əməkdaşlıq artıq sabit müsbət dinamika nümayiş etdirir.

2025-ci ilin yekunlarına görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, əmtəə dövriyyəsinin əsas hissəsini region ölkələrindən idxal təşkil edir. Eyni zamanda, Azərbaycan istehsalçıları Mərkəzi Asiya bazarlarında mövqelərini tədricən möhkəmləndirirlər. Belə ki, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının Qazaxıstan və Özbəkistana ixracı əvvəlki illə müqayisədə 5 faizdən çox artıb ki, bu da ticarət əlaqələrinin mərhələli şəkildə şaxələndiyini və Azərbaycan məhsullarının regiondakı mövqeyinin genişləndiyini göstərir.

Müsbət dinamika cari ildə də davam edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk altı ayının yekununda ölkənin Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi təxminən 425 milyon ABŞ dolları təşkil edib ki, bu da iqtisadi əməkdaşlığın ardıcıl inkişafını təsdiqləyir.

Orta Dəhliz - yeni Avrasiyanın əsas layihəsi

Belə tərəfdaşlığın ən parlaq nümunəsi Orta Dəhlizin inkişafıdır. Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq alternativ logistika xətti kimi deyil, Asiya ilə Avropa arasında gələcəyin ən mühüm nəqliyyat marşrutlarından biri kimi qiymətləndirilir.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Layihə başa çatdıqdan sonra bu xətt Orta Dəhlizin şərq hissəsini təşkil edəcək, marşrut daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən davam edəcək. Məhz buna görə Qırğızıstan Prezidenti Sadır Japarov Zəngəzur dəhlizini Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı adlandırıb.

"Bu gün biz regionun yeni nəqliyyat arteriyasının yaradılmasının şahidi oluruq. Strateji əhəmiyyət daşıyan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ölkələrimizi sadəcə birləşdirməyəcək, həm də logistikanı yenidən formalaşdıraraq dövlətlərimiz üçün Asiya və Avropanın ən iri bazarlarına ən qısa çıxış yolunu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür", - deyə Qırğızıstan Prezidenti Sadır Japarov 2025-ci ilin noyabrında "Mərkəzi Asiya + Azərbaycan" formatında keçirilən Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Görüşündə bildirib.

Zəngəzur dəhlizi getdikcə Avrasiyanın yeni geoiqtisadi arxitekturasının mühüm elementinə çevrilir. Azərbaycan üçün Zəngəzur dəhlizi həm daxili bağlantını təmin edən layihə, həm də beynəlxalq nəqliyyat strategiyasının əsas komponentlərindən biridir. Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, Azərbaycan Çindən və Mərkəzi Asiya ölkələrindən yüklərin Zəngəzur dəhlizi vasitəsilə də daşınacağını gözləyir.

"Təbii ki, biz buna ilk növbədə, Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabət qabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır", -deyə dövlət başçısı bildirib.

 

Zəngəzur dəhlizi mövcud marşrutların təkrarı kimi deyil, alternativin yaradılması kimi qiymətləndirilir. Bu isə dənizə çıxışı olmayan ölkələr üçün əsas logistika prinsiplərindən biridir. Alternativ marşrut tarif rəqabəti, əməliyyat risklərinin azalması, yeganə marşrutdan asılılığın minimuma endirilməsi və tədarükün daha proqnozlaşdırıla bilən olması deməkdir. Bütün bunlar müasir təchizat zəncirləri üçün kritik əhəmiyyət daşıyan amillərdir.

Bu layihələr birlikdə Sakit okeandan Avropayadək uzanan vahid nəqliyyat sistemini formalaşdırmağa qadirdir. Nəticədə Azərbaycan Avrasiyanın ən mühüm logistika qovşaqlarından biri statusunu daha da möhkəmləndirir, Mərkəzi Asiya dövlətləri isə dünya bazarlarına etibarlı çıxış əldə edirlər.

Lakin nəqliyyat yeni əməkdaşlıq modelinin yalnız bir elementidir.

Azərbaycan və Mərkəzi Asiya dövlətləri artıq CAREC proqramı çərçivəsində ticarətin, nəqliyyat infrastrukturunun, gömrük prosedurlarının rəqəmsallaşdırılmasının və investisiya əməkdaşlığının inkişafı istiqamətində fəal əməkdaşlıq edirlər.

Energetika da ən perspektivli istiqamətlərdən biri kimi ön plana çıxır. Azərbaycan Xəzər regionunda "yaşıl" enerji dəhlizinin formalaşdırılması üzərində fəal işləyir, Qırğızıstan isə hidroenergetika, günəş və külək enerjisi sahələrində layihələr həyata keçirir. Artıq bu potensialların regional enerji əməkdaşlığı çərçivəsində birləşdirilməsi imkanları müzakirə olunur.

Ənənəvi energetika sahəsində də əməkdaşlıq genişlənir. Bişkek Azərbaycan nefti və neft məhsullarının tədarükünün artırılması ilə bağlı Bakı ilə danışıqlar aparır. Əslində söhbət nəqliyyat, energetika, investisiyalar, rəqəmsal texnologiyalar, sənaye və ticarəti əhatə edən kompleks iqtisadi tərəfdaşlığın formalaşdırılmasından

TDT və C6 - bir-birini tamamlayan formatlar

Əməkdaşlığın inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlavə təkan qazanır. Məhz TDT qarşılıqlı fəaliyyət üçün ümumi siyasi baza formalaşdırır, C6 formatı isə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında birgə layihələrin praktiki həyata keçirilməsinə yönəlir.

Bu mexanizmlər bir-biri ilə rəqabət aparmır, əksinə, qarşılıqlı şəkildə bir-birini gücləndirərək regional inteqrasiyanın çoxsəviyyəli sistemini formalaşdırır.

Qırğızıstan - Azərbaycanın əsas tərəfdaşlarından biri

Əməkdaşlığın yeni arxitekturasında Qırğızıstan xüsusi yer tutur.

Məhz Bişkek ilk ölkələrdən biri olaraq Azərbaycanın Mərkəzi Asiyanın məsləhətləşmə formatında iştirakını dəstəkləyib və ardıcıl şəkildə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edib.

Bu gün ikitərəfli münasibətlər nəqliyyat və investisiyalardan tutmuş energetika, rəqəmsallaşma və kosmik texnologiyalara qədər demək olar ki, bütün əsas istiqamətlər üzrə inkişaf edir.

Nizamnamə kapitalının 100 milyon ABŞ dollarınadək artırılması planlaşdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti davam etdirilir, ticarət infrastrukturu inkişaf etdirilir, yeni investisiya layihələri, Azərbaycan neftinin tədarükü, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.

C6 formatının əsas üstünlüyü ondan ibarətdir ki, o, dünya iqtisadiyyatında baş verən obyektiv dəyişikliklərə cavab verir.

Bu gün uğur qazanan ayrı-ayrı dövlətlər deyil, nəqliyyat, energetika, investisiya və istehsal əlaqələri üzrə üstünlüklərini vahid sistemdə birləşdirə bilən regionlardır.

Məhz Mərkəzi Asiya və Azərbaycan tədricən belə bir sistemə çevrilir.

Buna görə də C6 formatının əhəmiyyəti keçirilən sammitlərin və qəbul olunan sənədlərin sayı ilə ölçülmür. Onun əsas dəyəri ondan ibarətdir ki, Mərkəzi Asiya ilə Azərbaycanın artıq ayrı-ayrı tərəfdaşlar kimi deyil, Şərqlə Qərbi birləşdirən vahid strateji məkan kimi çıxış etdiyi yeni geoiqtisadi reallığı formalaşdırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости