Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilib - YENİLƏNİB - FOTO
Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarxın nümayişi ilə başlayıb.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, mədəniyyət naziri Adil Kərimli Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılması birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri ola bilər.
O qeyd edib ki, hər bir dini memarlıq nümunəsinin özünəməxsus quruluşu, yaranma və formalaşma tarixi, eləcə də əsrlər ərzində həmin məkanda formalaşmış istifadə və ibadət ənənələri var.
"Bu baxımdan, zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb olunması faydalı ola bilər. Çünki biz hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinallığının, dini-mənəvi məzmununun və özünəməxsus xüsusiyyətlərinin mümkün qədər qorunmasına çalışmalıyıq", - R.Məmmədov deyib.
R.Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri də tarixi və dini abidələrin bərpasıdır.
"Burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır", - o əlavə edib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış edib. Nazir tarixi-dini abidələrin qorunmasına yalnız dövlət qurumlarının işi kimi yanaşılmamalı olduğunu vurğulayıb.
"Mədəni irsin qorunması tək dövlət qurumunun işi deyil. Dövlət bunu hər zaman öz qurumları ilə, öz mexanizmləri ilə həyata keçirir. Amma bütün əhali, bütün vətəndaşlar, vətəndaş cəmiyyəti institutları bu prosesdə çox fəal iştirak etməli, həssas yanaşmalıdır. Çünki mədəni irsimiz bizim milli kimliyimizin, tarixi şüurumuzun, tarixi yaddaşımızın göstəricisidir, ifadəsidir. Onu qorumaq hər birimizin öhdəliyidir, konstitusion öhdəliyimizdir", - A.Kərimli deyib.
O, xüsusilə yerlərdə əhalinin və dini icma nümayəndələrinin tarixi-mədəni irsin qorunması prosesinə daha sıx və fəal cəlb edilməsinin vacibliyini qeyd edib.
Nazir bildirib ki, silahlı münaqişələr və silahlı münaqişələrdən sonra yaranan mürəkkəb vəziyyətlər tarixi-mədəni irsin qorunmasında ciddi çağırışlar və çətinliklər yaradır.
"30 illik erməni işğalı dövründə Azərbaycanda yerləşən, işğal altında olan torpaqlarımızda tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalmışdır, bir qismi tamamilə məhv edilmişdir və vandalizm aktları müşahidə olunmaqdadır. Eyni zamanda həmin tarixi-dini abidələrin və komplekslərin özünəməxsus olan və onların ayrılmaz tərkib hissəsi olan mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları müşahidə olunmaqdadır", - A.Kərimli deyib.
Konfrans çərçivəsində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsə vurulmuş ziyanın miqyası, abidələrdən mədəni sərvətlərin çıxarılması, atributsiya və restitusiya məsələləri barədə məlumat verib.
O bildirib ki, bu istiqamətdə İnterpol və UNESCO çərçivəsində müvafiq işlər aparılır. Aparılan təhlillərə əsasən, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntıya məruz qalıb. Digər abidələrdə də müxtəlif səviyyələrdə ziyan, özünküləşdirmə və vandalizm faktları qeydə alınıb.
Səadət Yusifova qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması ərazilərin minalarla çirkləndirilməsi səbəbindən hələ başa çatdırılmayıb. İnventarlaşdırma zamanı dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscidin tamamilə dağıdıldığı, 25 məscid, 14 türbə və 2 sərdabənin müxtəlif miqyasda dağıntılara məruz qaldığı müəyyənləşdirilib.
Xristian dini irsinə də ziyan vurulduğunu qeyd edən nazir müavini bir məbədin tamamilə dağıdıldığını, 20 məbədin isə müxtəlif miqyasda zərər gördüyünü bildirib. Həmçinin ötən il işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbədin dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında Qarabağ və Şərqi Zəngəzurda həm müsəlman, həm də xristian dini irs nümunələrinin mövcud vəziyyətindən danışıb.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki abidələr vəziyyətlərinə görə tamamilə məhv edilmiş, ciddi xəsarət almış, qismən dağıdılmış, eləcə də vəziyyəti kafi və ya yaxşı olan abidələr kimi qruplaşdırılıb. Səbinə Hacıyevanın sözlərinə görə, bəzi abidələr elə vəziyyətə salınıb ki, onların ilkin funksiyasını müəyyənləşdirmək belə çətindir.
Dövlət Xidmətinin rəisi müsəlman dini abidələri və qəbiristanlıqlarla yanaşı, xristian dini irsinə aid abidələrdə də qanunsuz müdaxilə və saxtalaşdırma hallarının qeydə alındığını bildirib. Bəzi kiçik kilsələrin uzun illər baxımsız qalaraq xarabalığa çevrildiyi, daha iri və tarixi əhəmiyyətli xristian abidələrində isə müxtəlif müdaxilələrin aparıldığı qeyd olunub.
Konfrans daha sonra "Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar" və "Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti" mövzularında panel sessiyalarla davam edib.
Panel müzakirələrində dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, tarixi-dini abidələrin qorunmasında dövlət qurumları, dini icmalar və vətəndaş cəmiyyətinin əməkdaşlığı, rəqəmsallaşdırma imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin müasir şəhərsalma mühitində yeri və əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə tarixi-dini irsin qorunması, tədqiqi, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində dövlət qurumları, elmi dairələr, dini icmalar və ictimaiyyət arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре