https://news.day.az/azerinews/1873244.html 161 milyard dollarlıq sərvətin sahibi xəyanətini etiraf etdi - Məşuqəsi Çin agenti olub? "Nvidia" şirkətinin baş icraçı direktoru (CEO) Censen Huanq əməkdaşlarına ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib. Day.Az xəbər verir ki, etirafla bağlı 8 noyabr tarixli məktubun tam mətni Nvidia şirkətinin rəsmi saytında dərc olunub.

161 milyard dollarlıq sərvətin sahibi xəyanətini etiraf etdi - Məşuqəsi Çin agenti olub?

Azərbaycanca, 9 ноября 2026 13:41 (UTC +04:00) 154
161 milyard dollarlıq sərvətin sahibi xəyanətini etiraf etdi

"Nvidia" şirkətinin baş icraçı direktoru (CEO) Censen Huanq əməkdaşlarına ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib.

Day.Az xəbər verir ki, etirafla bağlı 8 noyabr tarixli məktubun tam mətni Nvidia şirkətinin rəsmi saytında dərc olunub. Huanq bildirib ki, 1985-ci ildən evli olduğu həyat yoldaşı Loriyə xəyanət edib və bu hərəkətinə "heç bir bəraət qazandırmağın mümkün olmadığını" etiraf edib. O, ailəsindən və şirkətin əməkdaşlarından səmimi şəkildə üzr istəyib.

Milyarderin məşuqəsinin eyni soyadı daşıyan Alis Huanq olduğu bildirilir. O, Sinqapurun "Megaspeed" şirkətində rəhbər vəzifədə çalışır. ABŞ xüsusi xidmət orqanları onun Çin kəşfiyyatının (Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi) agenti olduğunu və Huanqla münasibətləri vasitəsilə məxfi məlumatlar toplaya biləcəyini ehtimal edirlər.

Həmin gün "Nvidia"nın Direktorlar Şurası müstəqil araşdırmaya başlanıldığını elan edib. Buna şirkətin qurucusu və rəhbərinin xarici kəşfiyyat xidmətinin əməliyyatının hədəfinə çevrilə biləcəyi barədə yayılan məlumatlar səbəb olub. Araşdırmaya müstəqil direktorların daxil olduğu komitə xarici müstəqil hüquqşünasların iştirakı ilə nəzarət edəcək.

Direktorlar Şurası "Nvidia"nın məxfi məlumatlarının ələ keçirildiyini düşünmək üçün əsas görməsə də, mövcud bütün məlumatları araşdıracağını elan edib. Huanq hələ ki, baş icraçı direktor vəzifəsində qalmaqdadır.

Huanq ailəsindən əlavə, həmkarlarından, Direktorlar Şurasının üzvlərindən, tərəfdaşlarından və səhmdarlardan da üzr istəyib. O, baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürüb və Direktorlar Şurasının təşəbbüsü ilə başladılan araşdırmanı dəstəklədiyini bildirib.

"Forbes" jurnalının məlumatına görə, Censen Huanqın 161 milyard dollar şəxsi sərvəti var.

Xatırladaq ki, 2026-cı il oktyabrın sonunda "The New York Times" ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən Alis Huanqın (Huang Le adı ilə də tanınır) Çin kəşfiyyatının, daha dəqiq desək, Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinin agenti hesab edildiyini yazıb. O, əvvəllər "Nvidia" çiplərinin satın alınması ilə məşğul olan Sinqapurun "Megaspeed" şirkətində yüksək vəzifə tutub. Nəşrin məlumatına görə, Alis Huanq Nvidia rəhbəri ilə yaxın münasibətdə olub.

"Megaspeed" daha əvvəl də ABŞ hakimiyyət orqanlarının araşdırmasına cəlb edilib. Şirkət "Nvidia" çiplərinin Çinə tədarükünə tətbiq olunan ixrac məhdudiyyətlərini mümkün yollarla aşmaqda şübhəli bilinib. Çin hakimiyyəti oktyabrın 30-da yayılan məlumatları "əsassız iddialar" adlandırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости