Naxçıvanın rayonlarının gəlir və xərcləri açıqlanıb – SİYAHI
Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsinin gəlir və xərclərinin hər birinin 510 milyon manat olması nəzərdə tutulur. Gəlirlərin təxminən 61 faizi muxtar respublikanın öz mənbələri, qalan hissəsi isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq. Xərclərdə ən böyük pay təhsilə, ümumi dövlət xidmətlərinə, eləcə də məhkəmə və hüquq-mühafizə orqanlarına yönəldiləcək.
Day.Az xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında" qanun layihəsində gəlirlərin və xərclərin 510 milyon manat məbləğində təsdiqlənməsi təklif olunur.
Layihəyə əsasən, gəlirlərin 312 milyon manatı muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişlərindən, 198 milyon manatı isə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılacaq dotasiyadan formalaşacaq. Beləliklə, büdcə gəlirlərinin təxminən 61,2 faizi yerli mənbələrin, 38,8 faizi dövlət büdcəsindən transfertin payına düşür.
Büdcənin gəlirləri hansı mənbələrdən formalaşacaq?
2027-ci il üçün gəlir mənbələri üzrə ən böyük məbləğ aksizlərdən daxilolmalar üçün nəzərdə tutulub. Bu istiqamətdə 104 milyon manat proqnozlaşdırılır.
Fiziki şəxslərin gəlir vergisindən 86,3 milyon manat, əlavə dəyər vergisindən 79 milyon manat, xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərin sahibləri tərəfindən ödənilən yol vergisindən 16,2 milyon manat daxilolma gözlənilir.
Dövlət rüsumu üzrə 8 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə 7,5 milyon manat, mədən vergisi üzrə 1,7 milyon manat, sadələşdirilmiş vergi üzrə isə 1,5 milyon manat gəlir nəzərdə tutulur.
Bundan başqa, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 750 min manat, dövlət əmlakının icarəyə verilməsindən 523 min manat, hüquqi şəxslərin əmlak vergisindən 500 min manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyon 377 min 445 manat, vergi orqanlarının xətti ilə toplanan digər daxilolmalardan 200 min manat, sair daxilolmalardan isə 4 milyon 449 min 555 manat proqnozlaşdırılır.
Təhsil və hüquq-mühafizə xərcləri ön plandadır
Büdcə xərclərinin funksional istiqamətlər üzrə bölgüsündə ən böyük məbləğ təhsil sahəsinə ayrılır. Bu məqsədlə 160 milyon 474 min 356 manat vəsait nəzərdə tutulur.
Təhsil xərclərinin əsas hissəsi ümumi təhsilin payına düşür. Belə ki, bu sahəyə 119 milyon 215 min 946 manat, məktəbəqədər təhsilə 9 milyon 404 min 302 manat, peşə təhsilinə 2 milyon 651 min 335 manat, əlavə təhsilə 185 min 591 manat ayrılması planlaşdırılır. Təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 29 milyon 17 min 182 manat nəzərdə tutulub.
Ümumi dövlət xidmətlərinə 92 milyon 972 min 237 manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə isə 90 milyon 72 min 999 manat ayrılması təklif edilir. Sonuncu istiqamət üzrə məhkəmə hakimiyyətinə 11 milyon 509 min 376 manat, hüquq-mühafizə orqanlarına 70 milyon 624 min 290 manat, prokurorluğa 7 milyon 932 min 808 manat, hüquqi yardıma isə 6 min 525 manat yönəldiləcək.
İqtisadi fəaliyyət üçün 65 milyon 763 min 555 manat vəsait nəzərdə tutulub. Bunun 62,2 milyon manatı tikinti və şəhərsalma, 918 min 500 manatı geodeziya və faydalı qazıntılar, 2 milyon 645 min 55 manatı isə iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər üzrə xərclənəcək.
Səhiyyə, sosial müdafiə və mədəniyyətə nə qədər ayrılacaq?
Səhiyyə sahəsinə ümumilikdə 8 milyon 567 manat ayrılması nəzərdə tutulur. Bu məbləğin 6 milyon 158 min 213 manatı xəstəxanaların, 903 min 938 manatı diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyətin, 938 min 416 manatı isə səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Sosial müdafiə və sosial təminat üçün 10 milyon 802 min 576 manat nəzərdə tutulub. Bunun 839 min 12 manatı sosial müdafiəyə, 8 milyon 510 min 476 manatı sosial təminata, 1 milyon 453 min 88 manatı isə bu sahələr üzrə digər müəssisə və tədbirlərə ayrılacaq.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti istiqamətində xərclər 24 milyon 800 min manat təşkil edəcək. Bu vəsaitin 18 milyon 541 min 873 manatı mədəniyyət və incəsənətə, 5 milyon 469 min 793 manatı televiziya, radio və nəşriyyata, 365 min 357 manatı bədən tərbiyəsi və gənclər siyasətinə, 422 min 977 manatı isə yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərə yönəldiləcək.
Mənzil və kommunal təsərrüfatına 17 milyon 577 min 933 manat, ətraf mühitin mühafizəsinə 15 milyon 327 min 595 manat, kənd təsərrüfatına isə 11 milyon 208 min 182 manat ayrılması planlaşdırılır.
Ətraf mühitin mühafizəsi xərclərinin əsas hissəsi ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə yönəldiləcək. Bu məqsədlə 8 milyon 939 min 840 manat nəzərdə tutulub. Kənd təsərrüfatı tədbirləri üçün 9 milyon 441 min 42 manat, baytarlıq xidmətləri üçün isə 1 milyon 767 min 140 manat ayrılması təklif olunur.
Bundan başqa, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 13 milyon manat nəzərdə tutulub. Bu məbləğin 10 milyon manatı ehtiyat fondlarına, 3 milyon manatı isə digər tədbirlərə yönəldiləcək.
Şəhər və rayonların gəlirləri, xərcləri necə bölüşdürüləcək?
Layihədə Naxçıvan şəhəri və rayonlar üzrə ümumi gəlirlər 121 milyon manat, yerli xərclər isə 44 milyon 54 min manat müəyyənləşdirilib. Gəlirlərin yerli xərclərdən artıq olan 79 milyon 985 min manatlıq hissəsinin mərkəzləşdirilmiş gəlirlərə aid edilməsi nəzərdə tutulur.
Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılacaq vəsaitin yuxarı həddi 3 milyon 39 min manat olacaq.
Naxçıvan şəhəri üzrə gəlirlər 88 milyon 196 min manat, yerli xərclər 15 milyon 675 min manat təşkil edəcək. Şəhərin gəlirlərinin xərclərdən artıq olan 72 milyon 521 min manatlıq hissəsi mərkəzləşdirilmiş gəlirlərə yönəldiləcək.
Rayonlar üzrə göstəricilər belədir:
Şərur rayonunda gəlirlər 6 milyon 800 min manat, yerli xərclər 6 milyon 585 min manat olacaq. Gəlirlərin xərclərdən artıq hissəsi 215 min manat təşkil edəcək.
Babək rayonunda gəlirlər 11 milyon 416 min manat, xərclər 4 milyon 266 min manat nəzərdə tutulub. Artıq gəlir 7 milyon 150 min manat olacaq.
Ordubad rayonunda gəlirlər 2 milyon 490 min manat, xərclər isə 4 milyon 357 min manat təşkil edəcək. Yerli gəlir və xərcləri tənzimləmək üçün 1 milyon 867 min manatadək vəsait ayrılması nəzərdə tutulur.
Culfa rayonunda gəlir və xərclər eyni məbləğdə - 3 milyon 859 min manat müəyyənləşdirilib.
Şahbuz rayonunda gəlirlər 4 milyon 110 min manat, xərclər 4 milyon 11 min manat olacaq. Artıq gəlir 99 min manat təşkil edəcək.
Kəngərli rayonunda gəlir və xərclər 3 milyon 265 min manat səviyyəsində nəzərdə tutulub.
Sədərək rayonunda gəlirlər 864 min manat, yerli xərclər isə 2 milyon 36 min manat olacaq. Bu fərqin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən 1 milyon 172 min manatadək vəsait ayrılması planlaşdırılır.
Büdcənin icrasında hansı qayda tətbiq olunacaq?
Layihəyə görə, büdcənin icrası zamanı ilk növbədə "Büdcə sistemi haqqında" qanunvericilikdə müdafiə olunan xərc maddələri maliyyələşdiriləcək. Digər xərclərin ödənilməsi isə Naxçıvan Muxtar Respublikası büdcəsinin daxilolmalarının vəziyyətindən asılı olacaq.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре