Hörmüz boğazında neft tankerində partlayış olub
Bu gün (27 noyabr) səhər saatlarında Hörmüz boğazının cənub hissəsində Qənəm adasının şimalından gizli şəkildə keçməyə cəhd edən iki neft tankerindən birində partlayış olub.
Day.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"İki neft tankeri Hörmüz boğazının cənub hissəsindən qeyri-qanuni marşrutla keçməyə cəhd edib. Lakin tankerlərdən birinin dəniz minasına düşərək partlaması nəticəsində ikinci tanker geri qayıtmağa məcbur olub", - deyə məlumatda qeyd olunub.
SEPAH bildirib ki, ötən günlər ərzində Hörmüz boğazından qeyri-qanuni şəkildə keçməyə cəhd edən neft tankerlərinin sayı olduqca azalıb. Bu isə SEPAH-ın Hörmüz boğazının şərq və qərbinə tam şəkildə nəzarət etdiyini göstərir.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре