"Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalıdır"

Day.Az представляет новость на азербайджанском языке

"1-5 iyul 2016-cı il tarixdə ATƏT PA-nın Tbilisidə keçiriləcək 25-ci illik sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca bir tədbirin keçirilməsi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə münaqişənin həlli yollarının müzakirə olunması çox önəmlidir".

Day.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın millət vəkili, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev deyib.

O qeyd edib ki, bu məsələ ATƏT PA-nın aprelin 11-də Kopenhagendə keçirilən Büro iclasında müzakirə olundu: "Hesab edirəm ki, ATƏT PA Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli ilə bağlı yaxından əməkdaşlıq etməli və sülh danışıqlarının gedişatını bir növ nəzarətdə saxlamalıdır. Minsk qrupunun həmsədləri isə mütəmadi olaraq görülən işlər, problemin həlli və bu istiqamətdə irəli sürülən təkliflər və tərəflərin ona münasibəti haqqında ATƏT PA-ya daim məlumat verməlidir".

A.Quliyev əlavə edib ki, bu cür qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi məsələnin tezliklə həllinə, danışıqlarda səmimi və konstruktiv mühitin yaranmasına sanballı töhfə verər: "Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalı və işğalın nəticələri tezliklə aradan qalxmalıdır. Bu baxımdan ATƏT-in aidiyyəti institutlarının fəaliyətinin effektiv koordinasiyasına indi əvvəlkindən daha çox ehtiyac var. Ümid edirəm ki, Tbilisidə yay sessiyası çərçivəsində belə bir dinləmənin keçirilməsi mümkün olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.