"Ermənilər Ağdamda 50 ev və obyekt dağıdıb" - İcra başçısı - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
----------
14:28
Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda ziyan çəkmiş fərdi yaşayış evi və obyektlərin sayı artır. İlkin dəqiqləşdirmələrə görə, ötən gecə Ağdamda 84 evə ciddi ziyan dəyib.
Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "Hazırda dəqiqləşdirmələr davam etdirilir. İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 evin ciddi zədələndiyi barədə məlumat alsaq da, həmin kənddə daha çox evə ziyan dəydiyi güman edilir. Hazırda Çəmənli kəndində həlak olmuş kənd sakininin dəfni ilə əlaqədar bu kəndə dəymiş ziyanı müəyyənləşdirmək hələlik mümkün olmayıb. Günün sonuna kimi bu məlumatları dəqiqləşdirməyə çalışacağıq. Həmin kənddə hələ ki 1 evin tam dağıldığı, 1 avtomobilin yararsız vəziyyətə düşdüyü deyilir".
İcra başçısı deyib ki, səhər saatlarında Qaradağlı kəndində 27 evin ciddi zədələndiyi barədə məlumat olsa da, hazırki dəqiqləşdirmələrə görə, həmin evlərin sayı 36-dır, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 evə ziyan dəydiyi bildirilirdi ki, hazırda bu rəqəm də 16-dır: "Bunlardan 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Bundan başqa, rayonun Əfətli kəndində 21 ev ziyan çəkib, iki ev tam dağılıb. Hazırda bununla bağlı kəndlərdə araşdırmalar davam etdirilir".
----------
12:47
Ötən gecə erməni hərbi birləşmələrinin ağır artilleriyadan endirdiyi zərbələr nəticəsində Ağdam rayonunda evlərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.
APA-nın xəbərinə görə, Ağdam rayon Fövqəladə Hallar Komissiyası mərmilərin düşdüyü yerləri müəyyən edib, dəyən ziyanı araşdırmağa başlayıb.
Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov bildirib ki, ümumilikdə rayon üzrə 30 yaşayış evi tamamilə yararsız hala düşüb, 50-dək evə isə qismən ziyan dəyib: "Təkcə Çəmənli kəndində 5 evə ciddi ziyan dəyib, bir mülki şəxs həyatını itirib, yeddi nəfər qəlpə yarası alıb. Fərdi yaşayış evləri ilə yanaşı, qaz, işıq, su və rabitə xətlərinə də ciddi ziyan dəyib".
Çəmənli kənd sakini Zeynəb Şükürovanın həyətinə 2 top mərmisi düşüb. Mərmilər yaşayış evini tamamilə dağıdıb. Ev sahibinə məxsus 1 at ölüb, 1 iribuynuzlu heyvan yaralanıb, 30-dan çox toyuq-cücə tələf olub.
----------
11:25
"Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".
Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.
O qeyd edib ki, aprelin 1-dən bu günədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-ə keçən gecə olub:
"Ötən gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Gecə atəşkəsin pozulması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Ağdam Rayon İcra Hakimiyyəti nümayəndəliyinin mühasibi isə kontuziya alıb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb".
İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfədlidə 7 ev dağıdılıb: "Hazırda araşdırma gedir, ola bilsin ki bu rəqəmlər artsın. Ötən gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndəriliblər. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".
---------
09:35
Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evi və obyektə ciddi ziyan dəyib. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Bundan başqa, Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Zənguşalı kəndində "Qara İnək" fermer təsərrüfatında ağır artilleriya atəşi nəticəsində təsərrüfarda olan 11 inək ölüb, 19 inək xəsarətlər alıb. Hazırda rayon ərazisində mərmi zərbələrindən dağıdılan və zərər çəkən digər ev və obyektlərin sayı dəqiqləşdirilir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре