"Opinion Way": Seçici fəallığı 66,8 faiz olub

Day.Az представляет новость на азербайджанском языке

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutu Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, Bakıda mətbuat konfransında qurumun idarəçi direktorunun müavini Bruno Janbart deyib, institutun referendumla bağlı 152 seçki məntəqəsi və 118 dairədə keçirdiyi "exit-poll"un nəticələrinə əsasən seçicilərin fəallığı 66,8 faiz təşkil edib.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.