Heydər Əliyevin mirası - müstəqil, çiçəklənən Azərbaycan

Day.Az представляет новость на азербайджанском языке

Heydər Əliyev - müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.

Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində etiraz etmək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq bu cəsarəti göstərdi, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi, bu yolda hətta canını əsirgəmədiyini ortaya qoydu.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə ayırmaq olar: 1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi; 2. Müstəqil Azərbaycanın inkişaf dövrü.

Müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsi

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir mərhələ idi. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə çox böyük çətinliklərlə, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki hakimiyyətin siyasi səriştəsizliyi bizi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuş, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, "kürsü davası" ölkəmizi hər gün uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq əvəzinə, bəzi siyasi "lider"lərin rəhbərliyi altında hakimiyyət uğrunda bir-birilərinə qarşı mübarizə aparırdılar. Ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yaranmışdı. Siyasi böhranla yanaşı, ölkədə hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi. Ölkə dərin xaos, anarxiya, çaşqınlıq içində idi, artıq xalqın bu gündən sabaha ümidi, inamı qalmamışdı, nə edəcəyini bilmirdi.

Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.

Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.

1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) 91,9 faiz səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq münasibətlərin qurulması

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.

Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.

Ümummilli liderin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlər idi.

Beləliklə, ulu öndər Heydər Əliyevin düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin qurulması, həm mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dünyada qəbul edilməsi istiqamətində böyük uğurlara imza atıldı. Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş və balanslaşdırılmış xarici siyasət sayəsində müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildi, dünyanın ən mötəbər təşkilatlarına üzv qəbul edildi, beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.

Müstəqil Azərbaycanın iqtisadi inkişaf dövrü

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Yeni neft strategiyası

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ümummilli lider neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.

Daha sonra Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmağa başladı.

Neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.

Beləliklə, ulu öndər Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.

Makroiqtisadi sabitlik

Ümummilli liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrik, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirildi.

İnfrastrukturun inkişafı

Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi oldu və müasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atdı. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Aqrar islahatlar

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verdi, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparıldı, yeni sahələr yarandı, məzmunca fərqli münasibətlər formalaşdırıldı. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlandı.

Özəl sektorun inkişafı

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Regionların inkişafı

Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi oldu. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların inkişafına əlverişli zəmin yaratdı.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başladı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Müstəqil Azərbaycanda təhsilin inkişafı

Ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, şərəfli müəllim əməyi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinin qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.

Ulu öndərin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. Ümummilli liderin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci il tarixli sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanmışdır. 15 iyun 1999-cu il tarixli sərəncamla qəbul оlunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Prоqramı" bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 23 iyun 2000-ci il tarixli fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 ok­tyabr 2002-ci il tarixli sərəncam da müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür. Təhsilin istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə 23 avqust 1996-cı ildə "Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında" Qərarın qəbulu və icrası da özünün müsbət nəticələrini verməkdədir.

Ümumiyyətlə, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir.

Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Təkcə bir faktı qeyd edək ki, böyük dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqları doqquz dəfə artırılmışdır.

Ümumiyyətlə, Azərbaycan təhsilinin sоn qırx ildən artıq bir dövrdəki inkişafı, yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır.

Mədəniyyətə göstərilən qayğı

XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısını çəkirdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu "Şöhrət" ordeninə layiq görüldü.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, "Azərbaycanfilm"in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Azərbaycanda ilk filmin nümayiş etdirildiyi 2 avqust tarixi (1898-ci il) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlandı. Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi, muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etməyə başladı.

Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir.

Yuxarıda qeyd olunanlar ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsi idi.

Göründüyü kimi, 25 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti - müstəqil Azərbaycanı miras qoydu.

Elçin Mehdiyev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.