Prezident İlham Əliyev Sadır Japarova təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli Sadır Nurqojoyeviç,
31 Avqust - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qardaş Qırğızıstanda Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar və layihələr ölkənizin hərtərəfli inkişafına, xalqınızın sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.
Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaradıb.
Bu gün ölkələr arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq.
İyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərinizi və apardığımız müzakirələri yüksək qiymətləndirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре