Türkiyə rəsmisi Bakının Rusiya ilə vasitəçilik etməsini istəyəcək?
Day.Az представляет новость на азербайджанском языке
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərə gəlib. Bu gün o, Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
M.Çavuşoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Türkiyənin xarici işlər naziri, həmçinin Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra M.Çavuşoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.
Sual olunur: Türkiyənin baş diplomatının Azərbaycana budəfəki səfəri nə ilə əlaqədardır? İstisna deyil ki, Türkiyədə 1 noyabr parlament seçkilərindən sonra formalaşan yeni hökumətdə nazir postunu tutan M.Çavuşoğlunun dost və qardaş ölkəyə səfər etməsi sadəcə protokol xarakteri daşıyır. Güman ki, nəzərdə tutulan görüşlər zamanı da dostluq və qardaşlığın möhkəmlənməsi və inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq, yeni sənədlərin imzalanmasının təməli atılacaq.

Amma Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyənin rəsmi Moskva ilə münasibətlərinin korlanması və gərginləşməsi fonunda M.Çavuşoğlunun məhz Bakıya səfər etməsi regional geosiyasi məsələlər baxımından da maraq doğurmaya bilməz. Belə ki, məlumdur ki, təyyarə olayından sonra rəsmi Moskva Türkiyənin münasibətləri mülayimləşdirmək üçün edilən, demək olar ki, bütün cəhdlərini rədd edir. Ona görə də belə məsələlərdə kiminsə vasitəçilik missiyasından istifadə etmək zərurəti yaranır. Rəsmi Bakıdan isə bu rol üçün daha yaxşı namizəd ola bilməz. Çünki Azərbaycanın Türkiyə ilə münasibətləri dost və qardaş zəminində qurulduğu kimi, şimal qonşusu Rusiya ilə münasibətləri də strateji müttəfiqlik səviyyəsindədir.

Xatırladaq ki, Azərbaycan rəsmiləri də rəsmi Bakının Rusiya ilə Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçi rolunu oynaya biləcəyini istisna etməmişdilər. Belə ki, Azərbaycanın Türkiyə-Rusiya əlaqələrinin belə gərginləşməsinə təəssüf etdiyini bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb: "Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

Əgər rəsmi Bakı bir günün içində strateji müttəfiqlikdən müharibə etmək həddinə çatan iki böyük dövlət arasında münasibətlərin düzəlməsinə həqiqətən də yardım edə bilsə, bu, Azərbaycanın nəinki bölgədə, bütün dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərində nüfuzuna müsbət təsir edə bilər.
Milli.Аz
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре