Ev tikmək üçün bu şərtlərə riayət olunmalıdır

Day.Az представляет новость на азербайджанском языке. 

Azərbaycanda fərdi yaşayış evi tikmək üçün vətəndaşlar torpaq sahələri alırlar. Milli.Az-ın məlumatına görə, bəzi hallarda onlara aldığı torpaqlarda ev tikmək qismət olmur. Torpaqda ya qanunsuz olduğuna görə tikintiyə icazə verilmir, ya da vətandaş tikdiyi evi və torpağı sənədləşdirə bilmir. Bəs vətəndaşlara hansı torpaqları almaq məsləhətdir?

Ekspertlər deyirlər ki, alınması məsləhət görülməyən torpaq sahələri qanunvericiliklə tələb olunan sənədləri olmayan torpaqlardır. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru, ekspert Ramin Osmanlı Milli.Az-a açıqlamasında bildirdi ki, vətəndaşlar adətən torpağı fərdi yaşayış evinin tikintisi üçün alırlar. Bu zaman onlar daha çox yaşayış massivinin böyüklüyünə və orada aparılan tikintinin çoxluğuna diqqət yetirirlər.

Ekspert məsləhət görür ki, torpaq alarkən həmin sahənin təyinatına fikir vermək lazımdır. Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqları alıb orada ev tikmək gələcəkdə sənədləşdirmədə ciddi problemlər yarada bilər. Eyni zamanda sahibkarlıq fəaliyyəti təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisini aparan vətəndaş sabah həmin evin sənədləşdirilməsində çətinliklə üzləşəcək.

R.Osmanlı hesab edir ki, vətəndaşın alacağı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün olması zəruri şərtlərdən biridir.

"Bakı şəhəri və respublikanın bir çox yerlərində rast gəlinən məsələlərdən biri kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ilə bağlıdır. Vətəndaşlar torpaq alarkən bu amilə fikir verməlidirlər. Torpağın sənədində onun təyinatı göstərilir. Dövlət reyestrindən çıxarışda, hətta bələdiyyə sənədində də torpağın təyinatı göstərilir. Əgər torpaq pay torpağıdırsa, onun mülkiyyətə verilməsi ilə bağlı şəhadətnaməsi olmalıdır. Həmin şəhadətnamədə torpağın təyinatı göstərilir. Sənədə diqqətlə baxmaqla sənədin qanuni və ya qanunsuz olmasını bilmək olar. Qanuni olmadığı halda həmin torpağı almaqdan imtina edilməlidir.

Bu gün bələdiyyə sənədi ilə torpaq alınması risklidir. Bələdiyyə sənədi ilə alınmış torpağın özəlləşdirilməsi mümkündür. Ancaq bəzən bələdiyyə sənədinin özü leqal deyil. Bunu vətəndaş bələdiyyədən həmin torpaq sahəsinin çıxarışını tələb etməklə öyrənə bilər. Dövlət reyestrindən çıxarışı olmayan torpaqların alınması məsləhət deyil. Təəssüf ki, vətəndaşların əksəriyyəti bundan məlumatsızdır", - deyə ekspert fikrini əsaslandırdı.

R.Osmanlı qeyd etdi ki, torpaq alqı-satqısı Dövlət Topaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətərinə aid məsələdir. Hərrac keçirilmədən torpağın satılması, sənədəşdirilməsi qanunlara ziddir.

Parlamentin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Milli.Az-a bildirdi ki, bu gün vətəndaşlar, əsasən, bələdiyyə torpaqlarını mülkiyyətə çevirə və ya icarəyə götürə bilirlər. Dövlət fondunda olan torpaqlar da müəyyən strukturlara icarəyə verilir, ancaq alqı-satqı predmeti olaraq bələdiyyə torpaqlarıdır.

Millət vəkilinin sözlərinə görə, ümumi ictimai yerlər üçün nəzərdə tutulan torpaqlar, meşə zolağı, dəmir yolu kənarı torpaqlar mülkiyyətə verilmir: "Bələdiyyə torpaqları alqı-satqı edilir. Bu torpaqları gələcəkdə özəlləşdirmək mümkündür. Əgər bələdiyyələr mülkiyyətə həyətyanı torpaq sahəsi verirsə, bu torpaq mütləq özəlləşdirilməlidr. Ola bilsin ki, müəyyən müddət özəlləşdirilməsin, ancaq sonra özəlləşdirilərək xüsusi mülkiyyətə çevirilir".