Səbail rayonunda 2015-ci ilin 6 ayının yekunları müzakirə olunmuşdur

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
 

İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
 

Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 7 milyard 797,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 214,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 5.5 % çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən isə 65,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 5,3 % çox rabitə xidmətləri göstərilmişdir.
 

6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 3 milyard 460,6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,6 % artmışdir. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2 milyard 288,9 milyon manat və ya əvvəlki dövrlə miüqayisədə 2,1 dəfə çox olmuşdur.
 

Yanvar-iyun aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 109,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,7 % çox istehlak malları satılmışdır.
 

Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 130.5 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.8 % çoxdur.
 

2015-ci ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111217 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1089,6 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 12,3 % çoxdur.
 

6 ay ərzində Səbail rayonu ərazisində 1034 yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir.
 

Hesabat dövrü ərzində Bakı Su İdmanı Sarayının, "İnturist" otelinin, Veloparkın, Avropa Oyunları Parkının, Dövlət Bayrağı Meydanı ərazisində YARAT Müasir İncəsənət Mərkəzinin, yeni Daş salnamə muzeyinin, Azərbaycan Evinin, Bayıl bulvarının, Avropa Oyunları Parkının qarşısında yaradılmış parkın, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin, "Sülh ağacı" abidəsinin, "Kiçik Venesiya şəhərciyi"ndə Avropa Qonaqpərvərlik Klubunun Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin binasının açılış mərasimləri keçirilmiş, əsaslı təmirdən sonra Bakı İdman Sarayı istifadəyə verilmişdir.

Ha​zır​da rayonda "Alov qüllələri" kompleksinin, Dənizkənarı Milli Parkda "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni Xəstəxananın, yeni İdman Kompleksinin, yeni Otelin və 3 ədəd yeni su anbarlarının, mərkəzdə yeni "İnterkontinental" və "Dinamo" mehmanxanalarının, yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Səbail RİH-nin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, R.Mustafayev adına İncəsənət muzeyinin əsas binasının və 190 saylı orta məktəbin əsaslı təmiri davam edir.
 

Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatdırılmışdır.
 

Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Cari ilin ilk yarısı ərzində Üz.Hacıbəyov küçəsində 2 ədəd, Xaqani küçəsində 6 ədəd, Ə.Əlizadə küçəsində 1 ədəd, Adil İsgəndərov küçəsində 2 ədəd, Zərifə Əliyeva küçəsində 5 ədəd, Neftçilər prospektində və Səməd Vurğun küçəsində 1 ədəd, və Bülbül prospekti 3 ünvanındakı yaşayış binalarının, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi başa çatdırılmışdır. Hazırda Mətbuat prospekti 2 və İ.Məmmədov küçəsi 2 "a" ünvanlarındakı binaların üzlənməsi davam edir.
 

Həmçinin dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar Səbail rayonunda yanma təhlükəsi olan materiallarla üzlənmiş 9 ədəd yaşayış binasının poleuretan və penoplast üzlük panelləri tam demontac olunmuş, binaların fasadına suvaq çəkilərək müasir üslubda rənglənmişdir.
 

Hesabat dövrü ərzində Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üz.Hacıbəyov, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır.

Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə start götürmüş "Ümumrespublika Yaşıllaşdırma" marafonu layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağasəkmə aksiyası keçirilmiş, bu zaman 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.
 

Əlavə olaraq şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektiləri, ərazidəki park və istirahət bağlarında və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır.

Bu il iyun ayının 12-dən 28-ə kimi Azərbaycanda ilk dəfə olaraq çox böyük və mötəbər idman yarışması - ilk Avropa Oyunları keçirilmişdir. Həmin oyunlarla bağlı paytaxtımızin mərkəzi rayonu olan Səbail rayonunda da böyük hazırlıq və geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Belə ki, oyunların keçirildiyi məkanların 5-i - Su İdmanı Sarayı, Apropa Oyunları parkı, Bakı İdman sarayı, Velopark, və Dövlət Bayrağı Meydanındakı "Cristall-Holl" zalı, həmçinin "Bakı-2015" Əməliyyat Komitəsinin baş ofisinin məhz Səbail rayonunda yerləşmişdir.
 

Oyunlara hazırlıq dövründə Su idmanı sarayının tikintisi ilə bağlı həmin ərazilərdəki fərdi yaşayış evlərinin, qeyri yaşayış və digər təyinatlı tikililərin sökülməsi, sakinlərin köçürülməsi təmin olunmuş və geniş miqyaslı abadlıq işləri aparılmışdır. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunmuşdur.
 

Yeni tikilmiş Su İdmanı sarayı, "Baku Sport City" və "Şıx" ərazisindəki "Velopark" ilə bərabər, Bakı İdman Sarayında əsaslı təmir-yenidənqurma və Dövlət Bayrağı Meydanındakı "Kristall-Xoll"da da təmir işləri aparılmış, bu obyektlər yarışlara tam hazır vəziyyətə gətirilmişdir.
 

Həyata keçirilən işlərin nəticəsidir ki, Oyunların keçirildiyi vaxt rayondakı bütün idman obyektlərində yarışlar ən yüksək səviyyədə keçmiş, heç bir problem yaşanmamışdır.
 

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.