Paşinyan sülh prosesini necə dağıdır?

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutulub.

Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Təxribatdan sonra Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib.

Ermənistan bir neçə gün əvvəl də şərti sərhəddə təxribat törətmişdi. Həmin vaxt Azərbaycan qarşı tərəfə sərt cavabı nəticəsində düşmən itki vermişdi. Amma görünür, rəsmi İrəvan bölgədə vəziyyəti gərginləşdirməkdə inadlıdır.

Bu təkcə özünü atəşkəsin pozulması ilə deyil, həm də Ermənistanın sürətlə silahlanması, baş nazir Nikol Paşinyanın ziddiyyətli bəyanatları ilə də göstərir.

Sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edən İrəvan, bu gün Parislə hərbi əməkdaşlıqla bağlı müqavilə imzalayıb.

Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə deyib ki, azım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcəklər. Makron hakimiyyəti bundan əvvəl də Ermənistana hərbi yardımlar göndərib, silah satışı həyata keçirib.

Paşinyan isə Fransanın dəstəyindən ürəklənərək, hərbi ritorika ilə danışmağa davam edir.

Məsələn, baş nazir "France 24" telekanalına verdiyi müsahibədə deyib ki, Azərbaycan müharibəyə hazırlaşır. Amma bu gün atəşkəs Ermənistan tərəfindən pozulub. Bundan əvvəl atəşkəs pozulanda məlumat yayılmışdı ki, hərbi təxribatı törədən erməni hərbçilər cinayət məsuliyyətinə cəlb oluna bilər. Baş nazir rəsmi görüşlərdə də sülhə meyilli açıqlamalar verir. 

Sanki Paşinyan sülh prosesinə sadiqlik görüntüsü yaradır. Arxa planda isə silahlanmağa, ara-sıra sərhəd təxribatları törətməyə davam edir.

Aydındır ki, bu təxribatların kökündə sülh prosesinin pozulması ilə bağlı hədəflər dayanır. Ermənistanın Fransa ilə yaxınlaşmasının başqa bir nəticəsi ola bilməz. Çünki rəsmi Paris Cənubi Qafqazda vəziyyətin daim gərgin qalmasında maraqlıdır. Ona görə də Makron hakimiyyəti Ermənistana maksimum dərəcədə hərbi yardım göstərir ki, İrəvan təxribat törətməkdən çəkinməsin.