"8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək, ixrac imkanlarını artıracaq

Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılışı ölkənin enerji strategiyasının uğurlu nəticəsi olmaqla yanaşı, gələcəyə hesablanmış uzaqgörən siyasətin təzahürüdür. Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində qazanılmış böyük Qələbənin şərəfinə adlandırılmış "8 Noyabr" Elektrik Stansiyasının açılışı ilə təkcə energetika sahəsində deyil, eyni zamanda milli iqtisadiyyat və təhlükəsizlik sistemində də yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bu hadisənin strateji miqyasını tam aydın şəkildə göstərdi: bu, ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının genişlənməsi və Azərbaycanın regional energetika mərkəzinə çevrilməsi baxımından mühüm addımdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "8 Noyabr" Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Bunlara enerji sisteminin səmərəliliyinin artırılması, potensial, generasiya gücünün artması, eyni zamanda, şərti yanacaq sərfiyyatının azaldılması və beləliklə, təbii qaza qənaət etmək üçün imkan yaratması və qənaət edilən təbii qazın ixraca yönləndirilməsi daxildir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Azərbaycanın enerji siyasətinə toxunan politoloq qeyd edib ki, Azərbaycanın müasir enerji siyasətinin təməli hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub.

"Məhz onun rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində dərin böhran şəraitində xarici sərmayələrin ölkəyə cəlbi təmin olundu, "Əsrin müqaviləsi" imzalandı, neft-qaz hasilatı və nəqli üzrə infrastruktur quruldu. Energetikanın lokomotiv rolunu oynadığı bu mərhələ Azərbaycanın gələcək inkişafının təməl daşlarından biri oldu. Ulu Öndər Heydər Əliyev Mingəçeviri həmişə Azərbaycan iqtisadiyyatının strateji mərkəzlərindən biri kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə burada yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası illər boyunca ölkənin enerji təminatında mühüm rol oynadı. Bu gün isə Mingəçevirdə istifadəyə verilən yeni "8 Noyabr" Elektrik Stansiyası həmin enerji siyasətinin daha güclənməsi və şaxələnməsidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, son 20 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektoru tamamilə yenidən qurulub.

"Əgər 2003-cü ildə Azərbaycan əsasən daxili tələbatını qarşılamağa çalışan ölkə idisə, bu gün həm region ölkələrinə, həm də Avropaya elektrik enerjisi ixrac edən etibarlı tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, hazırda "Azərbaycan" Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Yəni yalnız Mingəçevir Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu istehsal olunur. "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın müasir mühəndislik imkanlarını və beynəlxalq əməkdaşlıq potensialını nümayiş etdirən bir layihədir. Çin və İtaliya şirkətlərinin iştirakı ilə tikilmiş bu stansiya 1880 MVt gücə malikdir və ən müasir texnologiyalarla təchiz olunub. Bu iki ölkənin şirkətlərinin də bu layihədə iştirakı, təbii ki, önəmli hadisədir. Belə ki, Azərbaycanın həm İtaliya, həm Çin ilə strateji tərəfdaşdır. Ticarət dövriyyələrimizə nəzər salsaq, İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır, Çin də bu istiqamətdə ön sıralardadır. Hər iki ölkə Azərbaycan üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşıdır. Bütün bunlar da məhz bu iki ölkənin şirkətlərinin belə bir böyük layihəmizdə iştirakının səbəblərini izah edir", - o bildirib.

Politoloq qeyd edib ki, ölkəmiz bu gün artıq enerji idxalçısı yox, ixracatçısıdır.

"Bu, sadəcə texniki göstərici deyil, həm də siyasi və iqtisadi güc göstəricisidir. "8 Noyabr" stansiyasının işə salınması ilə Azərbaycanın enerji ixrac potensialı daha da genişlənəcək. Yeni stansiya təkcə daxili tələbatı ödəməyəcək, həm də Avropa İttifaqı ölkələrinə və region dövlətlərinə sabit və keyfiyyətli enerji təchizatı imkanı yaradacaq. Belə ki, bunun sayəsində ölkəmizdə təbii qazın istifadə qənaət etmək imkanı yaranacaq. Qənaət edilən əlavə təbii qazı isə ixrac etmək imkanımız olacaq. Bu da, öz növbəsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun daha da yüksəldilməsinə gətirib çıxaracaq", - o bildirib.

Onun sözlərinə görə, açılış mərasimində çıxış edən İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso da Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

"İtaliya üçün də Azərbaycan, təbii ki, çox önəmli tərəfdaşdır. İki ölkə arasında illərdir mövcud olan enerji tərəfdaşlığı günü-gündən inkişaf etməkdədir. "8 Noyabr" stansiyası da bu əməkdaşlığın növbəti istiqamətidir. Adolfo Ursonun da qeyd etdiyi kimi, energetika sahəsində İtaliya ilə Azərbaycan arasında olan bu inkişaf göz qabağındadır. Bu cür layihələr sayəsində ölkələr arasında digər sənaye və istehsal sektorlarında da əməkdaşlıq inkişaf edir. "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri də, öz növbəsində, qeyd etdi ki, Azərbaycan Respublikası öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcıl enerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır: "Təbii qaz təchizatçısı kimi rolu və infrastrukturun modernləşdirilməsi sahəsindəki səyləri Azərbaycanı qlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirib". Bildiyiniz kimi, "Ansaldo Energia" Azərbaycan ilə işğaldan azad edilmiş ərazilərdə də əməkdaşlıq edir. Orada bu şirkət tərəfindən dörd yarımstansiya avadanlıqla təmin edilib. Fabrizio Fabbri onu da qeyd etdi ki, "Ansaldo Energia" Azərbaycan Respublikasının innovasiya yolunun bir parçası olmaqdan qürur duyur. Bu da həm İtaliyanın, həm də İtaliya şirkətlərinin Azərbaycan ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olduqlarının və məmnun olduqlarının növbəti göstəricisidir", - o bildirib.

A.Qarayev qeyd etdi ki, Çinin "Dongfang Electric İnternational Corporation" şirkəti də bu layihədə ən önəmli yerlərdən birini tutur.

"Belə ki, "Dongfang Electric İnternational Corporation" bu layihədə əsas avadanlıq təchizatçısı kimi çıxış edib. Şirkətin İdarə Heyətinin sədri Çen Qianq da çıxışında buna böyük önəm verdiklərini və bunun şirkətə olan etimadın göstəricisi olduğunu bəyan edib. Bu şirkət ilə Azərbaycanın enerji sektoru arasında uzunmüddətli və geniş əlaqələr mövcuddur. On beş il əvvəl Mingəçevir Su Elektrik Stansiyası üçün əsas hidrogenerasiya bloklarını da məhz "Dongfang Electric İnternational Corporation" təmin edib. İki il əvvəl isə Azərbaycanın ən böyük Günəş enerjisi layihəsində "Dongfang" şirkəti mühəndislik, təchizat və tikinti podratçısı olub. Bütün bunlar Azərbaycanın Çin və Çin şirkətləri ilə, eyni zamanda Çinin də Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini təsdiq edir", - o bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında çox mühüm bir məqama da toxundu: Vətən müharibəsi dövründə Ermənistan Mingəçevirə raket zərbəsi endirməsi.

"Dövlət başçısının da qeyd etdiyi kimi, bunun məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Ermənistanın bu addımı da bir daha sübut edir ki, enerji infrastrukturu həm də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. "8 Noyabr" stansiyası kimi strateji obyektlər yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır", - o bildirib.

Politoloq həmçinin Prezident İlham Əliyevin son günlərdə Yevlaxa, Goranboya da səfərlərini xatırladıb.

"Dövlətimizin başçısı Yevlaxda bir sıra açılışlarda, o cümlədən Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu, Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılışında, Goranboyda isə "Konstralab Industries" QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Ötən gün də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılışı Prezident İlham Əliyevin regionlarımızda inkişafa xüsusi diqqətinin növbəti təzahürüdür", - o bildirib.

Bundan əlavə, A.Qarayev bugünkü mürəkkəb geosiyasi böhranlar, enerji münaqişələri və regionlararası qarşıdurmalar fonunda Azərbaycanın energetika sahəsində önəminə toxunub.

"Ukraynada müharibə, Yaxın Şərqdə gərginlik və Avropa bazarında qeyri-sabitlik enerji məsələsini strateji səviyyəyə qaldırıb. Belə bir şəraitdə Azərbaycanın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın enerji layihələrinə olan marağın artması - istər elektrik enerjisi, istərsə də qaz və yaşıl enerji sahəsində - məhz bu sabit mühitin məhsuludur. Məhz bütün bunların fonunda Azərbaycanın enerji ixrac etdiyi ölkələrin sayı artır, Azərbaycan enerjisinə daha çox ölkə maraq göstərir və Azərbaycan regionun, həmçinin Avropanın enerji təhlükəsizliyində rolunu artırır", - o bildirib.

Yekunda A.Qarayev qeyd edib ki, "8 Noyabr" Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil - o, enerji müstəqilliyinin, gücünün, Azərbaycanın enerji sahəsində gördüyü işlərin, inkişafın və eyni zamanda sabitliyin rəmzidir.

"Bu stansiyanın açılışı Prezident İlham Əliyevin liderliyində aparılan siyasətin parlaq göstəricisidir. Energetika sahəsində atılan bu addım Azərbaycanın strateji təhlükəsizliyini, iqtisadi dayanıqlığını və beynəlxalq nüfuzunu bir qədər də artıracaq. Böyük Qələbənin simvolu olan "8 Noyabr" adı bu dəfə enerji sahəsində yeni bir qələbənin üstündə əbədiləşdi. Azərbaycanın parlaq gələcəyi isə bu güclü və planlı siyasətin davamında dayanır", - politoloq əlavə edib.