Ötən ay Qarabağ və Şərqi Zəngəzurda neçə yaşayış məntəqəsinə internet xətti çəkilib?

Cari ilin yanvar ayı ərzində işğaldan azad olunan ərazilər üzrə ümumilikdə 435 yaşayış məntəqəsi və biznes subyekti telekommunikasiya xidmətləri ilə təmin edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Aztelekom" MMC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, AZCON Holdinq şirkətlərindən olan "Aztelekom" MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir:

"Azad edilən ərazilərdə ümumilikdə 9 şəhər, 28 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 7,937 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) şəbəkəyə qoşulub.

Ərazilərdə quraşdırılmış 29 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb".

"Aztelekom" MMC-dən əlavə edilib ki, Qarabağ regionu üzrə layihənin nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.