Əhalinin 65%-i müqaviləsiz çalışır - Deputat rəqəm açıqladı
Azərbaycanda məşğul əhalinin yalnız 35 faizi əmək müqaviləsi ilə çalışır, digər 65 faizi isə əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər bu nisbətin dəyişməsinə və rəsmi əmək müqaviləsi ilə çalışanların sayının artmasına imkan yarada bilər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 385 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfər təşkil edir.
Deputatın sözlərinə görə, muzdla, yəni əmək müqaviləsi əsasında çalışanların sayı 1 milyon 776 min nəfərdir. Onlardan 834 min nəfəri dövlət, 942 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
V.Bayramov qeyd edib ki, bu göstəricilər məşğul əhalinin yalnız 35 faizinin əmək müqaviləsi ilə çalışdığını, qalan 65 faizinin isə əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyini göstərir.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliklər bu nisbətin dəyişməsinə və əmək müqaviləsi ilə çalışan vətəndaşların sayının artmasına gətirib çıxara bilər.
"Əmək müqaviləsi ilə çalışmaq sadəcə vergi ödənişləri deyil, həmçinin əmək hüquqlarının qorunması və pensiya təminatı baxımından vacibdir", - deyə deputat vurğulayıb.
V.Bayramov çıxışında Əmək Məcəlləsinin əlavə iş yerlərində çalışma imkanlarını tənzimləyən müddəasına da toxunub.
O bildirib ki, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi əlavə iş yerində çalışdıqda onun həftəlik iş vaxtı norması əsas iş yeri üzrə müəyyən edilmiş normanın yarısından çox olmamalıdır.
Deputat qeyd edib ki, işçinin əlavə iş yeri üzrə iş vaxtı əsas iş yerində müəyyən edilmiş iş vaxtından sonraya düşürsə, bunun üçün işəgötürənin icazəsinin alınmasına ehtiyac yoxdur. Lakin əlavə iş əsas iş yerindəki iş vaxtına təsadüf edirsə, işəgötürənin icazəsi mütləqdir.
O bildirib ki, mövcud müddəa əlavə iş yerlərində çalışmağı tam qadağan etməsə də, bu imkanı məhdudlaşdırır.
"Bu maddəyə yenidən baxılmasına və onun dəyişdirilməsinə ehtiyac var. Çevik iş rejiminə keçildiyi bir dövrdə belə məhdudiyyətlər arzuolunan deyil", - deyə V.Bayramov bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре