TRACECA Orta Dəhlizin inkişaf strategiyasını təqdim edib
Hökumətlərarası TRACECA Komissiyasının Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev Çinin Çjençjou şəhərində keçirilən "Trans-Caspian Corridor Industry & Investment Forum 2026" forumunda Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin inkişaf strategiyasını təqdim edib.
TRACECA-nın məlumatına görə, forum Çinin 23-cü Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi və Logistika Sənayesi Həftəsi çərçivəsində keçirilib. Tədbirin təşkilatçıları Çin Kommunikasiya və Nəqliyyat Assosiasiyası və "Beijing Trans-Eurasia International Freight Forwarding Co., Ltd." olub.
Forumda dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, sahəvi assosiasiyaların, eləcə də Çin və Avrasiya regionunun aparıcı logistika, dəmir yolu və texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər.
Jasurbek Çoriyev "Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə ümumi strategiya, tranzitin asanlaşdırılması üçün çoxtərəfli mexanizmlər və regional bağlantı planları" mövzusunda məruzə ilə çıxış edib.
O, çıxışında qlobal təchizat zəncirlərinin istiqamətinin dəyişdiyi bir şəraitdə Transxəzər marşrutunun artıq sadəcə alternativ istiqamət olmadığını, Avrasiya ticarəti üçün strateji zərurətə çevrildiyini vurğulayıb.
Baş katib, həmçinin TRACECA-nın institusional xüsusiyyətlərinə diqqət çəkərək bildirib ki, hökumətlərarası təşkilatın fəaliyyəti 1998-ci ildə imzalanmış hüquqi baxımdan məcburi Əsas Çoxtərəfli Sazişə əsaslanır.
Təqdimatda xüsusi diqqət hazırda üzv dövlətlərlə razılaşdırılma mərhələsində olan 2027-2036-cı illər üzrə Avropa - Qafqaz - Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişaf strategiyasına yönəldilib.
Sənəd TRACECA-nın milli səviyyədə görülən tədbirlərin əlaqələndirilməsindən dəhlizin inkişafının ölçülə bilən göstəricilər əsasında fəal idarə olunmasına keçidini nəzərdə tutur.
Strategiyada aşağıdakı hədəflər müəyyənləşdirilib:
- 2030-cu ilədək sərhədkeçmə müddətinin iki saat və ya daha az səviyyəyə endirilməsi;
- 2036-cı ilədək ayrı-ayrı marşrutlar üzrə yüklərin ümumi çatdırılma müddətinin 30 faiz azaldılması;
- 2032-ci ilədək nəqliyyat sənədlərinin 80 faizinin rəqəmsal formata keçirilməsi;
- 2036-cı ilədək konteyner daşımalarının payının iki dəfə artırılması və ekoloji cəhətdən təmiz nəqliyyatın payının 20 faizə çatdırılması.
Bu hədəflərə nail olmaq üçün TRACECA bir sıra alətlər tətbiq edir. Bunlara Dəhlizin Səmərəliliyinin Monitorinqi Sistemi (Corridor Performance Monitoring System), Dəhlizin Darboğazları və Buraxılış Qabiliyyəti Matrisi (Corridor Bottleneck and Capacity Matrix), eləcə də Dəhlizin Rəqəmsal Platformalar Ekosistemi (Corridor Digital Ecosystem of Platforms) daxildir.
Bundan əlavə, TRACECA Fondu və TRACECA Biznes Şurası vasitəsilə kapitalın cəlb edilməsi mexanizmləri də nəzərdə tutulub.
Forumda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının baş katibinin müavini Saut Şınıbayev, həmçinin multimodal daşımalar, TIR sistemi, elektrik nəqliyyatı və intellektual logistika avadanlıqları sahələrində fəaliyyət göstərən iri Çin şirkətlərinin rəhbərləri də çıxış ediblər.
Jasurbek Çoriyevin çıxışının ayrıca hissəsi Orta Dəhliz üzrə yüklərin ən böyük göndərilmə və təyinat bazarı olan Çinlə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə həsr olunub.
Baş katib intellektual logistika sahəsində texnoloji əməkdaşlıq, Çin biznesinin TRACECA-nın 2027-2030-cu illər üzrə prioritet infrastruktur layihələrinin həyata keçirilməsində iştirakı, həmçinin Çinə TRACECA-nın Əsas Çoxtərəfli Sazişi çərçivəsində müşahidəçi statusunun verilməsi yolu ilə dialoqun rəsmi şəkildə rəsmiləşdirilməsi perspektivlərini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре