Yadigar Muradov: "Toylara aşıq kimi yox, aparıcı kimi gedirəm"

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun Milli.Az xəbər portalına müsahibəsi
Bəziləri bəlkə də Aşıq Yediyarın Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov olduğunu bilmir. Çünki qaçqınlıq ömrü yaşayan, problemlər içində çapalayan bir teatrın rəhbəri olmaq və eyni zamanda Aşıq Yediyar kimi dərddən-kədərdən uzaq bir obraz yaratmaq daban-dabana ziddir. Amma Yadigar müəllim elə həyatda da nikbin, gülərüz insandır. İnanmırsınızsa, özünü dinləyin.
Qısa arayış: Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur.
Ailəlidir, 3 oğlu var.
- Bayaq özünüz barədə məlumat verəndə dediniz ki, "hələ ki, Şuşa Teatrının direktoruyam". Niyə "hələ ki"?
- Bəlkə sabah çıxartdılar, onsuz da bu Azad (müavini Azad Məmmədovu göstərir) yerimə göz dikib. Ya da ola bilər ki, bir az yuxarılara qalxam və onda Azadı ya öz yerimə qoyam, ya da özümlə aparam, onsuz da idarə işlərini yaxşı bacarır.
- Son zamanlar, deyəsən, Şuşa Teatrının tamaşaları seyrəlib.
- Biz elə həmin templə işləyirik. Yəqin, gəlib baxmamısınız. İldə 4-5 tamaşa təhvil veririk.
- Bu illərdə hansı uğurlarınız olub?
- Uğurumuz ondan ibarətdir ki, burada, çətinliklə olsa da, tamaşalar oynamışıq. 2002-ci ildə də kiçik bir uğurum oldu, respublikanın əməkdar artisti adına layiq görüldüm. Bizim teatrda iki əməkdar artist var: biri mənəm, o birisi də Şükufə Musayevadır. O, həm də döyüşçü olub.
- Azərbaycan tamaşaçısı sizi daha çox "Aşıq Yediyar" kimi tanıyır.
- Bu təsadüfən belə oldu. Mən "Durna" musiqili komediyasında Aşıq Murad rolunu oynamışdım. "Qulp"un da əməkdaşları gəlib bu tamaşaya baxmışdılar. "Qulp"a əvvəlcə aşıq kimi yox, müğənni kimi, sonra Aşıq Yediyar kimi çıxdım. Deyilənə görə, tamaşaçıların xoşuna gəlib.
- Deyirlər, toylara da gedirsiniz.
- Bəs pulum toydan çıxmırmı?! Amma toylara aşıq kimi yox, aparıcı kimi gedirəm. Bəziləri buna tamadalıq deyirlər, ancaq mən belə qəbul etmirəm. Mən belə fikirləşirəm ki, tamada bütün sağlıqlara içməlidir. Mən özüm də yaxşı vuranam, amma apardığım toylarda içmirəm. Gedib halal pulumu qazanıram da.
Bəziləri "toy" sözünü qəbul eləmək istəmir, deyirlər ki, "el şənliklərinə gedirəm". Nə el şənliyi? - bunun adı elə toydur. Adam var, ayın bütün günləri toydadır, amma bunu dilinə gətirməyə çəkinir. Mən çəkinmirəm. Sənətkar məhz toya gedər, toyda yetişər, toyda tanınar. Gedirəm, oxumaq deyirlər, oxuyuram, deyirlər, oyna, başlayıram oynamağa, şeir istəsələr, aktyor kimi şeir deyirəm. Mərdimazarçılıqdan və evyıxanlıqdan başqa, bu dünyada hər şey əlimdən gəlir.
- Bu qədər işi necə çatdırırsınız?
- Çəkiliş olanda bazar gününə saldırıram. Teatrın direktoru kimi həftənin altı gününü işləyirəm. Toy isə axşamlar olur. Yəni vaxt baxımından bunlar bir-birinə mane olmur, nizamlaya bilirəm. Amma teatrın tamaşası olan gün lap bir milyon dollar versələr də, heç bir yana getmirəm. Bəzən vacib bir toy olanda da tamaşada oynamayan bir aktyoru öz yerimə göndərirəm.
- Heç sizə deməyiblər ki, "O boyda teatrın direktorusan, toya niyə gedirsən?"
- Mən toya gedib nə edirəm ki? Halallıqla balalarıma pul qazanıram. Sən evlisən, yoxsa subay?
- Evli.
- Oğlun varmı?
- Var.
- Onda sabah, inşallah, oğluna toy edəndə gəlib dedin ki, "Yadigar müəllim, al bu 200 dolları, mənim toyumda aparıcılıq elə". Deyirsən, mən indi durub sənin kimi cavan oğlanın xətrinə dəyim və 200 dollardan imtina edim?!
- Oğluma toy çoxdan eləmişəm...
- Eləmi, afərin, bəs məni niyə çağırmamısan? Vallah, səndən pul almayacaqdım, söz məsəli deyirdim...
- Toya 200 dollara gedirsiniz?
- Söz məsəli deyirəm də. Təki toy olsun, qiyməti razılaşarıq. Bir də görürsən ki, biri gəlib deyir ki, "Yadigar müəllim, əhd eləmişəm, oğlumun toyunda sən aparıcılıq edəsən, amma pulum yoxdur". Gedib görürüəm ki, toy elədikləri restoranda bir yerin qiyməti 30-40 dollaradır. Çağırdığı adamlar da gəlmir, 40-50 yer boş qalır. Məcburdur ki, həmin yerlərin də pulunu versin. Amma bizə çatanda əhd eləyir...
- Söhbətimizin əvvəlində dediniz ki, birinci arvaddan 3 oğlunuz var. Ümumiyyətlə, neçə övladınız var? Aralarında sizin sənətə meyl göstərəni varmı?
- Mən "birinci və axırıncı arvadımdan" demək istəyirdim, amma nəfəsimi yığışdıra bilmədim. Oğlanlarımın 3-ü də mənim sənətimə maraq göstərir, ancaq heç biri mənim kimi sənətkar ola bilməyəcək. Çünki mən onların yaşında olanda bu sənətdən ötrü ölürdüm, fanat idim. Amma bunlar bir az həvəssiz yanaşırlar. Güclə onları musiqiyə göndərirəm.
- Yadigar müəllim, bir söz də eşitmişəm, amma qorxuram, desəm, xətrinizə dəyər.
- Qorxma, de.
- Belə bir söhbət gəzir ki, deyilənə görə, köşkünüz varmış, amma sonradan söküblər. Sonra da siz acığa düşüb, "Qulp"da bununla bağlı "klip" çəkdirmisiniz.
- Mən yəni o qədər balaca adam oldum ki, bir dənə köşkə görə danışdım? Maşallah, 2 univermağım var, bir dənə də supermarketim...
- Yadigar müəllim, deyirsiniz ki, əvvəllər xanəndə kimi də toylara getmisiniz. Bəs nə üçün indi xanəndəlik etmirsiniz? Heç olmasa, bilərdik ki, bir ulduzumuz da var.
- Yox, ulduzluqdan söhbət getmir. Sadəcə olaraq son dövrlər həmin sən dediyin ulduzlar o qədər gözəl mahnılar ifa etdilər ki, gördüm, belə gözəl mahnıları oxumağa qüdrətim çatmır. Bu mahnıları da bilməyəndə də, toya getmək olmur. Sifariş verən adamın gözünü çıxartmaq istəyir ki, belə gözəl mahnıları niyə oxuya bilmirsən? Ona görə də yavaşca yükümü yığışdırıb, çəkildim kənara.
Zarafatla dediyim bu sözləri oxucu birdən ciddi qəbul eləyər. Doğrudan da son dövrlər səssiz, qabiliyyətsiz məşhur müğənnilərimizin və bayağı mahnıların sayı lap çoxalıb. Toylarda da çox vaxt bu mahnıları sifariş verirlər. Ona görə də xanəndəlik etmək fikrindən daşındım. Yəni o zövqün sənətkarı deyiləm.
- Bəlkə bir az da teatrın problemləri barədə danışasınız. Bayaqdan suallarımıza yumorla cavab verirsiniz.
- Jurnalistlər məndən problemlərimizin olub-olmaması barədə soruşanda həmişə demişəm ki, "problemimizi desəm, həll edəcəksənmi?" Ona görə də deyirəm ki, heç bir problemimiz yoxdur, kefimiz kökdür. Əsas dərdimiz, qayğımız Şuşaya qayıtmaqdır. Problemlərimiz də hamıya bəllidir. Yəni biz onu da başa düşürük ki, ölkəmiz cavandır, 1 milyondan artıq qaçqınımız var, hamının vəziyyəti ürəkaçan deyil. Amma haqsızlıqlar da gözümüzün qabağında olur. Ona görə də ürəyimdəkiləri büruzə verməməyə çalışıram, nikbin əhval-ruhiyyədə oluram. Bir az gec, bir az tez - Allah haram adamların cəzasını verir. Gec-tez hər şey öz yerini tutacaq. İnşallah, Şuşaya da qayıdacağıq.
- Şuşa Teatrının əksər tamaşaları komediya janrındadır. Bu nədən irəli gəlir?
- Bu, doğrudan da belədir. Amma bizdə bütün janrlarda tamaşalar qoyulur. Bircə opera oynamamışıq. Allah qoysa, operanı Şuşaya qayıdanda oynayacağıq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре