Kibercinayətkarlıqla mübarizədə universal səviyyədə mühüm hüquqi addım atıldı

Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

24 dekabr 2024-cü il tarixində BMT çərçivəsində beş il davam edən, xüsusi ad hoc Komitə çərçivəsində həyata keçirilən gərgin hazırlıq işlərini tamamlanaraq,  193 iştirakçı-dövlətin səsverməsi nəticəsində qlobal əhəmiyyətə malik "İnformasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə üzrə" Beynəlxalq Konvensiya konsensusla qəbul edildi. Bu addım transmilli cinayətkarlıgın ən təhlükəli növlərindən olan kibercinayətlərlə mübarizədə universal səviyyədə çoxtərəfli əməkdaşlığın təşviq edilməsi, müxtəlif dövlətlərin hüquq-mühafizə qurumlarının qarşılıqlı fəaliyyətinin təmin olunması, virtual məkanda insan hüquqları və fundamenatal azadlıqların qorunması, müvafiq cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi üçün hüquqi standartlar və definisiyaların müəyyən edilməsi uçun möhkəm hüquqi zəmin yaradır.

Konvensiyanın 68 məddədən ibarət olmasına rəğmən, onun əhəmiyyəti daha geniş miqyasda qiymətləndirilməlidir. İlk növbədə, qeyd etmək lazımdır ki, bu beynəlxalq müqavilə XXI-ci əsrdə nəhəng potensiala malik informasiya-kommunikasiya texnologiyalarının cinayətkar fəaliyyət məqsədləri üçün istifadəsinin hüquqi vasitələrlə qarşısının alınması üçün qlobal beynəlxalq platforma rolunu oynayır. İkincisi, müxtəlif dövlətlərin cinayət qanunveiriciliyində kibercinayətlərin tərkiblərinin yeni konvensiyanın müddəalarına uyğunlaşdırılması cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərinin səmərli həlli üçün fövqaladə əhəmiyyət daşıyır. Məsələn, Konvensiya iştirakçıları dövlətdaxili qanunvericilikdə müvafiq əməlləri kriminallaşdıran zaman qeyd edilən beynəlxalq müqavilənin 7-17-ci maddələrində nəzərdə tutulan (informasiya-kommunikasiya texnologiyaların istifadəsi ilə saxtakarlıq və ya oğurluq; cihazların qanunsuz istifadəsi; elektron məlumatların qasdən və qanunazidd zədələnməsi, dəyişdirilməsi, bloklanması;  cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və s.) cinayət əməllərinin definisiyalarından faydalana bilərlər.

Üçüncüsü, Konvensiyanın qəbul edilməsinin əsas məqsədlərindən biri də dövlətlərin kritik informasiya infrastrukturu, yəni dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin qorunmasının təmin edilməsi və cinayət cəhdlərinin qarşısının alınmasıdır.

Dördüncüsü, müasir dövrdə rəqəmsal aktivlərin "blokçeyn" kimi qeyri-mərkəzləşmiş şəbəkələrdə dövriyyəsi mühüm iqtisadi əhəmiyyət kəsb edərək və  həmçinin investisiya məqsədləri üçün maraqlı platforma olsa da, eyni zamanda müxtəlif cinayətkar məqsədlər - cinayət yolu ilə əldə edilən vəsaitlərin  leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, maliyyə fırıldaqçılığı kimi əməllərin törədilməsi üçün də isifadə oluna bilər. Bu cür əməllərin qarşısının alınması, onlarla  mübarizədə cinayət hüququ vasitələrinin səmərəli istifadə olunması və geniş miqyasda qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

BMT səviyyəsində qəbul olunan konvensiya qlobal miqyasda - universal və regional səviyyədə kibercinayətkarlıqla mübarizə sahəsində formalaşan hüquqi sistemin ən mühüm elementlərindən biri kimi fəaliyyət göstərəcək və onun səmərəliliyi əhəmiyyətli dərəcədə dövlətlərin transmilli cinayətkarlığın qarşısın alınmasında birgə fəaliyyətindən asılı olacaq.