Azərbaycanın "yaşıl enerji" ilə bağlı Avropa istiqamətində nəhəng planları var

Neft inqilabının başında gələn ölkə Azərbaycandır.

Day.Az xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, neft inqilabı olmadan sənaye inqilabı da başa düşülməz.

"Amma bu dönəm bizim müstəqil olmadığımız dövrə təsadüf edir. Ənənəvi enerji resurslarımızın əhəmiyyətli hissəsi bizim üçün yox, başqaları üçün sərf olunub. Ancaq Azərbaycan ikinci müstəqilliyini əldə edəndən sonra çox da böyük olmayan enerji resursundan çox ağıllı şəkildə istifadə edərək müstəqilliyini möhkəmləndirdi, torpaqlarını azad etdi".

Nazir müavini qeyd edib ki, ölkəmizin Qazaxıstan və Türkmənistanla da ənənəvi enerji sahəsində münasibətlərimiz var.

"Yaşıl enerji yeni çağırışdır, bu bizim coğrafiya üçün fürsətdir. Bu çağırışları fürsətə çevirmək üçün bütün resurslarımızı səfərbər etməliyik. Bizim Avropa istiqamətində nəhəng planlarımız var. Xəzər-Qara Dəniz-Avropa istiqamətində 4 giqavat, Naxçıvan-Türkiyə üzərindən 1 giqavat enerji ixrac etmək niyyətimiz var. Qazax və özbək qardaşlarımızla da Transxəzər elektrik xətti üzərində işlərimiz davam edir. Belə çıxır ki, bu bəlkə də ilk Transxəzər yaşıl elektrik layihəsi olacaq", - deyə qeyd edib.