Orta Dəhlizin inkişafı marşrut boyunca yerləşən bütün ölkələrin iqtisadi yüksəlişinə təkan verəcək

Qlobal nəqliyyat sistemində baş verən dəyişikliklər, geosiyasi gərginliklər və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar, son illərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - digər adı ilə Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Çindən Avropaya qədər uzanan bu alternativ marşrut, həm Şimal, həm də Cənub dəhlizlərinə rəqib kimi çıxış edir və geoiqtisadi sistemdə mühüm dəyişikliklərə səbəb olur. Bu marşrutun inkişafı, şübhəsiz ki, dəhliz boyunca yerləşən bütün ölkələrin iqtisadi yüksəlişinə təkan verəcək.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən multimodal bir yol xəttidir. Bu marşrut dəniz, dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir. Orta Dəhliz Qərbi Çinlə Avropanı birləşdirən Şimal və Cənub dəhlizlərinə nisbətən daha sürətli və təhlükəsiz bir alternativ təklif edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Şimal dəhlizi ilə daşınmalarda yaranan çətinliklər Orta Dəhlizin əhəmiyyətini bir neçə dəfə artırıb. Bu yeni reallıqlar fonunda Azərbaycan Orta Dəhlizin əsas aparıcı gücünə çevrilir. Bakı yalnız coğrafi deyil, həm də siyasi iradəsi, iqtisadi gücü və nəqliyyat infrastrukturuna yatırdığı böyük sərmayələrlə dəhlizin əsas hərəkətverici qüvvəsidir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm də Orta Dəhlizdə təşəbbüskar dövlət kimi çıxış edir.

"Tarixən İpək Yolunun mərkəzində yerləşən ölkəmiz, müasir dövrdə də öz strateji mövqeyini qoruyub saxlayır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, modernizasiya edilən dəmir yolları və avtomobil magistralları - Azərbaycanın Orta Dəhlizin "ürəyi" olmasına imkan yaradıb", - A.Qarayev qeyd edib.

Poti limanındakı yeni terminaldan danışan A.Qarayev qeyd edib ki, bir neçə gün öncə Gürcüstanın Poti limanında multimodal konteyner terminalının - "Poti TransTerminal"in açılışı Orta Dəhlizin inkişafında növbəti mühüm mərhələ oldu.

"Açılışda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan rəsmi nümayəndələr iştirak etdilər. Bu terminalın layihələndirilməsi, tikintisi və nəzarəti Azərbaycan şirkəti - ZAO INNOPRO tərəfindən həyata keçirilib. Bu fakt özü Azərbaycanın dəhlizdə nə qədər aktiv rol oynadığını və region ölkələrinə texnoloji, mühəndislik sahələrində dəstək göstərdiyini sübut edir. Poti terminalı Qara dəniz üzərindən yük axınlarını daha çevik şəkildə yönləndirmək üçün kritik nöqtəyə çevriləcək. Gürcüstanın bu sahədəki rolu Azərbaycanın qərbə çıxışı üçün əlavə imkanlar yaradır. Orta Dəhlizin uğurlu fəaliyyəti yalnız infrastrukturdan yox, həm də siyasi-iqtisadi koordinasiyadan asılıdır. Bu baxımdan, son illərdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Özbəkistan arasında formalaşan regional əməkdaşlıq platforması strateji önəm daşıyır. 2022-ci ildən etibarən bu ölkələr arasında koordinasiya şuraları yaradılıb, tariflərin harmonizasiyası, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və "bir pəncərə" sisteminin tətbiqi kimi təşəbbüslər reallaşdırılır. Azərbaycan burada həm təşəbbüskar, həm də icraçı rolu oynayır", - o bildirib.

Politoloq vurğulayıb ki, Orta Dəhlizin daşıma qabiliyyətinin artırılması üçün Azərbaycan hökuməti son 15 ildə böyük sərmayələr yatırıb. Onun sözlərinə görə, Azərbaycan üçün növbəti strateji mərhələ Zəngəzur dəhlizinin reallaşdırılmasıdır.

"Bu dəhliz Orta Dəhlizi daha da gücləndirəcək və Ermənistan üzərindən Naxçıvana, oradan Türkiyəyə uzanan yeni yol xətti yaradacaq. Zəngəzur dəhlizi yalnız nəqliyyat deyil, həm də siyasi və iqtisadi inteqrasiya layihəsidir. Bu dəhlizin işə düşməsi Orta Dəhlizin cənub qolunu daha funksional edəcək və Azərbaycanın logistik lider statusunu möhkəmləndirəcək. Bundan əlavə, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çərçivəsində nəqliyyat və enerji əməkdaşlığı daha da dərinləşməsi də Orta Dəhlizi bu kontekstdə Avropaya həm enerji resurslarının, həm də yük daşımalarının çatdırılması baxımından mühüm xəttə çevirib. Avropa Komissiyası dəhlizin rəqəmsallaşdırılması, yaşıl texnologiyaların tətbiqi və sürətli logistika platformalarının yaradılmasına dair maliyyə və texniki dəstək verir. Bu da Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artan rolunu göstərir", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, gələcəkdə Orta Dəhlizin rəqabət qabiliyyətini qoruyub saxlaması üçün 3 əsas istiqamət ön plana çıxır. Bunlar rəqəmsallaşma, dayanıqlılıq və innovasiyalardır.

"Orta Dəhliz artıq təkcə nəqliyyat marşrutu deyil - bu, siyasi, iqtisadi və geostrateji platformadır. Azərbaycan bu dəhlizin "beyni" və "ürəyi" kimi çıxış edir. Hazırda atılan addımlar və beynəlxalq tərəfdaşlıqlar onu göstərir ki, Azərbaycan yalnız region üçün deyil, Avrasiya üçün də mühüm nəqliyyat və logistik mərkəzə çevrilir", - o əlavə edib.