Bakıda mənzil almaq üçün neçə il işləmək lazımdır?

Mərkəzi Bankın yeni hesablamasına əsasən, Bakıda orta aylıq əmək haqqı ilə mənzil almaq üçün təxminən 18 ildən çox fasiləsiz işləmək tələb olunur.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun fikrincə, bu göstərici bir çoxlarına iqtisadi qanunlara zidd kimi görünsə də, əslində bunun aydın iqtisadi səbəbləri mövcuddur.
Ekspert bildirir ki, ilk növbədə, əhalinin iri şəhərlərə, xüsusən Bakıya axını mənzilə olan tələbatı xeyli artırır. Bu, bazarda qiymətlərin yüksəlməsinə təzyiq göstərən əsas amillərdən biridir.
Əsas səbəblərdən biri isə kapitalın istiqamətlənməsi ilə bağlıdır. Belə ki, mövcud şərtlər altında əldə edilən vəsaitlərin əhəmiyyətli hissəsi istehsal, ixrac və real sektora yönəlmək əvəzinə, daşınmaz əmlak bazarına yönləndirilir. Yəni, bu vəsaitlər iqtisadiyyatın dəyər yaradan sahələrində dövriyyəyə daxil olmur.
İqtisadçı qeyd edir ki, bəzi hallarda alıcılar daşınmaz əmlakı birbaşa öz adlarına yox, qohumların və ya tanışların adına rəsmiləşdirirlər. Nəticədə, bəzi yaşayış komplekslərində mənzillər yaşayış üçün yox, kapitalın saxlanılması vasitəsi kimi istifadə olunur. Bu da gecələr həmin binalarda işıqların çoxunun sönük qalması ilə özünü büruzə verir.
Yekun olaraq ekspert vurğulayır ki, mənzil bazarındakı qiymət artımı iqtisadi qanunların pozulması ilə deyil, kapitalın dövlət və ya özəl investisiya sahələrinə yönəlməməsi, yəni kapitalın təbii dövriyyəsinin pozulması ilə izah olunur. Bunun nəticəsində, mənzillər daha çox sərvətin qorunması vasitəsi kimi alınır, nəinki yaşayış məqsədilə.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре