Bakıda tıxaclara qarşı YENİ HƏLL

Bakıda tıxacların aradan qaldırılması istiqamətində son illər bir sıra sistemli addımlar atılır. Əsas məqsəd nəqliyyat axınını azaltmaq, ictimai nəqliyyatın cəlbediciliyini artırmaq və şəxsi avtomobildən asılılığı minimuma endirməkdir. Bu çərçivədə yol infrastrukturunun yenilənməsi, yeni tunel və yol qovşaqlarının inşası, həmçinin bəzi küçə və prospektlərdə hərəkət sxemlərinin dəyişdirilməsi həyata keçirilir.

Eyni zamanda ictimai nəqliyyat sahəsində islahatlar aparılır. Avtobus parkı yenilənir, xüsusi avtobus zolaqları (bus lane) genişləndirilir, metro və dəmir yolu stansiyalarında nəqliyyat mübadilə mərkəzləri yaradılır. "Park et və ictimai nəqliyyatla davam et" (park and ride) həllərinin tətbiqi, eləcə də Abşeron dairəvi dəmir yolu üzrə hərəkətin intensivləşdirilməsi şəhər mərkəzinə avtomobil axınının azalmasına xidmət edir. 

Maraqlıdır, "Park et və ictimai nəqliyyatla davam et" (park and ride) həllərinin tətbiqi hansı ərazilərdə effektiv olar?

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki,  hazırda bu praktika "Koroğlu" Nəqliyyatı Mübadilə  Mərkəzində mövcuddur. 

"Digər vacib məqam isə metro şəbəkəsi olan ərazilərdə və dəmir yolu dayanacaqları yaxınlığında qarşılıqlı mübadilənin təmin edilməsidir. Bu baxımdan "Koroğlu və "28 May" stansiyaları nümunə ola bilər, yaxın zamanda Dərnəgül istiqamətində də bu imkanların tamamlanması nəzərdə tutulur."

Ekspert bildirib ki, şəhərin digər giriş nöqtələrində də - Zığ dairəsi, Bibiheybətdə Su İdman Sarayının ətrafı, Avtovağzal ərazisi kimi yerlərdə - bu cür həllərin tətbiqi mümkündür. Eyni zamanda şəhərin şimal və qərb hissələrində yerləşən bəzi stansiyalarda da mübadilə mərkəzlərinin yaradılması nəzərdən keçirilməlidir. Şərq istiqamətində isə "Əhmədli, "Xalqlar dostluğu" və "Həzi Aslanov" metrostansiyalarında bu imkanların saxlanılması və inkişaf etdirilməsi ərazinin mövcud şəraitindən asılıdır. Şimalda "Dərnəgül", daha sonra "Azadlıq" prospekti və "Nəsimi" istiqaməti, qərb hissəsində isə "İnşaatçılar" metrostansiyasının ətrafında park etmə və rahat mübadilə üçün şərait yaradılması məqsədəuyğundur. Həmçinin dəmir yolunun "Biləcəri" stansiyası yaxınlığında da "Park et və ictimai nəqliyyatla davam et" həllərinin tətbiqi məqsədəuyğun olar."

Rauf Ağamirzəyev Abşeron dairəvi dəmir yolu xəttinin inkişaf etdirilməsinin effektivliyindən də danışıb. 

O bildirib ki, dayanacaqlarının ətrafında da "park et və qatarla davam et" modelinin geniş tətbiqi vacibdir. 

"Bu yanaşma şəhərə daxil olan avtomobil axınına birbaşa təsir göstərəcək. Abşeron dairəvi dəmir yolunda yekun hədəf səhər saat 06:00-dan gecə 00:00-a qədər qatarların 15-20 dəqiqəlik sabit intervalla, pik saatlarda isə daha qısa intervallarla hərəkətinin təmin edilməsidir."

Ekspert deyib ki, baş planda nəzərdə tutulan əlavə "Park et və ictimai nəqliyyatla davam et" dayanacaqlarının da yaradılması vacibdir. 

"Bunlara Nərimanov rayonunda köhnə Montin stansiyası ərazisi, "Keşlə bazarı"nın yerləşdiyi ərazidə keçmiş "Keşlə" yük stansiyası sahəsi, baş planda nəzərdə tutulan və Rəsulzadə qəsəbəsində tikintisi planlaşdırılan Binəqədi cənub stansiyası, Xırdalanda ikinci stansiya, Sumqayıtda isə əlavə ikinci stansiyanın təşkili daxildir. Bu ərazilərdə mövcud xətt üzrə yeni dayanacaqların yaradılması, həm rahat və təhlükəsiz nəqliyyat mübadiləsinin, həm də avtomobillər üçün park yerlərinin təmin edilməsi mütləqdir."

Elvin Səxavətoğlu
Day.Az