Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirildi

Yanvarın 31-də Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Day.Az xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunan turnirin ilk günündə əvvəlcədən qeydiyyatdan keçən 6-8, 9-12 və 13-17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək həvəskarı "Nəhəng slalom" növü üzrə mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, 6-8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanlar arasında isə Muron Anatşov birinci yerə layiq görülüb.

9-12 yaş kateqoriyasında qızlar arasında Zarina Vəliyeva birinci, Amina Əhmədova ikinci, Aylin Həsənzadə üçüncü olub. Oğlanlar arasında isə Mehdi Haktari 1-ci, Nadir Alışov ikinci, Səid Nazurov üçüncü yeri tutub.

 

13-17 yaş kateqoriyasında qızlar arasında Lyudmila Podqornaya birinci, Suel Hacıbəyli ikinci, Məryəm Vəzirova üçüncü yerləri bölüşüblər. Oğlanlar arasında Amin Şıxov qalib olub, Yusif Kiçibekov ikinci, Nurəddin Nazurov üçüncü pillədə qərarlaşıb.

Turnirin yekununda qaliblər "Şahdağ" Turizm Mərkəzi və sponsorlar tərəfindən kubok və medallarla mükafatlandırılıb, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idman növünün təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 1-də böyüklər arasında keçiriləcək yarışla davam edəcək.