Böyük Britaniyada pivə zavodlarının bağlanması rekord həddə çatdı

Keçən il Böyük Britaniyada təxminən 140 pivə zavodu fəaliyyətini dayandırıb ki, bu da 1974-cü ildən bəri bir il ərzində qeydə alınan ən yüksək göstəricidir.

Day.Az xəbər verir ki, bu barədə Müstəqil Pivə İstehsalçıları Cəmiyyəti (SIBA) "The Daily Telegraph" nəşrinə açıqlama verib.

SIBA-nın icraçı direktoru Endi Slinin sözlərinə görə, kraft pivəyə maraq yüksək olaraq qalsa da, statistik qeydlər aparılmağa başlanandan bəri son bir ildə ən çox pivə zavodunun bağlanması məhz bu dövrə təsadüf edib. O qeyd edib ki, ölkənin bütün bölgələrində fəaliyyət göstərən pivə zavodlarının sayı azalmaqda davam edir.

 

Məlumata əsasən, Böyük Britaniyada vergi yükünün artması, xüsusilə spirtli içkilər üzrə aksiz rüsumlarının və əlavə dəyər vergisinin yüksəldilməsi bu prosesin əsas səbəblərindən biri hesab olunur.

Endi Sli vurğulayıb ki, pivə zavodlarına və onların əsas satış kanalı olan pivəxanalara təsir göstərən ağır vergi siyasəti, eləcə də qlobal pivə brendlərinin bazarda üstün mövqeyi kiçik istehsalçılar üçün gəlir əldə etməyi getdikcə daha çətin edir.