“Uşaqlar risk altındadır”: Smartfon və sosial şəbəkələrə

"İnternet mühiti böyük imkanlarla yanaşı ciddi risklər də yaradır və sağlam gəncliyin, sağlam gələcəyin qorunması üçün vaxtında tədbir görmək zəruridir".

Bunu Day.Az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

BakuPost

O, Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadə məhdudiyyəti ilə bağlı fikirlərini səsləndirib. 

Sosioloq bildirib ki, bu sahədə vəziyyət artıq uzun müddətdir nəzarətdən çıxıb, çox ciddi problemlər yaranır.

"Bir çox ölkələr bunu anlayaraq ardıcıl şəkildə ciddi tədbirlər, məhdudiyyətlər və qadağalar tətbiq edirlər. Çünki bunun doğurduğu nəticələr artıq açıq şəkildə görünür. Təəssüf ki, Azərbaycanda bu mövzuda müzakirələr və təkliflər olsa da hələlik ciddi qərarlar qəbul olunmayıb. Yaxşı olardı ki, bizdə də müəyyən məhdudiyyətlər tətbiq edilsin.

Xüsusilə, 16 yaşadək uşaqlara, daha yaxşısı orta məktəbi bitirənədək smartfon istifadəsi qadağan olunsun. Yalnız orta və yuxarı sinif şagirdlərinə əlaqə üçün sadə düyməli telefonlar verilə bilər. İnternetdən istifadə isə mütləq valideyn nəzarəti ilə, ev şəraitində həyata keçirilməlidir", - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu məsələlərə ciddi nəzarət olunmasa, uşaqların psixologiyasının getdikcə pozulacağı aydındır:

"Artıq bunun konkret nəticələri müşahidə olunur. Uşaqlar arasında neqativ davranışlar artır, kriminala və narkotikə meyl güclənir, əxlaqi problemlər genişlənir. Bu sahədə çox ciddi çətinliklər mövcuddur. Hətta bəzi hallarda uşaqların özlərinə zərər vermə hallarına belə bu təsirlərin payı olduğu qeyd edilir. Göründüyü kimi, virtual mühitdə qlobal miqyasda güclü təsirlər mövcuddur və uşaqlar bu təsirlər qarşısında çox vaxt müdafiəsiz qalırlar. Valideynlər azyaşlı uşaqlara internetə qoşulmuş smartfonlar verirlər, lakin onların hansı məzmunla qarşılaşdıqlarından, nə ilə məşğul olduqlarından çox zaman xəbərsiz olurlar. Bu isə bəzən ağır nəticələrə gətirib çıxarır", - o vurğulayıb.

E. Bayramlı diqqətə çatdırıb ki, xüsusi qanunun qəbul olunması və Milli Məclis səviyyəsində ciddi qərarların verilməsi vacibdir.

"Xüsusilə sosial şəbəkələrdən 18 yaşa qədər istifadəyə məhdudiyyət qoyulmalı və qaydalar pozulduqda ciddi tədbirlər görülməlidir. Məktəblərdə smartfon istifadəsi qadağan edilməli, uşaqların internetdə istifadə etdiyi resurslar valideyn icazəsi və nəzarəti ilə tənzimlənməlidir.

Eyni zamanda internet klublarında və kompüter oyun salonlarında da ciddi nəzarət təmin olunmalıdır; aqressiv və zərərli oyunlar məhdudlaşdırılmalı, yalnız mütəxəssislər tərəfindən təsdiqlənmiş faydalı oyunlara icazə verilməlidir.

Ümumilikdə, bu sahə həm valideynlərin, həm də dövlət qurumlarının diqqətində olmalıdır. Çünki internet mühiti böyük imkanlarla yanaşı ciddi risklər də yaradır və sağlam gəncliyin, sağlam gələcəyin qorunması üçün vaxtında tədbir görmək zəruridir", - deyə o yekunlaşdırıb.

Nəsimi Ələsgərli