Rəqəmsal mühitdə uşaqların QORUNMASI: Yaş məhdudiyyəti

"Yaş məhdudiyyətinin tətbiqi müsbət nəticələr verə biləcək".

Bunu Day.Az-a açıqlamasında sosioloq İlqar Hüseynli deyib. 

O, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə qeydiyyatına qoyulan məhdudiyyət və yaş yoxlama mexanizmlərinin uşaqların zərərli məzmundan qorunmasında nə dərəcədə effektiv olmasından danışıb.

Sosioloq bildirib ki, mexanizmin necə qurulacağı, yaş məhdudiyyətinin hansı üsullarla tətbiq ediləcəyi və bunun texniki baxımdan necə tənzimlənəcəyi, əlbəttə ki, ayrıca müzakirə olunmalı məsələlərdir.

"Lakin bütün hallarda belə bir yaş məhdudiyyətinin tətbiqinin müsbət nəticələr verə biləcəyini düşünürəm. Çünki bu, uşaqların zərərli vərdişlərə yönəlməsinin qarşısını almağa, onların tədris və təhsil prosesinə daha çox diqqət ayırmasına kömək edə bilər. Eyni zamanda, yeniyetməlik dövrü sosial şəbəkələrdə yayılan qısa videoların, müxtəlif manipulyativ məzmunların və təsiredici informasiya axınının daha çox maraq doğurduğu bir mərhələdir. Bu səbəbdən yaş məhdudiyyəti uşaqların inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunmasına xidmət edə bilər.

Bundan əlavə, sosial şəbəkələr üzərindən müxtəlif ideoloji təsirlərin və radikal çağırışların yayılması da nəzərə alınmalı məqamlardandır. Yetkinlik yaşına çatmamış şəxslərin belə təsirlərə qarşı daha həssas olması onların qorunmasını zəruri edir. Bu baxımdan, mən yaş məhdudiyyətinin tətbiqini insan hüquqlarının məhdudlaşdırılması kimi deyil, uşaqların maraqlarının və təhlükəsizliyinin qorunmasına yönəlmiş mütərəqqi bir addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, əsas məsələ bu qaydanın tətbiq olunub-olunmaması deyil, onun effektiv və şəffaf şəkildə işləyəcək mexanizminin hazırlanmasıdır. Düzgün qurulmuş mexanizm həm uşaqların təhlükəsizliyini təmin edə, həm də rəqəmsal mühitdən sağlam və faydalı şəkildə istifadə imkanlarını genişləndirə bilər", - o deyib.

Nəsimi Ələsgərli