Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov
Erkən yaşda sosial şəbəkələrdən istifadə yetkinlik yaşına çatmayan şəxslərdə bullinq, rəqəmsal asılılıq, psixoloji travmalar və transmilli xarakterli təsirlərə məruz qalma riskini kəskin şəkildə artırır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd ismayılov İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
İcraçı direktor bikdirib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir uğurla həyata keçirilən güclü ailə və uşaq siyasətinin, eləcə də milli-mənəvi dəyərlərin qorunması strategiyasının hüquqi mexanizmlərlə rəqəmsal mühitə də inteqrasiya olunması artıq subyektiv istək deyil, obyektiv və qaçılmaz bir zərurətdir.
"Biz bu qanun layihəsini dəyərləndirərkən iki əsas fundamental meyarı - qabaqcıl beynəlxalq təcrübəni və rəqəmsal medianın inkişaf tendensiyalarını - rəhbər tutmalıyıq.
Təklif olunan layihə qabaqcıl dünya praktikasında mövcud olan hüquqi tənzimləmə mexanizmləri ilə tam uyğunluq təşkil edir və beynəlxalq standartlara cavab verir.
Bu dəyişikliklər yalnız sanksiyalar toplusu deyil, ilk növbədə rəqəmsal məkanda təhlükəsiz, şəffaf və səmərəli ekosistemin formalaşdırılmasına xidmət edir.
Biz bu qanun layihəsini internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında və intellektual inkişafında dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşımasını təmin edən bir mexanizm kimi qiymətləndiririk".
Ə.İsmayılov vurğulayıb ki, bu, vətəndaşları rəqəmsal təhlükələrdən, hibrid informasiya təsirlərindən və müxtəlif risklərdən qorumağa yönəlmiş mühüm bir yanaşmadır. Məsələ media etikası, hüquq və jurnalistika peşəkarlığı prizmasında xüsusi əhəmiyyət daşıyır və layihənin konseptual baxımdan mühüm bir referens olduğunu qeyd etmək lazımdır:
"Birincisi, layihədə yaş yoxlaması məqsədilə toplanan fərdi məlumatların sistemdə saxlanılması və ya reklam məqsədləri üçün üçüncü tərəflərə ötürülməsi qəti şəkildə qadağan edilir. Bu, müasir rəqəmsal etika və beynəlxalq məxfilik hüququnun əsas tələblərindəndir. Bu norma açıq şəkildə göstərir ki, uşaqların şəxsi məlumatları rəqəmsal korporasiyaların kommersiya maraqlarına çevrilə bilməz. Hüquqi tənzimləmə mexanizmi uşaqların profilaktik müdafiəsini təmin edən etibarlı bir sipər rolunu oynayacaqdır.
İkincisi, yetkinlik yaşına çatmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında, uşaqlıq və yeniyetməlik dövründə rəqəmsal platformalarda paylaşılan məlumatların tamamilə və birdəfəlik silinməsi hüququ nəzərdə tutulur. Bu, şəxsin gələcək onlayn reputasiyasını qoruyan mühüm etik və hüquqi təminatdır. Bu yanaşma keçmişdə edilmiş rəqəmsal davranışların gələcəkdə şəxsin qarşısına maneə və ya təhdid kimi çıxmasının qarşısını alır.
Bununla yanaşı, qanunun qəbulundan sonra cəmiyyətdə, xüsusilə təhsil müəssisələrində, valideynlər və müəllimlər arasında geniş rəqəmsal maarifləndirmə kampaniyalarının aparılması onun effektivliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Çünki ən mükəmməl qanun belə rəqəmsal savadlılıq və valideyn nəzarəti olmadan tam nəticə vermir.
O qeyd edib ki, bu qanun layihəsi uşaqları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir.
"Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur.
Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək", - deyə o fikrini yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре