https://news.day.az/azerinews/1860937.html İctimai asayişi bu formada pozanlar cəzalandırılacaq - Cərimə və ya həbs Müasir cəmiyyətdə küçələrdə, ictimai nəqliyyatda və digər kütləvi məkanlarda asayişin qorunması insanların rahatlığı və təhlükəsizliyi üçün ən vacib amillərdən biridir.

İctimai asayişi bu formada pozanlar cəzalandırılacaq - Cərimə və ya həbs

Azərbaycanca, 18 сентября 2026 13:03 (UTC +04:00) 192
İctimai asayişi bu formada pozanlar cəzalandırılacaq

Müasir cəmiyyətdə küçələrdə, ictimai nəqliyyatda və digər kütləvi məkanlarda asayişin qorunması insanların rahatlığı və təhlükəsizliyi üçün ən vacib amillərdən biridir.

İctimai asayişin pozulması, əsasən, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən, ümumi qəbul edilmiş mənəviyyat və davranış normalarını heçə sayan hərəkətlərlə özünü büruzə verir. Küçədə və ya avtobusda uca səslə danışaraq ətrafdakıları narahat etmək, nalayiq söyüşlər söymək, vətəndaşlara qarşı qeyri-etik rəftar nümayiş etdirmək və ya onları hansısa formada təhqir edərək narahatlıq yaratmaq ictimai qaydanın kobud şəkildə pozulması hesab olunur.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bu növ hüquqpozmalar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə tənzimlənir. Qanunvericilik, ictimai yerlərdə söyüş söyməyi, vətəndaşlara qarşı hörmətsizlik nümayiş etdirən və ictimai asayişi pozan digər analoji hərəkətləri birbaşa xırda xuliqanlıq kimi tövsif edir. Bu maddənin tələblərini pozan şəxslər törətdikləri əmələ görə birbaşa hüquqi məsuliyyət daşıyırlar və hüquq-mühafizə orqanları tərəfindən dərhal intizama dəvət edilirlər.

Bu növ davranışlara görə qanunla müəyyən edilmiş cəzalar və cərimələr kifayət qədər ciddidir. İctimai yerlərdə asayişi pozan və insanları narahat edən şəxslər İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsinə əsasən 50 manatdan 100 manatadək məbləğdə cərimə olunurlar. Əgər işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu cəza kifayət hesab edilməzsə, qanun pozucusuna 15 günədək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər. Bu sanksiyalar cəmiyyətdə qarşılıqlı hörmət prinsipini qorumaq və hər bir vətəndaşın rahat ictimai mühit hüququnu təmin etmək məqsədi daşıyır.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости