Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
5 oktyabr 2026-cı il tarixində "PALMALI" Şirkətlər Qrupu olaraq istismarını həyata keçirdiyimiz "Royad Məmmədov" adlı gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkəti zamanı Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb.
Bu barədə "PALMALI" Şirkətlər Qrupu məlumat yayıb.
Qeyd edilib ki, hücumdan sonra gəmidə yanğın baş verib və heyətin təxliyəsi üçün xilasetmə işlərinə başlanılıb.
"Baş vermiş bu kədərli hadisə nəticəsində iki dənizçimizi itirməyin dərin hüznünü yaşayırıq. Digər ekipaj üzvləri sağ-salamat təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı və səbir diləyirik. PALMALI Şirkətlər Qrupu olaraq həlak olan dənizçilərimizin ailələrinin yanındayıq. Ailələrə hər cür zəruri dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər diqqətlə həyata keçirilir.
Hadisə ilə bağlı proses aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənilir", - deyə əlavə edilib.
Xatırladaq ki, 5 oktyabr tarixində Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşüb. Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре