https://news.day.az/azerinews/1875475.html Süni intellekt kiberhücumların sürətini artırır - Elnur Məmmədov Süni intellekt kiberhücumların daha böyük sürət və miqyasda həyata keçirilməsinə imkan yaradır, buna görə də dövlətlər arasında erkən xəbərdarlıq və məlumat mübadiləsi mexanizmləri daha çevik olmalıdır.

Süni intellekt kiberhücumların sürətini artırır - Elnur Məmmədov

Azərbaycanca, 19 ноября 2026 10:51 (UTC +04:00) 202
Süni intellekt kiberhücumların sürətini artırır

Süni intellekt kiberhücumların daha böyük sürət və miqyasda həyata keçirilməsinə imkan yaradır, buna görə də dövlətlər arasında erkən xəbərdarlıq və məlumat mübadiləsi mexanizmləri daha çevik olmalıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasinində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellekt innovasiya, inkişaf və daha güclü kibermüdafiə üçün geniş imkanlar yaradır. Bununla yanaşı, əsas vəzifə riskləri aradan qaldırmaqla həmin imkanlardan səmərəli istifadə etməkdir.

E.Məmmədovun sözlərinə görə, hazırda ciddi çağırışlardan biri inandırıcı saxta məzmunun, o cümlədən dipfeyklərin yaradılmasıdır. Səsin klonlaşdırılması, videonun manipulyasiyası və dövlət rəsmilərinə yalan bəyanatların aid edilməsi diplomatik kommunikasiyada məlumatın həqiqiliyinin yoxlanılmasını zəruri edir.

O qeyd edib ki, 2025-ci ilin iyununda süni intellektlə yaradılmış səsli mesajlardan istifadə edilən şəxsiyyəti mənimsəmə kampaniyasının hədəfləri arasında üç xarici işlər naziri də olub.

"Bu, kimin danışdığını yoxlamağın nə üçün diplomatik kommunikasiyanın vacib hissəsinə çevrildiyini göstərir", - deyə o bildirib.

E.Məmmədov vurğulayıb ki, saxta məzmun siyasi gərginliyi artıra, danışıqlara zərər vura və beynəlxalq əməkdaşlığa ictimai dəstəyi zəiflədə bilər. Onun sözlərinə görə, saxtakarlıq ifşa edildikdən sonra belə, bunun yaratdığı inamsızlığın təsiri uzun müddət davam edə bilər.

O, süni intellektin zərərverici aktorlara kiber əməliyyatları daha sürətli və geniş miqyasda həyata keçirmək imkanı verdiyini də diqqətə çatdırıb. Bildirib ki, "CrowdStrike" şirkətinin 2026-cı il üzrə Qlobal Təhdid Hesabatına əsasən, 2025-ci ildə müşahidə olunan kibercinayətkarlıq müdaxilələrində hücumçular ilk sındırılmış sistemdən kənara çıxmaq üçün orta hesabla 29 dəqiqə sərf ediblər. Qeydə alınan ən sürətli belə hal isə cəmi 27 saniyə çəkib.

"Bu rəqəmlər müdafiəçilərin hərəkətə keçmək üçün nə qədər az vaxta malik ola biləcəyini göstərir", - deyə E.Məmmədov bildirib.

Onun sözlərinə görə, bu vəziyyət ciddi bir boşluğu üzə çıxarır: kiberhücumların həyata keçirildiyi sürət dövlətlərin həmin hücumlar barədə məlumat mübadiləsi apardığı sürəti xeyli üstələyə bilər. Hücumçular xəbərdarlıqlar təsdiq prosedurlarından keçənədək mövcud boşluqlardan istifadə edə bilərlər.

E.Məmmədov hesab edir ki, bu fərqin aradan qaldırılması praktik prioritet olmalıdır. Erkən xəbərdarlıq tərəfdaşlara hələ müdafiə tədbirləri görmək üçün vaxt olduğu mərhələdə çatdırılmalıdır.

O, bu istiqamətdə fəaliyyət üçün üç əsas prioriteti qeyd edib.

Birinci prioritet böhran başlamazdan əvvəl işlək və etibarlı əlaqə kanallarının yaradılmasıdır. Onun sözlərinə görə, diplomatik əlaqələr və milli kiber insidentlərə cavab qrupları təhlükəsiz, mütəmadi sınaqdan keçirilən mexanizmlər vasitəsilə birləşdirilməlidir.

E.Məmmədov bildirib ki, BMT-nin Qlobal Hökumətlərarası Əlaqə Nöqtələri Kataloqu bu məqsədlə istifadə edilə biləcək əsaslardan biridir. O vurğulayıb ki, daha geniş siyasi münasibətlərin çətin olduğu dövrlərdə belə, həmin əlaqə kanalları açıq qalmalıdır.

İkinci prioritet sürətli məlumat mübadiləsi üçün əvvəlcədən razılaşdırılmış prosedurların müəyyən edilməsidir. O qeyd edib ki, dövlətlər hansı məlumatların, kimlərlə və hansı təminatlar əsasında paylaşılacağını qabaqcadan müəyyənləşdirməlidir.

"Erkən xəbərdarlıq təhdidi müəyyən edə və qoruyucu tədbirlər tövsiyə edə bilər, eyni zamanda nəyin hələ qeyri-müəyyən qaldığını aydın şəkildə bildirə bilər. Belə xəbərdarlığın paylaşılması kimin məsuliyyət daşıdığına dair son qiymətləndirməni gözləməməlidir", - deyə E.Məmmədov bildirib.

Üçüncü prioritet isə müntəzəm əməkdaşlıq vasitəsilə etimadın formalaşdırılmasıdır. Onun sözlərinə görə, birgə təlimlər, ekspert mübadilələri və texnologiya şirkətləri ilə birbaşa əlaqələr rəsmi öhdəlikləri real əməkdaşlıq münasibətlərinə çevirə bilər.

E.Məmmədov vurğulayıb ki, dövlətlər paylaşdıqları məlumatın qorunacağına, məsuliyyətlə istifadə ediləcəyinə və həmin məlumat əsasında müvafiq tədbirlərin görüləcəyinə əmin olduqda onu daha asan bölüşəcəklər.

O, bu prosesdə tənzimləmənin də mühüm rol oynadığını qeyd edib. Bildirib ki, Avropa İttifaqının Süni İntellekt Aktı süni intellektlə yaradılmış məzmunun işarələnməsi və dipfeyklərin açıqlanması ilə bağlı müddəalar da daxil olmaqla, şəffaflıq tələbləri baxımından aktual nümunədir.

E.Məmmədovun fikrincə, bu cür yanaşmalar sərhədlərarası əməkdaşlıq, texnologiya provayderləri ilə qarşılıqlı fəaliyyət və ictimai məlumatlılığın artırılması ilə dəstəklənməlidir.

O, potensialın artırılmasının da eyni dərəcədə vacib olduğunu bildirib. Qeyd edib ki, məhdud resurslara malik ölkələr də beynəlxalq əməkdaşlıqda effektiv iştirak etmək, erkən xəbərdarlıqlar almaq və vaxtında tədbirlər görmək imkanına malik olmalıdırlar.

E.Məmmədov Azərbaycanın da kibertəhlükəsizlik sahəsində öhdəliklərinə toxunub. O bildirib ki, ölkə 2023-2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası çərçivəsində milli kiberdayanıqlığını gücləndirir.

"Azərbaycan həmçinin Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa Qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələr arasında olub və Budapeşt Konvensiyasının iştirakçısıdır", - deyə o vurğulayıb.

O əlavə edib ki, Azərbaycan İKT təhlükəsizliyi üzrə BMT-nin açıq tərkibli işçi qrupunda fəal iştirak edib və həmin qrupun yekun hesabatının konsensus əsasında qəbul edilməsini alqışlayıb.

E.Məmmədov yeni yaradılmış qlobal mexanizm vasitəsilə bu dialoqun davam etdirilməsini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, həmin mexanizm etimadın möhkəmləndirilməsi və inklüziv əməkdaşlığın inkişafı üçün mühüm platforma yaradır.

"Bu öhdəliklər praktik əməkdaşlıq, vaxtında məlumat mübadiləsi və daha güclü kollektiv dayanıqlıq çağırışımızı möhkəmləndirir. Süni intellekt üzləşdiyimiz təhdidləri sürətləndirir. Biz etimad qurmağa, məlumat paylaşmağa və ümumi təhlükəsizliyimizin asılı olduğu əməkdaşlığı qorumağa da eyni təcililiyi gətirməliyik", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости