Cahangir Novruzov: “Kino çəkmək haqqında fikirlərim çoxdur” – ФОТО

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı aktyor və rejissor Cahangir Novruzovun Milli.Az xəbər portalına müsahibəsi.

Özü son illər Azərbaycanda gec-gec olsa da, əksəriyyət hələ də onu unutmayıb. Düzdür, onu xatırladan başqa bir səbəb də var. Amma insafən, gərək deyək ki, Cahangir Novruzov babasının - Azərbaycan teatr sənətinin yaradıcılarından olmuş Cahangir Zeynalovun, anasının - canlı əfsanə Nəsibə Zeynalovanın şöhrətinə sığınan oğul deyil. Onu sevdirən öz istedadı olub. Belə olmasaydı, hazırda yaşayıb-işlədiyi ölkədə, necə deyərlər, "ad alıb, süfrə sala" bilməzdi...

- Cahangir müəllim, neçə illərdi, Türkiyədə yaşayırsınız. Orada işləriniz necə gedir?

- Bildiyiniz kimi, orda pedaqoji fəaliyyətlə məşğulam. Şükürlər olsun ki, işlərim qaydasındadır. Mənim üçün o da bir yaradıcılıqdır.

- Yəqin ki, səhnədən ötrü çox darıxmısınız...

- Təbii, səhnəyə çıxan adam səhnədən ötrü həmişə darıxır.

- İnsanların teatr haqqında təsəvvürləri müxtəlifdir. Bəziləri teatra istirahət, bəziləri tərbiyə ocağı, bəziləri də təbliğat maşını kimi baxır. Cahangir Novruzov üçün teatr nədir?

- Teatr mənim üçün iş yeri, məbədgah, həyatımı qurban verdiyim, həyatımı aradığım məkandır. Aktyorlar da bu məbədgahın kahinləridir...

- Ancaq sizin "məbədgah" adlandırdığınız məkan, elə bil son illər bir az müqəddəsliyini itirib. Bunu sizin "kahinlər" adlandırdığınız aktyorlara da şamil etmək olar...

- Gəlin, mən də sizə bir sual verim: axırıncı dəfə teatrda nə vaxt olmusunuz?

- Ötən teatr mövsümündə əksər tamaşaların premyerasında olmuşam.

- Deməli, teatra gedirsiniz. Amma mən neçə illərdir, bizim teatrlara getmirəm. Azərbaycan teatrının indi nə vəziyyətdə olması barədə əfsuslar ki, dəqiq bir söz deyə bilmərəm. Amma Türkiyədə olanda, peyk antennası vastəsilə AzTV-də nümayiş etdirilən bəzi tamaşalara baxıram. Ancaq televiziya ilə teatr tamaşasına baxıb qiymət vermək professionallıq baxımından doğru olmaz. Buna baxmayaraq, Azərbaycan teatrının indiki səviyyəsinin dünya teatr sənəti səviyyəsindən aşağı olmasından xəbərim var...

Bilirsinizmi, teatr hər zaman maliyyəyə bağlı olub. Teatr diqqət istəyən körpə uşağı xatırladan sənətdir. Ona nə zaman yaxşı baxarsan, yaxşı pul xərcləyərsən, böyüyüb sənə xidmət eləyər. Mən elə bilirəm ki, Azərbaycan teatrının bugünkü vəziyyətə düşməsinə səbəb, maliyyə problemidir. Ola bilsin, bu gün Akademik Milli Dram Teatrına o birilərinə nisbətən çox vəsait sərf olunur...

- Yəqin ki, Türkiyədə teatr tamaşalarına baxmağa getmisiniz. Oranın teatrlarında hazırlanan tamaşalarla bizim tamaşalarımızın arasında hansı fərqlər var?

- Təbii ki, Türkiyədə tamaşalara gedirəm. Ancaq mən tamaşaya sıradan bir tamaşaçı kimi deyil, professional nöqteyi-nəzərdən baxıram. Orada tamam başqa sistemdir, oranın öz problemləri var. Orada da teatrın dövlət tərəfindən maliyyələşdirilməsi var. Amma narazılıqlar da olur. Çünki Türkiyədə də teatra ən sonda gələn bir qurum kimi baxırlar. Ümumiyyətlə, Şərq ölkələrinin əksəriyyətində belədir. Ancaq Avropa cəmiyyətində teatr birinci sıralarda yer tutur.

- Bəs Türkiyədə xalqın teatra münasibəti necədir?

- Türkiyə böyük ölkədir. Teatra getmək, teatrla maraqlanmaq, orada bizimki qədər deyil. Bizim xalqımız, mənim tanıdığım bundan əvvəlki nəsil teatra tez-tez gələrdi. O zamanlar romantik tamaşaçı toplumu vardı, camaat teatra axınla gəlirdi.

- Siz bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində də çıxış eləmisiniz...

- Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirəndən sonra əsgər gedənə qədər və əsgərlikdən sonra il yarıma yaxın Dövlət Musiqili Komediya Teatrında işləmişəm. Ondan sonra öz xahişimlə Şəki Dövlət Teatrına - kurs yoldaşlarımın yanına getmişəm. 10 il Şəki Teatrında işləyəndən sonra "Muzkomediya"ya baş rejissor gəldim. Bu, rəhmətlik Bala Qasımovun direktorluğu dövründə olub. Daha sonra bəzi səbəblərdən Musiqili Komediya Teatrından getdim. Bala Qasımovu da çıxardılar. Amma haqsız idilər. Mən bu gün də belə düşünürəm. O kişidən sonra bir nəfəri teatra direktor gətirdilər. Ola bilsin, çox gözəl maliyyəçi idi, amma onun istedadından yararlanmaq üçün başqa sahələr vardı. İnsanlarla işləmək onun üçün yabançı bir şey idi. Mən o direktorla işləyə bilməzdim. Oradan çıxandan sonra Gənc Tamaşaçılar Teatrında 6 il çalışmışam. Orda tamaşalar hazırlamışam...

- Və günlərin birində müəllimlik etmək üçün Türkiyəyə getdiniz...

- Bəli, məni dəvət elədilər, Adanaya getdim. Orada universitetdə işləyirəm.

- Deyirlər, teatr bölümünə rəhbərlik edirsiniz...

- Xeyr, Türkiyədə başqa ölkənin vətəndaşına vəzifə verməzlər. Mən Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölümündə dərs deyirəm. Amma mənim biliyimdən və bacarığımdan, inanın ki, bəlkə də bölüm başqanından daha çox yararlanırlar. Mən də bunu hiss edirəm. Mənə orada yüksək qiymət verirlər.

- Cahangir müəllim, bəs nə əcəb rejissor kimi kinoda özünüzü sınamamısınız?

- Bilirsiniz, rejissor sənəti öz sözünü deyə bilmək özgürlüyü baxımından, şair-yazıçı sənəti ilə müqayisə oluna bilər. Teatr dili kino dilindən fərqlənir. Xalqımla, tamaşaçımla fikirlərimi paylaşmaq üçün mən teatr dilini seçmişəm. Bundan başqa, Vaqif Səmədoğlunun bir əsəri haqqında neçə illərdir fikirləşirəm. Ümumiyyətlə, kino çəkmək haqqında fikirlərim çoxdur.

- Sizin kinoda və televiziya tamaşalarında yaratdığınız obrazların əksəriyyəti komik obrazlardır. Təkcə "Güllələnmə təxirə salınır" filmində "gəncəli Adış" obrazından başqa. Komik obrazlardan sonra "gəncəli Adış" obrazını yaratmaq çətin olmadı ki? Eşitdiyimə görə, həmin filmdəki tryuklarda özünüz çəkilmisiniz. Hətta filmin quruluşçu rejissoru Ələkbər Muradov deyirdi ki, pilləkənlərdən yıxılma səhnələrində möhkəm əzilmisiniz.

- Mənim kök olmağıma baxmayın, çox hərəkətli adamam. At da sürürəm, qılınc oynatmağı bacarıram, yaxşı üzə bilirəm və bir az da döyüş texnikasından başım çıxır. "Güllələnmə təxirə salınır" filmində də bütün tryuklarda özüm oynamışam. Ona görə də Türkiyədə aktyorluq sənətindən əlavə, səhnə hərəkəti və səhnə döyüşü texnikasından da dərs deyirəm. Mənim ikinci kurs tələbələrim səhnə döyüşü texnikasından imtahan verəndə, hamı heyran qalmışdı. Onlar yumruğu elə vururlar ki, 1 metrlikdə duran adam yumruğun üzə dəyməməsini hiss etmir.

- Nə vaxt qayıtmaq fikrindəsiniz?

- Bilirsinizmi, bu gün bilik və bacarığımın burada lazım olduğunu hiss etməliyəm və bilməliyəm. Buradakı sənət dostlarımın vəziyyətini görürəm. Mən də bir teatrın baş rejissoru idim və eyni ağırlığı hiss edirdim. Əgər bu gün hiss edirəmsə ki, qoyduğum tamaşanı bəyənmirəm, onda özümü niyə aldatmalıyam?! Bu, yaradıcı insanın faciəsidir ki, düşündüyünü, görüb beynində yaratdığını maddi vəsaitin olmaması ucbatından izhar eləyə bilmir. Kamal Əziz Allah şahididir. Gəlib deyirdim ki, "Kamal müəllim, filan şey lazımdır", deyirdi, imkan yoxdur. Bu gün Azərbaycan teatrı millətin gənc və istedadlı qismini cəlb etmir. Bu gün gənclərin teatr sənətində ucalmağa inamı yoxdur. Bu, mənə təsir eləyir, məni yandırır.

- Həyat yoldaşınız Elnarə xanım və qızlarınızdan biri teatr tənqidçisi, digər qızınız da kino tənqidçisidir. Bu qədər tənqidçi ilə necə yola gedirsiniz?

- Siz bu sualı zarafatyana verdiniz, ona görə cavabı da zarafatyana olacaq. Bizdə belə bir məsəl var, deyir, çəkişməsən, bərkişməzsən. Bəlkə də məni yaxşı aktyor və rejissor eləyən onlar olub. Ən böyük tənqidçim isə Nəsibə xanım idi. Hətta yadıma gəlir, "Qaynana" tamaşasında bir dəfə çaşdım, səhnədə sözlərimi unutdum. Aktyor yoldaşım doğru replika vermədi, ona görə də çaşdım, amma yenə də vəziyyətdən çıxa bildim. Nəsibə xanım da üzümə baxdı, baxdı və qayıtdı ki, "heç ölüb yerə girmədin?". Mən də gördüm hirslənib, dedim ki, "ay Cənnət xala, hara ölürük, hələ qabaqda toy var" və səhnədən çıxdım. Mən ailədə tək övlad olsam da, əziz-xələf böyüməmişəm. Sevinirəm ki, əziz-xələf olmamışam. Ona görə ki, özüm hər şeyi bacarıram.

- Baba kimi özünüzü necə hiss edirsiniz?

- Baba olmaq böyük xoşbəxtlikdir. Bu gün nəvələrim hamısı yanımdadır, Moskvadakılar da gəlib. Bir ildə onlar üçün edə bilmədiyimi bu bir ayda eləməyə çalışıram. Baba olmaq, bir valideyn kimi, daha çox məsuliyyət daşıdığımı mənə anlatdı. Mənim üçün nəvələrimin gələcək həyatı, təhsil almaları önəmlidir. Çalışacağam ki, nəvələrim vətənimizə yararlı, həm də mənim anladığım tərzdə yararlı kadr olmaları üçün təhsil alsınlar.