Əliövsət Quliyev: böyük Azərbaycan alimi və ictimai xadimi

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Azərbaycan tarix elminin fundamental əsasının yaradılması, milli tarixşünaslıq məktəbinin ərsəyə gəlməsi böyük alim və istedadlı elm təşkilatçısı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Quliyevin fəaliyyəti ilə bağlıdır.
 

Bir elm kimi tarixin əhəmiyyəti, ilk növbədə, xalqın öz keçmişinə münasibətini formalaşdırması ilə bağlıdır. İnsanı və zamanı qarşılıqlı əlaqə şəraitində tədqiq edən tarix, sadəcə, olub-keçmiş hadisələrin xronologiyasını müəyyənləşdirmir, həm də bu hadisələrin elmi şərhini verir və onları milli, regional və qlobal miqyasda bir-birinə bağlayan qanunauyğunluqları üzə çıxarır.

Azərbaycan tarix elminin fundamental əsasının yaradılması, milli tarixşünaslıq məktəbinin ərsəyə gəlməsi böyük alim və istedadlı elm təşkilatçısı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Quliyevin fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə ilk dəfə olaraq monumental üçcildlik "Azərbaycan tarixi" yaradılmış, Azərbaycanın yeni tarixinə dair dəyərli toplular, monoqrafiyalar və dərsliklər çap edilmişdir.

Azərbaycan elminin şöhrətini artırmış bu görkəmli şəxsiyyətin qısa, lakin son dərəcə məzmunlu ömür yolu bu gün də gənc alimlərimizi yaradıcılığa, axtarışlara səsləyən bir örnək, elmə sədaqətli xidmət nümunəsidir.

Tale Əliövsət Quliyevə cəmi 47 il ömür bəxş etmişdi. O, 1922-ci ildə Salyan rayonunun Qızılağac kəndində dünyaya gəlmişdi. Atası Nəcəfqulu kişi camaat arasında böyük nüfuzu olan el ağsaqqalı idi. Halal zəhməti ilə səkkiz övladının əlini çörəyə çatdırmağa çalışırdı. Belə bir sadə ailədə böyüyən Əliövsətin gələcəkdə Azərbaycanın görkəmli alimi olacağı o vaxt heç kəsin ağlına gəlməzdi.

Amma Əliövsətin dərin ağlı və fərasəti hələ orta məktəb illərində özünü göstərməyə başlamışdı. Onun eşitdiklərini dərhal qavraması, qeyri-adi yaddaşı hər kəsi heyran edirdi.

1935-ci ildə Ə.Quliyev orta məktəbi vaxtından əvvəl bitirərək, Salyan Pedaqoji Məktəbinin tarix fakültəsinə daxil oldu. Kənd məktəbində olduğu kimi, burada da fitri istedadı, müstəqil düşünmək bacarığı və öyrənmək həvəsi sayəsində müəllimlərinin sevimlisi oldu. Pedaqoji məktəbdə təhsil ala-ala Salyandakı 4 nömrəli orta məktəbdə tarix fənnindən dərs deyirdi. O vaxt onun cəmi 15 yaşı var idi. Bu qədər gənc yaşında müəllimlik etməsi gələcək alimə gərəkli olan bir çox keyfiyyətlərin - öz fikrini dəqiq ifadə etmək və dinləyicilərə aydın, əyani və anlaşıqlı şəkildə çatdırmaq bacarığının, bu fikrin auditoriya tərəfindən başa düşülüb qavranılmasına nail olmaq qabiliyyətinin formalaşmasına şərait yaradırdı.

1939-cu ildə pedaqoji məktəbi bitirdikdən sonra Əliövsət Quliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirdi - 172 nömrəli orta məktəbdə tarix müəllimi işləməyə başladı.

Gələcəyin böyük alimi bütün vaxtını öyrənməyə, seçdiyi ixtisasın sirlərinə yiyələnməyə sərf edirdi. Kitabxanalardan çıxmır, tarixə dair kitabları oxumaqdan zövq alırdı. Azərbaycanın yeni tarixi onda daha böyük maraq doğururdu. Lakin digər dövrləri də dərindən mənimsəməyə çalışırdı. Əliövsət Quliyevi gənc yaşlarında tanıyan adamlar onun Azərbaycan tarixini bu qədər qısa müddətdə necə öyrənə bildiyinə valeh olmuşdular.

Ə.Quliyevin fenomenal biliyi və parlaq istedadı diqqəti cəlb etməyə bilməzdi. 1942-ci ildə dördüncü kurs tələbəsi olarkən o, universitetin filologiya fakültəsində tarix müəllimi vəzifəsinə qəbul edildi. Həmin il fakültənin, daha sonra universitetin Həmkarlar ittifaqı komitəsinin sədri seçildi.

1944-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Əliövsət Quliyev Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanıldı, eyni zamanda, Azərbaycan tarixi ixtisası üzrə universitetin aspiranturasına daxil oldu. Aspiranturada oxumaqla və universitetdə işləməklə yanaşı, respublika ali məktəb və Elmi idarə işçilərinin həmkarlar ittifaqında ictimai fəaliyyətlə də məşğul olurdu. 1945-ci ildə Ə.Quliyev həmin həmkarlar ittifaqının Azərbaycan Respublika Komitəsinin sədri seçildi və 1950-ci ilin ortalarınadək bu vəzifədə çalışdı.

1948-ci ildə iyirmi altı yaşında namizədlik dissertasiyasını uğurla müdafiə edən Əliövsət Quliyev universitetin tarix fakültəsinin dekanı təyin edildi. Həmin ilin payızında isə Əliövsət müəllimin həyatının ən vacib və əhəmiyyətli mərhələsi başlandı. Respublikanın o vaxtkı rəhbərliyi tərəfindən ona öz miqyasına görə nəhəng bir missiya - Azərbaycan tarixinin yazılması işini təşkil etmək və bu işə rəhbərlik etmək vəzifəsi həvalə edildi. Beləliklə, Əliövsət Quliyev öz həyatının baş əsərini yaratmağa başladı. Redaksiya heyəti müəyyən edildi, əsərin əsas konsepsiyası hazırlandı, Azərbaycan tarixinin planı tərtib edildi.

Üç cilddən ibarət bu salnamə üzərində işləyərkən Əliövsət Quliyevin istedadı və yüksək elmi yetkinliyi parlaq şəkildə təzahür etmişdir. Bu əsərin yaradılması üçün apardığı araşdırmalar sayəsində Ə.Quliyev Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra vacib problemlərin aydınlaşdırılmasına misilsiz töhfələr vermişdir. Onun yazdığı fəsillərdə tariximizin mühüm dövrlərinin bitkin mənzərəsi verilmiş, az öyrənilmiş məsələlərə işıq salınmışdır. Əliövsət müəllim üçcildliyin digər hissələrinin mətnini şəxsən özü yazmasa da, onların yaradılmasında ən fəal surətdə iştirak etmişdir. O, fəsillərin hamısını oxuyub redaktə edir, lazım gələndə bir söz uğrunda belə çarpışmaqdan çəkinmirdi.

On beş il nəhəng səylər tələb etmiş bu möhtəşəm əsər 1963-cü ildə tam başa çatdırıldı. Ən qədim çağlardan XX əsrin ortalarınadək olan dövrü əhatə edən üçcildlik "Azərbaycan tarixi" xalqın ixtiyarına verildi.

Sovet tarix elminin sərt konsepsiyalarının meydan suladığı bir şəraitdə bu cür üçcildliyin yaradılması alimlik və vətənpərvərlik hünəri idi. Əliövsət Quliyevin rəhbərliyi ilə yaradılmış bu nadir əsərdə irəli sürülən konsepsiyalar Azərbaycanda tarix elminin sonrakı inkişafının təməlində dayanmışdır.

...1961-ci ildə Ə.Quliyev Moskvada doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etdi, elə həmin il professor adına layiq görüldü. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilərkən Əliövsət müəllim artıq tarix elmi sahəsində təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından uzaqlarda tanınan məşhur bir alim idi. 80-ə qədər elmi əsərin müəllifi olan görkəmli tədqiqatçı Azərbaycan tarixinin problematik məsələləri, xüsusən Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi, Azərbaycan xalqının mənşəyi, Azərbaycanın XVI-XVIII əsrlər tarixi barəsində öz elmi sözünü demişdi. Həmmüəllifi olduğu "XIX əsrdə - XX əsrin əvvəllərində Azərbaycanda tarix elminin təşəkkülü və inkişafı", "Azərbaycan tarixşünaslığı (XX əsrin əvvəlləri)" əsərləri, ali və orta məktəblər üçün ilk "Azərbaycan tarixi" dərsliyi, müəllifi olduğu "Dünya xalqları" silsiləsindən "Qafqaz xalqları", "Cənubi Azərbaycanda milli azadlıq və demokratik hərəkat tarixindən (1941 - 1946-cı illər)", "Azərbaycan. Tarixi oçerk" əsərləri və digər tərqiqatları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Onun elmi redaktorluğu ilə onlarca kitab nəşr edilmişdir.

Əliövsət Quliyev öz zəhməti və istedadı sayəsində elmi fəaliyyət zirvələrini bir-birinin ardınca fəth etmişdir. O, 1952-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunun direktoru, 1967-1969-cu illərdə isə Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Bu elmi tədqiqat institutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi idarələrindən biri kimi tanınması, şübhəsiz ki, Əliövsət Quliyevin adı ilə bağlı idi. Çox geniş erudisiyası, tükənməz enerjisi, nadir təşkilatçılıq qabiliyyəti, böyük nüfuzu sayəsində o, Azərbaycan tarixçilərini eyni məqsəd naminə əlbir fəaliyyət göstərən vahid kollektiv şəklində birləşdirə bilmişdi. Əliövsət Quliyev tarix elminin və rəhbərlik etdiyi institutun əhəmiyyətini o qədər yüksəltmişdi ki, nazirlər, MK aparatının məsul işçiləri Elmi Şuranın iclaslarında iştirak etməyi özlərinə borc bilirdilər. Mühüm dövlət qərarları nadir hallarda institutla razılaşdırılmadan qəbul edilirdi.

Əliövsət Quliyev respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edirdi. O, Azərbaycan Ali Soveti Rəyasət Heyəti yanında Toponimika Komissiyasının ilk sədri olmuş, bu vəzifəni yerinə yetirərkən böyük təşkilati iş aparmışdı.

Görkəmli alim keçmiş SSRİ məkanında, eləcə də bir sıra xarici ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, doğma xalqının zəngin tarixi və mədəni irsini dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəməmişdir. Yeri gəlmişkən qeyd edək ki, Əliövsət Quliyev dünya əhəmiyyətli bir sıra tədqiqatların hazırlanmasında da fəal iştirak etmişdir. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilmiş, keçmiş sovet respublikalarında, Hindistanda, Çexoslovakiyada və başqa ölkələrdə çap olunmuşdur.

Zəngin elmi potensiala malik olan Əliövsət Quliyev gənc kadrların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Onun rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, həm də bir sıra xarici ölkələrdə namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir dəstəsi onun yetirmələridir.

Əliövsət Quliyev yüksək mənəvi keyfiyyətlərə malik olan bir insan kimi həmkarları, alim yoldaşları, dostları və yaxınları arasında çox böyük hörmət qazanmışdı. O, Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmişdi, son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar şəxsiyyət idi.

Əliövsət Quliyevdə ədəbi yaradıcılığa da güclü meyil var idi. Elm və mədəniyyətimizin müxtəlif problemləri ilə bağlı mətbuatda tez-tez məqalələrlə çıxış edirdi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Ağır xəstə olanda da qələmini yerə qoymur, son nəfəsinə qədər yazıb-yaradırdı.

Qədirbilən Azərbaycan xalqı onun tarixini öyrənməyi öz qısa ömrünün mənasına və məqsədinə çevirmiş, xalqın özünü dərk etməsi, şərəfli keçmişinə nəzər salması üçün nəhəng səylər göstərmiş Əliövsət Quliyevi heç vaxt unutmur. Böyük alim və ictimai xadimin xatirəsinə hörmət əlaməti olaraq Bakıda bir küçəyə onun adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Doğulub boya-başa çatdığı Salyan rayonunun Qızılağac kəndində küçələrdən biri onun adını daşıyır.

Əliövsət Quliyev elm mücahidi idi, o insanlardan idi ki, onların həyatı və əməlləri ölkənin salnaməsinə daxil olmuşdur. O, Azərbaycanın tarixinə düzgün baxışı müəyyənləşdirən, ifadə edən və yad təsirlərdən qoruyan ilk alim idi. Əliövsət Quliyev ölkəmizdə tarix elmini yüksək səviyyəyə qaldıraraq, elə ənənələr yaratmışdır ki, onlar bu gün də yaşayır və tarixçi alimlərin yeni nəsillərinin yetişməsinə xidmət edir.

"Azərbaycan"